AZ

Beynin qocalmasını ləngidən zülal

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sinqapur Milli Universitetinin alimləri yaşlanma ilə zəifləyən neyron kök hüceyrələrinin fəaliyyətini qismən bərpa edə bilən DMTF1 adlı zülal aşkarlayıblar.

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri Science Advances (SciAdv) jurnalında dərc olunub.

Tədqiqat müəlliflərinin sözlərinə görə, yaş artdıqca neyron kök hüceyrələrinin aktivliyi azalır və bu da koqnitiv funksiyaların – yaddaş, düşünmə və öyrənmə qabiliyyətinin zəifləməsinə səbəb olur. Bunun əsas səbəblərindən biri telomerlərin – DNT-nin uclarında yerləşən qoruyucu hissəciklərin – hər hüceyrə bölünməsi zamanı qısalmasıdır.

Alimlər müəyyən ediblər ki, DMTF1 adlı transkripsiya faktoru neyron kök hüceyrələrinin böyümə və bölünməsini aktivləşdirir. Bu zülal Arid2 və Ss18 adlı iki köməkçi geni stimullaşdıraraq hüceyrələri yenidən aktiv dövrə qaytarır və yeni neyronların yaranmasını təmin edir. Maraqlıdır ki, DMTF1 səviyyəsinin artırılması telomerlərin uzunluğunu dəyişmədən onların qısalması problemini “dolayı yolla” kompensasiya etməyə imkan verib.

Təcrübələr laboratoriya şəraitində insan hüceyrələri və siçanlar üzərində aparılıb. Məlum olub ki, gənc beyində DMTF1 daha çox olur. Yaşlanan hüceyrələrə bu zülal əlavə edildikdə isə onların bölünmə və böyümə qabiliyyəti gənc beyin hüceyrələrinə xas səviyyəyə yaxınlaşıb.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf gələcəkdə yaşlanma ilə bağlı beyin funksiyalarının zəifləməsinin qarşısının alınması istiqamətində yeni müalicə üsullarının hazırlanmasına yol aça bilər.

Gülayə Mecid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
unikal.az

1Mənbələr