AZ

“Xəyanət et” deyən, içkiyə dəvət edən psixoloqlar var MÜSAHİBƏ VİDEO

ain.az, Olke.az saytına istinadən bildirir.

Son illər psixoloji sağlamlıq mövzusu cəmiyyətdə daha çox müzakirə olunur. İnsanların terapiyaya marağı artsa da, doğru mütəxəssis seçimi, sosial medianın təsiri, artan təşviş və depressiya halları kimi məsələlər hələ də aktuallığını qoruyur. 

Klinik Psixoloq Elyaz Bornak ilə söhbətimizdə bu məsələlərdən danışmışıq.

Ölkə.az müsahibəni təqdim edir.

"Özlərini psixoloq kimi təqdim edirlər..."

-  Elyaz bəy, ölkəmizdə psixoloji xidmətlərin səviyyəsi sizi qane edirmi?

-  Azərbaycanda psixologiyanın səviyyəsi getdikcə yaxşılaşır. Məncə, bu, olduqca ümidvericidir. Əvvəllər insanlar bu sahəyə daha səthi yanaşırdılar. Hazırda isə psixoloqun və terapiyanın nə qədər vacib olduğunun fərqindədirlər. Bu gün ölkəmizdə etik qaydalara riayət edərək seanslar aparan peşəkar psixoloqlar mövcuddur.

Bununla yanaşı, bəzən etik olmayan hallarla da rastlaşmaq mümkündür. Elə şəxslər var ki, psixologiya sahəsində ixtisaslaşmadıqları halda özlərini psixoloq kimi təqdim edirlər. Bəzi hallarda kimin hansı sahədə fəaliyyət göstərməli olduğu məsələsinə yetərincə diqqət yetirilmir və mütəxəssislər bir-birinin səlahiyyətlərinə müdaxilə edirlər. Halbuki ideal yanaşma ondan ibarətdir ki, hər mütəxəssis yalnız öz ixtisası üzrə çalışsın və yalnız uyğun pasiyentləri qəbul etsin. Bu zaman həm mütəxəssis, həm də pasiyent üçün daha müsbət nəticələr əldə olunur. Sevindirici haldır ki, ölkəmizdə öz üzərində çalışan, daim inkişaf edən yeni nəsil psixoloqlar da var.

-  İnsanlar psixoloq seçimində yanılmamaq üçün nələrə diqqət etməlidirlər?

-  İnsanlar psixoloq seçərkən çox vaxt tərəddüd yaşayırlar. Bəzən bəzi mütəxəssislərin cəlbedici fikirlərinə inanaraq onlara müraciət edirlər. Halbuki terapiya seansları fərdi və məxfi xarakter daşıyır. Psixoloq seçərkən onun təcrübəsinə, harada çıxış etdiyinə, hansı elmi kitabları yazdığına, akademik baxımdan özünü necə inkişaf etdirdiyinə diqqət yetirilməlidir. Bəzi psixoloqlar mövzulara olduqca səthi yanaşır. Psixoloqun elmi dildə və əsaslandırılmış şəkildə danışması onun daha çox məqalə oxuduğunu və öz üzərində işlədiyini göstərir. Digər vacib məqam isə ondan ibarətdir ki, psixoloq yalnız maddi qazanc məqsədi güdməməlidir. Təəssüf ki, bəzi hallarda seansların əsassız şəkildə uzadıldığı müşahidə olunur. Halbuki terapiyanın müəyyən bir müddəti və mərhələləri var.

Pasiyentin psixoloqdan harada təhsil aldığını, neçə il təcrübəsinin olduğunu, hansı psixoloji pozuntular üzrə daha çox müsbət nəticələr əldə etdiyini və seansların müddətinin nə qədər davam edəcəyini soruşmaq hüququ var. Bu məlumatlar pasiyent üçün son dərəcə önəmlidir. Təcrübəli psixoloqlar isə adətən bu sualları gözləmədən, əvvəlcədən açıqlayırlar.

-  Psixoloq, psixoterapevt, psixiatr, nevroloq, nevropatoloq - bunların hansına hansı halda müraciət etməliyik?

-  İnsan psixologiyası çox geniş bir sahədir. Elə hallar olur ki, problemin mənbəyi bədəndə olur. Məsələn, insan səbəbini anlamadığı baş ağrıları hiss edir, həkimə müraciət edir və həkim bildirir ki, problem fiziki deyil. Bəzən ürək güclü şəkildə döyünür. Əgər bədəndə hər hansı fiziki problem varsa, adətən nevroloqa müraciət etmək lazımdır. Bəzi hallarda isə problem daha ağır ola bilər. Yəni şəxs özünə ziyan verə və ya başqasına zərər yetirə bilər. İntihar riski də mövcud ola bilər. Belə məqamlarda tövsiyə edirik ki, mütləq psixiatra müraciət edilsin.

Amma uzunmüddətli problemlər zamanı insanlar bəzən psixiatra gedib dərman qəbul etsələr də, bir müddət sonra dərmansız şəkildə özlərini yaxşı hiss etmək istəyirlər və dərman istifadəsindən imtina edirlər. Belə hallarda klinik psixoloqa müraciət etmək daha məqsədəuyğundur. Amma ciddi bir problem yoxdursa, ümumi psixoloqa müraciət etmək olar. Əgər bir şəxs problem yaşayırsa, ilk olaraq klinik psixoloqa müraciət edə bilər. Klinik psixoloq vəziyyəti dəyərləndirir və lazım gələrsə, pasiyenti ya psixiatra, ya da nevroloqa yönləndirir. Klinik psixoloqların əsas vəzifəsi problemin şiddət dərəcəsini müəyyənləşdirməkdir. Əgər vəziyyət ağırdırsa, pasiyent psixiatra yönləndirilir. Əgər əsas problem bədəndədir, məsələn, baş ağrıları davamlıdır və keçmirsə, əsəblər yerində deyilsə, bu zaman nevroloqa yönləndirilir. Nevroloqların isə məsələyə daha çox tibbi aspektdən yanaşdıqlarını görürük. Onlar da bir həkim kimi pasiyentə lazımi və effektiv dəstək göstərə bilirlər.

-  Sosial psixoloqla klinik psixoloq, psixiatrla psixoterapevt arasında hansı fərqlər var?

-  Psixoloqlar daha uzun müddət psixologiya oxumuş mütəxəssislərdir. Klinik psixoloqlar təxminən 8-9 il psixologiya oxuyurlar. Psixiatrlar adətən həkimdirlər, 2-4 ilə yaxın psixoloji təlimlər görürlər. Psixiatrlar pasiyentə dərman verə bilir, amma klinik psixoloqların buna haqqı yoxdur. Klinik psixoloqun hətta buna fikir bildirmək haqqı belə yoxdur. Klinik psixoloq ancaq yalnız ruh və psixoloji cəhətdən dəstək ola bilir.

"Bütün psixoloqların travması var..."

-  Hansısa bir psixoloqun psixoloji travmaları varsa, ona müraciət edən birinə kömək edə bilərmi?

-  Hansı psixoloqun travması yoxdur? Biz elə bilirik ki, psixoloqların travması yoxdur, bu, məncə, böyük yalan olar. Bütün psixoloqların travması var. Travma o zaman yaranır ki, insanın psixoloji tutumunu aşan bir hadisə baş verir. Bütün psixoloqların şəxsi həyatı və problemləri var. Klinik psixoloqlar və psixoloqlar mütləq terapiya almalıdır. Çünki onların da travması var. Klinik psixoloqların özləri terapiya aldıqları üçün başqalarına da kömək edə bilirlər. 

Psixologiyada “ikinci travma” deyilən bir termin var. Bəzən psixoloq terapiya zamanı elə şeylər eşidir ki, nə qədər peşəkar olsa da, özü də travma ala bilir. Daha peşəkar psixoloqlar bu təsirdən nisbətən az zərər görürlər. Ziqmund Freydin bu mövzuda bir fikri var: terapevtlərin terapiyaya başlamazdan əvvəl özlərinin terapiya alması yaxşıdır. Psixoanalizdə bu, bir qayda hesab olunur - siz terapiya almadan başqasına kömək edə bilməzsiniz. Buna görə də terapevtlərin mütləq şəkildə 2–3 həftədə bir və ya ayda bir dəfə terapiyaya qoşulması tövsiyə olunur.

-  Yanlış psixoloq seçimi insanın psixoloji vəziyyətinə hansı zərərləri verə bilər?

-  Ən pisi güvən itkisinin yaranmasıdır. Elə bir kütlə var ki, biz onlara kömək etməkdə çətinlik çəkirik. Çünki onlar dəfələrlə yanlış psixoloqlara müraciət etmiş pasiyentlərdir və artıq güvənə bilmirlər. Bəzən pasiyenti içkiyə dəvət edən psixoloqlar olur. Xəyanətə uğramış bir şəxsə “get, sən də et” deyənlər də var. Belə hallarda problem bir olanda daha da böyüyür. Qeyri-etik yanaşma bəzən pasiyenti hətta intihara qədər sürükləyə bilər. Təcrübəsi az olan bəzi psixoloqlar isə pasiyentə yol göstərməyə çalışırlar. Bu isə etik deyil. Pasiyentə “bunu et, bunu etmə” demək onu asılı vəziyyətə salır. Ondan sonra pasiyent davamlı şəkildə gəlib soruşur: “Nə edim?” Biz isə pasiyentə seçim edə bilmə gücü veririk. Onda güc və cəsarət yaradırıq ki, öz həyatının idarəsini öz əlinə alsın. Bizim məqsədimiz odur ki, hər insan son seansdan sonra özünün psixoloqu olsun. Ən ziyanverici psixoloq isə elə şərait yaradan psixoloqdur ki, pasiyent davamlı olaraq onun yanına gəlməyə məcbur qalsın.

"Koçlar və ya NLP mütəxəssisləri psixoloji pozuntular üzərində işləyə bilməzlər..."

-  Son dövrlər sosial mediada özünü psixoloq, yaşam koçu və ya şüuraltı terapist kimi təqdim edənlərin sayı artıb. Bu tendensiyanı siz necə qiymətləndirirsiniz?

-  Koçluğun çox müsbət tərəfləri var. Ancaq bəzən elə koçlarla rastlaşıram ki, psixoloji pozuntularla işləmək istəyirlər. Problem də məhz burada yaranır. Əslində problem koçların özü və ya motivatorlar deyil. Problem ondadır ki, bəzi insanlar və bəzi mütəxəssislər öz sahələrindən kənara çıxaraq xidmət göstərməyə başlayırlar. Bu, sanki mənim klinik psixoloq olaraq dərman sahəsinə girməyim və dərman tövsiyə etməyim kimidir. Problem də burada yaranır. Hər kəsin öz sahəsi var. Koçlar çox gözəl dəstək ola bilərlər. Mən özüm də bəzən yönləndirirəm. Məsələn, koçların işi ondan ibarətdir ki, normal bir insanın şəxsi həyatında inkişaf etdirə biləcəyi bacarıqları gücləndirsinlər. İnsanlar münasibətlərdə problem yaşayanda, cütlüklər ünsiyyət qura bilməyəndə, birlikdə necə davam edəcəklərini bilməyəndə və ya valideynlər uşaqlarına necə dəstək olacaqlarını bilməyəndə bu sahədə koçlar faydalı ola bilirlər. Bəli, uşaq psixoloqları da bu mövzuda dəstək verir, amma koçların da üstün cəhəti odur ki, bəzi bacarıq və məharətləri çox gözəl şəkildə öyrədə bilirlər. Mən də məhz bu hallarda mütləq yönləndirirəm.

Mən yaxşı koçlar da tanıyıram. Amma unutmaq olmaz ki, koçlar və ya NLP mütəxəssisləri psixoloji pozuntular üzərində işləyə bilməzlər. Onlar həssas nöqtələri bilmədikləri üçün vəziyyəti fərqində olmadan daha da ağırlaşdıra bilərlər. Təəssüf ki, belə hallar mənə gəlib çıxır. Məsələn, şizofreniya əlamətləri olan pasiyentim olub ki, NLP mütəxəssisi onunla işləməyə davam edib. Halbuki onun heç bir haqqı yoxdur. Əksinə, vəziyyəti daha da pisləşdirib və insan bunu yaşamış olub. Pasiyentim çox pis vəziyyətdə mənə müraciət etmişdi. Əgər o güvən itkisi yaşanmasaydı, daha tez yardım ala bilərdi. Biz uzun müddət onun etibarını yenidən qazanmaq məcburiyyətində qaldıq.

Ona görə mən mütləq tövsiyə edirəm həm koçlara, həm mütəxəssislərə, həm də bu sahədə çalışan hər kəsə. Motivator kimi işləyənlər də var, gözəl motivasiya verirlər, bu, çox yaxşıdır. Amma hər şey yerində və doğru insana görə olmalıdır. Əgər hiss edirsinizsə ki, qarşı tərəfin problemi var, pozuntusu var, özünə və ya uşağına zərər verir, özünə zərər vermə riski mövcuddur və siz uzun müddətdir onunla işləməyinizə baxmayaraq yaxşılaşma görmürsünüz, əksinə, daha dərin problemlər ortaya çıxırsa, onu mütləq klinik psixoloqa və ya psixiatra yönləndirmək lazımdır. Bu həm pasiyentin xeyrinədir, həm də sizin işinizin etibarını artırır. Ona görə mən həm pasiyentlərə, həm də bu mövzuda danışanlara tövsiyə edirəm ki, ilkin mərhələdə bunu keçməsinlər. İcazə verin, klinik psixoloq olaraq mən yönləndirim və ehtiyac olduqda doğru mütəxəssisə çatdıraq.

"Uşaq nə qədər sakitdirsə, deyilir ki, “yaxşı uşaqdır”..."

-  Son aylarda insanlarda ən çox müşahidə etdiyiniz psixoloji problemlər hansılardır? Və pasiyentlər sizə daha çox hansı mövzuda şikayət edir?

-  Adətən statistikaya baxsaq deyə bilərəm ki, ən çox rast gəlinən psixi pozuntular təşviş pozuntuları və depressiyadır. Təşviş pozuntuları hazırda ən çox görülən problemlər sırasındadır. Bundan əlavə, əhvali-ruhiyyənin pozulması da geniş yayılıb. Utancaqlıq məsələsinə gəldikdə isə, bu Azərbaycanda da tez-tez rast gəlinən bir haldır. Bizim cəmiyyətdə uşaqları daha səssiz, utancaq olmağa təşviq edirlər. Uşaq nə qədər sakitdirsə, deyilir ki, “yaxşı uşaqdır”. Amma bu, bəzən sosial təşvişin əlaməti ola bilər. Uşaq təhlükə hiss edir, danışmaqdan çəkinir. Bu, tərbiyə və ya sadəcə utancaqlıq deyil. 

Cütlüklər də mənə çox müraciət edirlər. Çünki cütlüklərdən birində təşviş problemi varsa, bu mütləq şəkildə digər tərəfə də təsir edir. Ona görə də çox vaxt hər iki tərəf birlikdə müraciət edir ki, bu da müsbət haldır. Ən çox rast gəldiyimiz problemlər təşviş, depressiya, obsessiv-kompulsiv pozuntu (OKP) və yemək pozuntularıdır. 

-  Sizcə, hazırkı dövrdə insanların psixoloji dözümlülüyü niyə bu qədər zəifləyib?

-  Bunu ümumiləşdirib “hamı yaşayır” demək düzgün olmaz. Ancaq deyə bilərik ki, bu problemlərin səviyyəsi artıb. Bu fikirlə tam razıyam. Keçmişdə insanlar bu qədər çox təşviş yaşamırdı. Adətən psixoloqların belə yaşadığı təşvişlər vardır. İndi isə artıq adi insanlar da bunu yaşayır. Bunun əsas səbəblərindən biri sosial mediadır. Sosial şəbəkələrin müsbət tərəfləri çox olsa da, eyni zamanda çox güclü bir təsiredicidir. Təxminən 100 il əvvəl insanlar daha sadə həyat yaşayırdılar: öz işi ilə məşğul olur, təsərrüfatla, əkin-biçinlə və ya başqa sahələrlə məşğul idilər. Hər kəs əsasən öz həyatı ilə maraqlanırdı.

Sosial media nəyi dəyişdi? İnsanlar özlərini bir-biri ilə müqayisə etməyə başladılar. Müqayisə isə hazırda yaşadığımız ən böyük problemlərdən biridir. İnsan öz gündəlik işində oturub baxır ki, başqası haradasa istirahət edir, həyatını yaşayır kimi görünür. Halbuki biz onun pərdə arxasında nə yaşadığını görmürük. O insan bəlkə bütün ili işləyib, üç günlük tətilə gedib. Cütlüklər problemlər yaşayır, çətinlik çəkirlər, amma kamera qarşısında bunu göstərmirlər. Hətta saxta gülüşlər belə insanları aldadır. Sosial mediada çoxlu “ideal həyat” təqdim edən fenomenlər var: uşaqları ilə xoşbəxt ailə, mükəmməl münasibətlər. Amma pərdə arxasında nələr yaşandığını bilmirik.

Problem ondadır ki, insanlar kamerada gördüklərinə inanırlar. Elə bilirlər ki, o insanlar daim xoşbəxtdir, həyatları problemsizdir. Müqayisə əsas problemlərdən biridir. Digər tərəfdən isə dünyada ciddi iqtisadi və siyasi gərginliklər, müharibələr var. Xüsusilə Orta Şərqdə yaşanan hadisələr bizə də çox təsir edir. Xəbər şəbəkələrinin bəziləri balansı qorumağa çalışır, arada müsbət xəbərlər də verir. Bununla yanaşı, bəzi hallarda maraq daha çox cinayət və neqativ xəbərlərə yönəlir. İnsan yalnız bu xəbərləri izləyirsə, əhvali-ruhiyyəsi çökür. Dünya ona təhlükəli, yaşamağa dəyməz bir yer kimi görünür. Bəzən insanlar fəlsəfi boşluğa düşürlər. Deyirlər ki, “dünya çox mənfidir, hər kəs bir-biri ilə küsdür”. Halbuki bu tam reallıq deyil. Ona görə mən deyirəm ki, sosial mediada balans qurmaq lazımdır. Bəzən xəbərlərlə yanaşı, müsbət, yüngül, maraqlı səhifələr izləmək lazımdır. Əgər insan daim mənfilərə fokuslanarsa, həyat onun üçün mənasını itirər. Bu gün insanların ən böyük səhvlərindən biri sosial mediada yalnız mənfilərə yüklənmək, ikincisi isə özlərini ideallaşdırılmış həyatlarla müqayisə etməkdir. Bəzən isə insanlar öz psixi sağlamlığını dəyər verməyə də bilir.

"Həyatımızın sürəti də artıb..."

-  Panik atak niyə son illər daha çox yayılıb?

-  Bunun bir neçə səbəbi var. Ya yuxu rejimi tamamilə pozulur, yuxu keyfiyyəti zəifdir, insan tez-tez oyanır. Ya da səhər yuxudan yorğun halda qalxır. Yuxudan oyanan kimi dərhal oturur və neqativ düşüncələr başlayır. Gecə yuxuya getməli olduğu halda, oturub sosial şəbəkələrdə gəzir. Beyin sakitləşmir. Beyin sakitləşməyəndə özünü hər an təhlükədə hiss edir. Panik atak özünüqoruma mexanizmidir və sanki insana deyir ki, “təhlükədəsən”. Düşünün ki, insan yaxşı yatmır, qidalanması düzgün deyil. Fəstfud, enerji içkiləri, spirtli içkilər qəbul edir. Bunlar hamısı bizim psixi sağlamlığımıza da birbaşa təsir edir. Bəzi qidalar enerji səviyyəsini həddindən artıq artırır. Bundan əlavə insanlar öz psixi sağlamlığına diqqət etmir. Özünü yüksək dərəcədə işlə məşğul edir. Özünə vaxt ayırmır, inkişaf etdirmir. Bütün bunlar üst-üstə yığılır. Bədən hər şeyə müəyyən bir həddə qədər dözür, sonra isə sanki “partlayır”. Və bu özünü panik atakla göstərir. İnsanlar bunu ona görə çox yaşayır. Eyni zamanda insanlar təşvişlərini və neqativ hisslərini bir-birlərinə də ötürür. Həyatımızın sürəti də artıb. Günlük həyat sürəti artdıqca, bədənin verdiyi xəbərdarlıqlar da artır. İnsan daim ətrafına baxmaq istəyir, sanki hər an nəsə pis bir şey baş verəcəkmiş kimi hiss edir.

-  Siz daha çox hansı müalicə üsuluna üstünlük verirsiniz, seanslara, yoxsa dərman müalicəsinə?

-  Hər ikisi yerində və vaxtında lazımdır. Ancaq psixi pozuntu ağır deyilsə, şəxsin həyatını tamamilə iflic etməyibsə, terapiyanı üstün görürəm. Mən öz təcrübəmdə adətən onu görəndə ki, həmin şəxs artıq terapiyadadır, amma təşviş səviyyəsi yüksəkdir, bu halda onu yenidən dərman müalicəsinə yönləndirirəm. Dərman faydalıdır - vaxtında və düzgün istifadə edildikdə faydalıdır. Terapiya da vaxtında faydalıdır. Mənim fikrimcə, bu iki proses paralel şəkildə getməlidir. Heç bir psixi pozuntu təkcə dərmanla həll olunmur. Hər bir psixoloji pozuntu iki hissədən ibarətdir: bədən və fikir. Dərman bədən hissəsinə təsir edir, fikirləri dəyişmir. Dərman insanı sakitləşdirir, rahat hiss etdirir. Amma dərman kəsildikdən bir-iki ay sonra, yenidən o mənfi düşüncələr geri qayıdır. Təşviş problemində insan elə bilir ki, çölə çıxanda “nəsə baş verəcək” düşüncəsi yaranır. Bəzən elə olur ki, dərman qorxunu sadəcə sakitləşdirir, amma qorxunun özü qalır. Dərman kəsiləndə isə insan özünü yenidən pis hiss edir. Ən böyük səhvlərdən biri də budur ki, insanlar 1-2 həftə, 2-3 ay dərman qəbul edib özlərini yaxşı hiss edən kimi müalicəni yarımçıq saxlayırlar. 

"Bizə də tez-tez deyirlər ki, “psixoloqların özləri də dəlidir”..."

-  İnsanlar psixoloqa müraciət etməyə niyə çəkinir?

-  Bunun fərqli səbəbləri ola bilir. Birincisi, el arasında dolaşan bəzi söhbətlər, bəzi cümlələr var. Məsələn, “Dəlisən ki, psixoloqa gedirsən?” ya da kimsə sizə tövsiyə edəndə ki, psixoloqa getmək istəyirsən, cavab verir ki, “Məndə problem yoxdur axı”. Yəni psixoloq anlayışı bəzən problem, dəlilik, pozuntu ilə eyniləşdirilir. Halbuki bu, həmişə belə olmur. Psixoloq sağlamlıq üçün də sizə dəstək olur. Mənim bir professorum var idi, deyirdi ki, mənə gələn valideynlər bəzən elə bir cümlə deyir ki, mən onları ödənişsiz qəbul edirəm. Deyirlər ki, “Bizim indi hər şeyimiz əladır, sadəcə istəyirik ki, uşağımız gələcəkdə sağlam böyüsün və sağlam bir şəkildə formalaşsın”. Bax, bu, çox önəmlidir. Belə hallar çox az olur, amma var. Biz onları ödənişsiz qəbul edirik ki, sadəcə sağlam bir uşaq yetişsin. İnsanlar bəzən terapiyanın necə olduğunu, terapiya seanslarının hansı mahiyyət daşıdığını bilmirlər. Bilmədikləri üçün də elə düşünürlər ki, terapiyada onları istəmədikləri şəkildə dəyişəcəklər. İnsan dəyişməkdən çəkinir. Dəyişmək qorxuludur və demək olar ki, hər insan dəyişməkdən qorxur. Elə bu qorxuya görə də düşünür ki, terapiyada onun istəmədiyi tərəflər dəyişdiriləcək. Halbuki terapiyada məqsəd həmişə dəyişmək olmur. Bəzən biz terapiyada qəbullanmağı öyrədirik. Bəzi xarakter xüsusiyyətlərini dəyişmək mümkündürsə, kömək edirik. Dəyişmək mümkün deyilsə, onunla yaşamağı, uyğunlaşmağı öyrədirik. Ən azından fərqindəlik yaranır.

Dediyim kimi, birinci səbəb bu etiketlərdir: “psixoloq dəlilər üçündür” kimi yanaşmalar. Bizə də tez-tez deyirlər ki, “psixoloqların özləri də dəlidir”. Bəzən cütlüklər gəlir, problem var, amma heç biri öz məsuliyyətini almaq istəmir. Deyirlər ki, problem ondadır, mənlik deyil. Bu da terapiyadan qaçmağa səbəb olur. Bəzən isə təəssüf ki, maddi səbəblər insanları çəkindirir. Görürəm ki, bəzi psixoloqlar sanki insanların onlara borcu varmış kimi çox yüksək qiymətlər qoyurlar. Düzdür, bizim verdiyimiz xidmət çox dəyərlidir və çox yorucudur. Terapiya həqiqətən yorucu bir xidmətdir. Amma bunun ortalama, məntiqli bir qiyməti olmalıdır. Elə yüksək qiymətlər qoyulur ki, insanlar ümumiyyətlə gəlmək istəmir. Ona görə mən öz seanslarımda həmişə ortalama, hətta bir az daha aşağı qiymətlər götürürəm ki, insanlar bir dəfə gəlməkdənsə, üç dəfə gələ bilsinlər. Yəni insanların terapiyaya tərəddüdlə yanaşmasının fərqli səbəbləri var. Amma ən önəmlisi fərqindəlikdir. Fərqindəlik artdıqca insanlar daha çox müraciət edir. Bir ailədə ən sağlam şəxslər terapiyaya gedir.

-  Psixoloji yardım gecikdirilərsə, hansı fəsadlar yarana bilər? 

-  Elə hallar olur ki, bir problemi qısa müddətdə - 4-5 seansda həll etmək mümkündür. Amma elə hallar da olur ki, biz o qədər gecikdiririk ki, artıq uzunmüddətli dəstəyə ehtiyac yaranır. Məsələn, depressiya əlamətlərini görən kimi terapiyaya başlamaq, problemi daha tez həll etməyə kömək edə bilər. Amma gecikdirdikdə insan ünsiyyəti itirir, işini itirir, heç nə etmək istəmir, evdən çıxmır və artıq həyatda çox şeyi itirmiş olur. Problem dərinləşir. Erkən psixoloji dəstək almaq bizə kömək edir ki, daha az fəsadla üzləşək, problem həyatımızda daha az ziyan vursun. Ailədaxili ünsiyyət pozulmur, işdə həmkarlarla münasibətlər korlanmır. Bəzən isə məsələ təkcə psixoloji deyil, fiziki fəsadlara da səbəb olur. Məsələn, stres hormonu olan kortizol uzun müddət yüksək səviyyədə qalanda bədənimizə ciddi təsir edir. Damar sisteminə, ürəyə təsir edir, infarkt və hətta ürək dayanmasına səbəb ola bilir. Beyin hüceyrələrinə təsir edir və bir çox başqa fəsadlar yaradır. Ona görə də psixoloqa və terapiyaya nə qədər tez müraciət etsək, həm ruhumuz, həm də bədənimiz bir o qədər sağlam olar.

"Travmaları silmək lazım deyil..."

-  Uşaqlıq travmalarını hansısa üsulla şüuraltından silmək mümkümdürmü?

-  Adətən travmaları silmək mümkün olmur. Biz necə deyə bilərik ki, mənim bədənimdə böyük bir yara olub, amma indi ondan heç bir iz qalmayıb? Edə bilmərik. Əgər travmanı bir qaba - məsələn, bir kasaya bənzətsək, yaponların bu mövzuda çox gözəl bir sənəti var. Yaponlar qədim zamanlarda sınan boşqabları, kasaları atmaq əvəzinə qızıl su ilə yapışdırırdılar. Sonradan bu yanaşma bir sənətə çevrildi və kintsugi adlandı. Travma da eyni şəkildə ola bilər. Əgər travmaya vaxt ayırmasaq, onu düzəltməsək, o, böyük və daim açıq qalan bir yara kimi qalacaq. Belə məqamlarda biz buna travma sonrası stres pozuntusu deyirik, yəni travmanın səbəb olduğu davamlı stres problemi. Amma əgər travmalar üzərində işləsək, terapiya dəstəyi alsaq və özümüzü inkişaf etdirsək, bu hal travma sonrası inkişaf mərhələsinə çevrilə bilər. Yəni travma hansı ki, biz ondan qaçırıq, qorxuruq əslində bizim ən güclü tərəfimizə, ən güclü versiyamıza çevrilə bilər. Sanki onu qızıl su ilə yenidən yapışdırırıq.

Travmaları silmək lazım deyil. Travmalar ya bizim çöküşümüz ola bilər, ya da bizi yuxarı qaldıran pilləkənlərə çevrilə bilər. Bunu seçən bizik. Mən və siz indi bu dəqiqə danışırıq və indiyə qədər yaşadığımız hər hansı bir problem, hər hansı bir travma varsa, bəli, biz onun qurbanı olmuşuq. Bunu qəbul edirəm. Amma əgər bundan sonra biz bu travmalar üzərində işləmək istəmiriksə, dəstək almırıqsa, artıq bu bizim seçimimiz olur. Biz seçirik ki, o travma bizi incitsin və həll olunmamış qalsın. Travmaların həlli mümkündür. Travma, dediyim kimi, həmişə bizim yaramız deyil. Travma bizim inkişaf etdiyimiz, ən güclü nöqtəmiz halına da gələ bilər. Sadəcə terapiya dəstəyi almaq lazımdır. 

-  Maskalı depressiyanın adi depressiyadan fərqi nədir? 

-  Biz adətən görürük ki, insanlar gülür, xoşbəxt hiss edir, özünü göstərir. Davamlı səyahətlərdədir, daim enerjilidir və ya həddindən artıq işləyir. Səhər-axşam işləyir, başqa heç nə etmir, sadəcə özünü işlə məşğul edir, mənfi şeylərdən qaçır, uzaqlaşır. Kənardan baxan deyir ki, necə xoşbəxtdir, nə qədər güclüdür, özünü nə qədər yaxşı idarə edir. Halbuki bu, bir maskadır. O maskanın arxasında dərin bir çöküş, dərin hüzn və kədər olur. O insan gülür, amma nədənsə ləzzət ala bilmir. Davamlı əylənir, əyləncələrə gedir, dostları ilə vaxt keçirir. Elə bir enerjisi var ki, gəzir, dolaşır, amma özünü xoşbəxt hiss etmir. Belə məqamlarda çox maraqlı bir vəziyyət ortaya çıxır: maskalı depressiya yaşayan insanların çoxu bu problemi əhval düşkünlüyü kimi yaşamır. Yəni özünü çökmüş hiss etmir. Bunun əvəzinə birdən-birə bədənində fiziki problemlər ortaya çıxır. Məsələn, davamlı baş ağrısı olur, boyun ağrılarından şikayət edir, ürək döyüntüləri yaranır, hətta ürək problemləri ortaya çıxa bilir. İnsan depressiyanı maskaladığı üçün bunun fərqində olmur. Depressiya birbaşa bədəndə özünü göstərir. Davamlı bel ağrıları olur. O qədər özünü işə verir ki, depressiyanı yaşamağa vaxtı qalmır və bu vəziyyət birbaşa bədənə təsir edir. İnsan bədəninin verdiyi siqnalları başa düşmür. Məsələn, səbəbini bilmədiyi ürək döyüntüləri yaşayır.

Maskalı depressiyada bəzən təşviş əlamətləri də görünür və bunun səbəbi də yenə maskalamaqdır. Əgər insan maskasız olsa, yəni hisslərini gizlətməsə, çox daha rahat ola bilər. Maskasız depressiyanı insanlar görür, bunun kövrək olduğunu anlayır və dəstək olmağa çalışır, mərhəmət göstərir. Amma maskalı depressiyası olan insanlar özlərini güclü göstərməyə çalışdıqları üçün ətrafdan empati görmürlər. Əksinə, ətrafındakı insanlar onların üzərinə daha çox yük qoyur. Bu da bir nöqtədən sonra ani çöküşə səbəb olur. Maskalı depressiyası olan insanlar bir yerə qədər gedə bilir, amma sonra birdən-birə ciddi xəstəliklərlə, hətta xərçəng kimi ağır problemlərlə üzləşə və artıq heç nə edə bilməyəcək vəziyyətə gələ bilirlər. Ona görə bu mövzuya çox diqqət etmək lazımdır. Əgər ətrafımızda depressiya əlamətlərini hiss ediriksə, mütləq dəstək almağımız lazımdır.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
olke.az

2Mənbələr