AZ

“Uğursuzluq olanda problemi atda yox, özündə axtarmaq lazımdır” - Səid Musayevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Konkur - olimpiya növü və ən baxımlı atçılıq idman növlərindən biridir. Bu növdə süvari atla birlikdə maneələri dəf edir. Səid Musayev bu istiqamətlə təxminən 20 ildir məşğuldur və eyni zamanda məşqçilik fəaliyyəti göstərir. O, atların əhatəsində böyüyüb, çünki atçılıq idmanı onların ailəsində ənənədir. Musayev vaxtının demək olar ki, hamısını atlarla keçirir. Onlara sadəcə baxmaqla özlərini necə hiss etdiklərini və bu gün hansı əhval-ruhiyyədə olduqlarını anlayır.

İdman.Biz-ə müsahibəsində o, konkur haqqında hər şeyi, eləcə də atların xarakterini necə və harada göstərdiklərini danışıb.

- Konkurla məşğul olmağa necə başladınız?

- Atçılıq idmanı bizim ailə ənənəmizdir. Atam və babam da bu idman növü ilə məşğul olublar. Mən uşaqlıqdan atların yanında böyümüşəm, 14 yaşımda isə peşəkar şəkildə konkurla məşğul olmağa başlamışam. Bu, çox maraqlı idman növüdür: gənc atları böyütmək, onlarla birlikdə inkişaf etmək, maneələr üzərində məşq etdirmək. Bütün bunlar mənə böyük zövq verir. Üstəlik, konkur olimpiya növüdür.

- İlk atınızı xatırlayırsınız?

– Bəli, adi kənd atı idi. Ən sevdiyim atın adı isə "Nabob"dur. Mən ona mütəmadi qulluq etdiyim üçün o, məni hələ də tanıyır. Əgər at idmandan ayrılıbsa, onu sadəcə tərk etmək olmaz. Ömrünün sonunadək ona qayğı göstərmək lazımdır. Hər bir atın gündəlik gəzintiyə ehtiyacı var - hətta soyuq havada belə, minimum 40 dəqiqə.

- Konkurla məşğul olmağa hansı yaşdan başlamaq daha məqsədəuyğundur?

- Optimal yaş 9-10-dur. Yeni başlayanlara sakit və təcrübəli atlar veririk, çünki cavan ayğırlar start üçün həddindən artıq enerjili olurlar. Çox azyaşlı idmançılara (6-7 yaş) isə poni təqdim edirik ki, sadəcə gəzsinlər və qorxularını dəf etsinlər.

- Azərbaycanda konkur üçün at yetişdirilirmi?

- Əlbəttə. Mən 2018-ci ildən bəri özüm yetişdirdiyim atlarla yarışlarda çıxış edirəm. Amma əsasən atları Fransa, Niderland və Almaniyadan gətiririk. Alman atları dünyada ən yaxşı hesab olunur və Almaniyada konkur üzrə yarışların böyük əksəriyyəti keçirilir. Ora gedib atın məşqlərdə və startlarda necə işlədiyini izləmək mümkündür. Bizim üçün əsas göstəricilərdən biri onun necə tullanmasıdır.

- Niyə yalnız yerli yetişdirməyə arxalana bilmirik?

- Bəzi klublarda yetişdirmə ilə məşğul olmaq imkanı yoxdur, çünki cütləşmə üçün madyanlar mövcud deyil.

- Atın qiyməti nə qədərdir?

- Qiymətlər çox fərqlidir. Amma bu, birmənalı şəkildə bahalı zövqdür, çünki konkur atları cins olur. Onlar xüsusi olaraq yarışlar üçün yetişdirilir və adi atlarla müqayisədə daha güclüdürlər. Ümumiyyətlə, atçılıq idmanı kifayət qədər xərc tələb edir.

- Qarabağ atlarından konkurda istifadə olunurmu?

- Xeyr, onlar yalnız milli idman növlərində - çövkən və cıdırda istifadə olunur. Qarabağ atları daha çevik və dözümlü olsalar da, boy və bəzi digər parametrlərə görə konkur üçün uyğun deyillər.

- Konkurda ayğır və madyan arasında fərq varmı?

- Xeyr. Əsas məsələ güclü nəsil şəcərəsi və qorxunun olmamasıdır. Bəzi atlar (bəzən ən güclüləri belə) uğursuzluqlarını yadda saxlayır və sonradan müəyyən elementləri yerinə yetirməkdən çəkinirlər. Onlarla nəticə qazanmaq çətindir. Amma bəzən idmançının sayəsində heyvan etibar etməyə başlayır və qorxu aradan qalxır. Təcrübəli süvari istənilən atla işləyə bilər – sadəcə zaman lazımdır. Pis at olmur, hazırlıqsız idmançı olur. Əgər uyğunluq ümumiyyətlə alınmırsa, idmançıya başqa at seçilir.

- Sizin çoxlu atınız var – çempionlar və daha az təcrübəlilər. İdmançılar ən yaxşı atı istəmirlər?

- Açığı, idmançılardan bunu soruşan olmur (gülür). Ən yaxşı atı almaq üçün onun səviyyəsinə uyğun olmaq lazımdır. Hərəkətləri düzgün idarə etmək və atın hər şeyi zövqlə yerinə yetirməsinə nail olmaq çox vacibdir. Özünün yetişdirdiyin atın tullanmağı öyrəndiyini və uğurlarına sevindiyini görmək inanılmaz hissdir.

Atlar çox həssasdır. Əgər insan qorxursa, at dayana bilər. Özünə inam hiss edərsə, işləyəcək. Hər şey hisslər səviyyəsində baş verir. Süvari duyğular vasitəsilə ata nə etməli olduğunu ötürür və o da itaət edir. Amma nəticəyə heç vaxt zorakılıqla nail olmaq olmaz.

- Bu cür qarşılıqlı anlaşmaya nail olmaq üçün nə qədər vaxt lazımdır?

- İllər. Hər at fərdidir və hərəsinə fərqli yanaşma lazımdır. Burada tələsmək olmaz. Atlarla hər gün işləmək lazımdır. Bir gün məşqsiz qalmaq üç günə bərabərdir, üç gün isə on günə. Elə atlar var ki, bir gün fasilə bir neçə aylıq işin nəticəsini sıfıra endirir.

- Bəs idmançı zədə alarsa və atla məşğul ola bilməzsə?

- Belə halda biz atı mütləq gəzməyə çıxarırıq və ya onu başqa idmançıya trotu və çapma üçün veririk. Amma başqa atın üzərində tullanmağa icazə vermirik, çünki hər idmançının öz texnikası var və at ona öyrəşib.

- İdmançının illərlə işlədiyi at birdən-birə ona qarşı aqressiv ola bilərmi?

- Səbəbsiz belə hal olmur. Əgər qəfil pis tullanmağa başlayırsa və ya qəribə davranırsa, deməli, haradasa ağrısı var. Atların bir xüsusiyyəti var: məsələn, sağ ayağı ağrıyırsa, tam sıradan çıxana qədər yükü məhz onun üzərinə salacaqlar. Əgər görürüksə ki, altı maneədən beşində yük eyni ayağa düşür, dərhal baytara müraciət edirik ki, atı müayinə etsin.

- Atların da idmançılar kimi psixoloqları, masajçıları, həkimləri varmı?

-Psixoloq barədə deyə bilmərəm (gülür). Amma ümumilikdə atın demək olar ki, hər problemi gəzinti ilə həll olunur – onlar qapalı məkanda dayanmağı sevmirlər. Həkimlər və masajçılar isə, əlbəttə, var. İdmançının özü də prosesdə fəal iştirak etməlidir: atı yumaq, qidalanma rejiminə nəzarət etmək, yemləmək. Düzgün qidalanma forma və nəticələr üçün vacibdir. At artıq çəki yığarsa, zədə riski artır. Vitaminləri vaxtında vermək lazımdır. Rasiona arpa, alma, kök, ot daxildir – hər biri müəyyən saatlarda verilir.

- Atlardan çox danışdıq, bəs konkurçu hansı keyfiyyətlərə malik olmalıdır?

- İlk növbədə psixoloji baxımdan düzgün köklənməlidir. Bəzi idmançılar əsəbiləşir və bunu atın üstünə tökür – biz belələrini dərhal kənarlaşdırırıq. Nəsə alınmırsa, problemi özündə axtarmaq lazımdır. Əmri ata biz veririk, at bizə yox.

- Konkurçu üçün trenajor zalı vacibdirmi?

- Atçılıqda bu həmişə effekt vermir. Qolları həddindən artıq gücləndirsən, gərgin və kobud olur, idmançı cilovu və atla təması hiss etmir. Peşəkar süvari atın ağzına neçə qram təzyiq göstərdiyini dəqiq bilməlidir. İdeal halda hər əl üzrə bu, 300-400 qramdan çox olmamalıdır. O zaman at istiqaməti hiss edir. Konkurçu qaça, fiziki formasını qoruya bilər. Amma kiloqramlar xüsusi rol oynamır, əsas məsələ öz bədənində komfort hiss etməkdir.

- Yarışlara keçək. At neçə il idmanda qala bilər?

- İdman atları 4-5 yaşdan məşqə başlayır, 8-9 yaşda isə tam formalaşır. Yarışlarda 10 il və daha çox çıxış edə bilərlər. Bizdə 21 yaşında starta çıxan at var, halbuki karyerasına 5 yaşında başlayıb. Düzgün qulluq olarsa, yaş maneə olmur.

- Yarış xaricdə keçirilərsə, atın daşınması necə həyata keçirilir?

- Atı avtomobillə və ya təyyarə ilə daşımaq mümkündür. Yol xüsusilə gənc atlar üçün stressdir. Səfər zamanı çəki itirir, formasını itirirlər. Buna görə yarış yerinə 1-3 ay əvvəl getmək və orada məşq etmək məsləhətdir. Məşqlər zamanı sakitlik olmalıdır, musiqi səsləndirilərsə, çox zəif olmalıdır.

- At məşq etdiyini və ya starta çıxdığını anlayırmı?

- Yüz faiz. Onlar da qalib gəlmək istəyirlər. At yaxşı tullandıqda oynamağa, sevinməyə başlayır, hətta bir qədər “özünü göstərir”. Axı onlar canlı varlıqlardır. Dediyim kimi, 8-9 yaşda formalaşır və güclərini hiss etməyə başlayırlar.

- Qələbə zamanı idmançılar mükafat alır. Bəs atlar?

- Kök (gülür).

- Heç olmasa çempion atların tövlədə şəraiti daha yaxşı olur?

- Xeyr, belə şey yoxdur. Hamısına eyni münasibət göstəririk.

- Azərbaycanda konkurun inkişafı barədə nə deyə bilərsiniz?

-Əvvəllər bu idman növü barədə demək olar ki, heç nə bilmirdilər. İndi maraq ildən-ilə artır, xüsusilə qızlar arasında. Bizdə artıq 8 yaşlı qız yarışlarda çıxış edir.

Əlbəttə, uşaqları kiçik yaşdan atlara alışdırmaq yaxşı olardı. Məsələn, Almaniyada uşaqları uşaq bağçasından atları yemləməyə və təmizləməyə aparırlar.

- Valideynlər uşaqlarını bu idman növünə yazdırmaqdan çəkinmirlər?

- Çoxları həqiqətən narahat olur, təhlükəli hesab edir. Amma məşqə gələndə özləri deyirlər: “Uşağıma artıq tullanmağı öyrədin, yarışda iştirak etsin”. Xoşbəxtlikdən, bizim klubda ciddi insident olmayıb. Adətən yıxılmalar məşqçi olmadan məşq edəndə baş verir.

- Bu bahalı idman növüdür. Klublar maliyyə dəstəyi göstərir?

- İdmançı artıq yarışlara çıxanda klub bütün xərcləri öz üzərinə götürür. Əgər uşağın potensialı varsa, məşqləri ödənişsiz də keçirə bilərik.

- Azərbaycanda konkurçuların səviyyəsini necə qiymətləndirirsiniz? Olimpiadada idmançılarımızı görə biləcəyikmi?

- Əlbəttə, niyə də yox. Mən özüm hazırda Almaniyaya məşqlərə gedirəm, növbəti Olimpiadaya hazırlaşıram. Bizdə hər ay yarışlar keçirilir. Bir çox regionlarda, kəndlərdə insanların atları var. Azərbaycanda atdan qorxmurlar - xüsusilə xarici ölkələrlə müqayisədə. İdmançılarımız inkişaf etməyə davam etməli və ən əsası, yaxşı məşqçilər tapmalıdırlar. Təməl düzgün qoyulmalıdır.

İdman.Biz
Seçilən
32
1
idman.biz

2Mənbələr