“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Embajada de México en Azerbaiyán-da Meksikanın Azərbaycandakı səfiri Victoria Romero ilə görüş keçirib.
QHT.az xəbər verir ki, görüş zamanı ölkəmizdə minaların yaratdığı humanitar vəziyyət, mina qurbanlarının, xüsusilə mina partlayışları nəticəsində zərər görmüş qadın və uşaqların qarşılaşdığı sosial və psixoloji problemlər müzakirə olunub. Hafiz Səfixanov səfirə Azərbaycanın mina təhlükəsi ilə üz-üzə qaldığını, bu sahədə görülən işlər və təşkilatın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Səfir Victoria Romero bildirib ki, Meksikada mina problemi mövcud deyil və bu səbəbdən mina qurbanlarına rast gəlinmir. Bununla belə, Meksikanın minaların və kasetli silahların qadağan olunmasını nəzərdə tutan BMT Konvensiyalarının fəaliyyətində aktiv iştirak etdiyini və qlobal miqyasda bu problemin aradan qaldırılması istiqamətində səylər göstərdiyini vurğulayıb.
Görüşdə səfir imkanları çərçivəsində mina qurbanlarının, xüsusilə qadın və uşaqların problemlərini diqqətdə saxlayacağını qeyd edib. Sonda göstərilən qonaqpərvərliyə görə səfir Victoria Romeroya təşəkkür bildirilib.