AZ

NATO-da ilin ilk müdafiə nazirləri iclası başlayıb

NATO-da ilin ilk müdafiə nazirləri iclası başlayıb

NATO-nun 32 üzv ölkəsini bir araya gətirən ilin ilk Müdafiə Nazirləri İclası işinə başlayıb.

İclasın açılışında bəyanatla çıxış edən NATO-nun Baş katibi Mark Rutte "Bu gün çəkindirmə və müdafiə qabiliyyətimizi necə daha da gücləndirdiyimizi və uyğunlaşdırdığımızı, həmçinin Ukraynaya dəstəyimizi davam etdirməyi müzakirə edəcəyik" deyib.

Müttəfiqlərin müdafiə xərclərində əhəmiyyətli artım müşahidə olunduğunu qeyd edən Rutte, toplantıda çəkindirmə və NATO-nun müdafiə mövqeyinin gücləndirilməsi məsələlərinə toxunulacağını ifadə edib.

Rutte həmçinin Alyans daxilində müdafiə sənayesi bazasının möhkəmləndirilməsinə dair fəaliyyətlərin qiymətləndiriləcəyini vurğulayaraq, "Bütün bunlar cənubdan Uzaq Şimal və Arktika bölgəsinə qədər, şərqdən qərbə - bütün Alyans miqyasında ortaq təhlükəsizliyimiz üçün həyati əhəmiyyət kəsb edir", - deyə əlavə edib.

NATO-nun çəkindirmə və müdafiə üçün hər zaman vəzifə başında olduğunu vurğulayan Baş katib, Rusiyanın artan hərbi fəallığına və Çinin Uzaq Şimala yönələn marağına qarşı "Arktika Növbəsi" (Arctic Watch) təşəbbüsünə start verdiklərini xatırladıb.

İclasda 2025-ci il Haaqa Sammitində müdafiə xərclərinin artırılması ilə bağlı qəbul edilən qərarlar istiqamətində Ankarada keçiriləcək növbəti sammitin hazırlıq işləri nəzərdən keçiriləcək.

Ukraynaya dəstək məsələlərinin də müzakirə olunacağı toplantıya Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorov və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas da qatılacaq.

Seçilən
25
afn.az

1Mənbələr