AZ

Ana dilimizin saflığı: tarixi köklər və müasir çağırışlar

Bakı, 12 fevral, AZƏRTAC

21 Fevral – Beynəlxalq Ana Dili Günü ərəfəsində ana dilimizin saflığının qorunması məsələsi həm tarixi köklərimizə sadiqlik, həm də gələcək milli varlığımızın təminatı baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycan dilinin tarixi leksik qatında qorunub saxlanılan türk mənşəli arxaizmlər yalnız keçmişin dili deyil, eyni zamanda, müasir terminoloji ehtiyacların milli əsaslarla qarşılanması üçün ən etibarlı və mühüm mənbədir. Bu sözlər zamanla aktiv danışıqdan çıxsa da, öz semantik tutumunu, dərin fəlsəfi mahiyyətini və geniş ifadə imkanlarını itirməyib. Onların müasir Azərbaycan dilində yenidən işlək hala gətirilməsi dilin saflığının qorunmasına, milli söz ehtiyatının bərpasına və ən əsası, alınma terminlərdən asılılığın minimuma endirilməsinə xidmət edir. Bu proses dilimizi yad təsirlərdən təmizləməklə yanaşı, ona öz daxili, tarixi imkanları hesabına inkişaf etmək gücü verir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Xədicə Heydərova söyləyib. O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan dilinin strateji təhlükəsizlik konsepsiyasına dair baxışları bu məsələni sırf filoloji müstəvidən çıxararaq strateji-ideoloji bir mahiyyətə yüksəldir. Dövlətimizin başçısının 2025-ci ilin yekunlarına dair müsahibəsində və 2026-cı ilin yanvarındakı çıxışlarında vurğuladığı kimi, Azərbaycan dili dövlətçiliyin əsas atributlarından biri və milləti millət edən fundamental amildir. Dilin qorunması milli kimliyin qorunması ilə birbaşa şərtlənir; çünki dilin deqradasiyası milli şüurun zəifləməsi və dövlətçilik prinsiplərinin sarsılması deməkdir. Bu baxımdan, ana dilinin saflığı məsələsi artıq bir ideoloji təhlükəsizlik məsələsidir. Xarici sözlərin dilə nəzarətsiz daxil olması zənginləşmə deyil, milli dil strukturunun pozulmasıdır ki, bu da milli kimliyi “damcı-damcı” sarsıdır və uzunmüddətli perspektivdə ciddi təhlükələr yaradır.

Alim vurğulayıb ki, dilin saflığının qorunmasında “əcdadlarımızın əmanəti” anlayışı hər bir vətəndaşın qarşısında mənəvi borc kimi dayanır. Xalqımız tarixən müxtəlif imperiyaların tərkibində yaşamasına baxmayaraq, öz ana dilini qoruyub saxlamaqla böyük bir tarixi müqavimət və mənəvi dirəniş nümunəsi göstərib. Bu gün müstəqil dövlətin vətəndaşları olaraq ana dilini qorumaq məsuliyyəti daha da artıb. Onun sözlərinə görə, gənc nəsil dili müstəmləkə dövründə yaşayan nəsillərdən daha məsuliyyətlə qorumalıdır. Xüsusilə müstəmləkəçilik psixologiyasının fəsadlarından xilas olmaq, ana dilində danışmağı bir üstünlük və qürur mənbəyi kimi dərk etmək vacibdir. Xarici dildə danışmağı intellektual üstünlük hesab etmək milli natamamlıq kompleksi kimi qiymətləndirilir. Prezidentin qeyd etdiyi kimi, elmin ana dilində inkişafı terminoloji müstəqilliyi təmin edən əsas şərtdir. Əgər elmi dilimiz Azərbaycan dili olmasa, terminoloji sahə daim xarici dillərin və “yumşaq güc” alətlərinin təsiri altında qalacaq.

X.Heydərova vurğulayıb ki, bu strateji hədəflərə çatmaq üçün dilçilik elmi yalnız mövcud normanı təsvir etməklə kifayətlənməməli, dilin tarixi qatlarını dərindən araşdıraraq unudulan milli sözləri üzə çıxarmalıdır: “Məsələn, “məktub” yerinə Aşıq Qurbani irsində rast gəlinən, həm də rəsmi müraciət anlamını daşıyan “yazğu” sözü, ərəb mənşəli “təqdim etmək” yerinə klassik mətnlərimizdə (“Kitabi-Dədə Qorqud”, Nəsimi, Füzuli yaradıcılığında) ardıcıl müşahidə olunan “sunmaq” feili dilimiz üçün təbii alternativlərdir. Eləcə də “qanun” anlayışı üçün türk dövlətçilik düşüncəsini əks etdirən “törə”, “alim” üçün “bilgə”, “elm” üçün isə “bilim” kimi sözlərin işlədilməsi dilə milli konseptual çalar qazandırır. Mənəvi sahədə “şəxsiyyət” və “kamil insan” anlayışlarını ifadə edən “ərən” sözü dilimizin fəlsəfi dərinliyini nümayiş etdirir. Hərbi və inzibati sahədə isə “mühafizəçi” əvəzinə “qorçu”, “komendant” əvəzinə “qalabəyi” kimi dəqiq və milli ənənəyə uyğun leksik vahidlər mövcuddur”.

Müsahibimizin fikrincə, nəticə etibarilə dilin saflığının qorunması yalnız inzibati qadağalarla deyil, tarixi yaddaşın bərpası və elmi əsaslandırma ilə mümkündür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, AMEA-nın, xüsusən də Dilçilik İnstitutunun Azərbaycan dilinin inkişafında xüsusi rolu və məsuliyyəti var. Bizim vəzifəmiz “tarixi norma” anlayışını elmi dövriyyəyə gətirmək, klassik Azərbaycan türkcəsinin rəqəmsal korpusunu yaratmaq və milli leksik alternativlər bankını formalaşdırmaqdır. Dilimiz bizim milli müdafiə xəttimiz, mədəni suverenliyimizin əsas dayağı və gələcək müstəqilliyimizin qarantıdır. Bu xətti qorumaq hər bir vətəndaşın, xüsusən də ictimai rəyə təsir edən ziyalıların, jurnalistlərin və dilçi alimlərin mənəvi və strateji borcudur.

Alim əlavə edib ki, arxaik leksika dilin inkişafına mane olan “köhnə element” deyil, əksinə, müasir Azərbaycan dilinin milli ruhunu gücləndirən etibarlı bir təməldir. Bizim vəzifəmiz bu sözləri elmi şəkildə sistemləşdirərək müasir ünsiyyətə qaytarmaqdır. Çünki ana dilimizin saflığı bizim milli kimliyimizin və müstəqilliyimizin ən böyük rəmzidir.

Seçilən
11
1
azertag.az

2Mənbələr