AZ

Yuri Vernidub effekti: "Neftçi" azarkeşləri səbirsizliklə gözləyir

Ötən yazımızda Yuri Vernidubun azarkeşlərə “Neftçi” qayıdır” mesajı barədə bəzi məqamlara toxunmuşduq. Paytaxt klubunun “Araz-Naxçıvan” üzərində inamlı qalibiyyətindən sonra “Qəbələ” ilə oyunda qələbə qazanacağına işarə etmişdik.

Bölgə təmsilçisini məğlub edən “Neftçi” növbəti matçında da bunun təsadüfi olmadığını sübut etdi. Bəziləri "Araz-Naxçıvan"nın daxili problemləri səbəbindən zəif çıxış etdiyini qeyd etsə də, Qəbələ təmsilçisi ilə oyun deyilənlərin əksini ortaya qoydu.

“Ağ-qaralar”ın azarkeşlərinin gözlədiyi oyunu sərgiləmə başlayıb. Ukraynalı mütəxəssis Yuri Vernidubun gəlişindən sonra "Neftçi" uğurlu seriyaya qədəm qoyub. 60 yaşlı baş məşqçi paytaxt təmsilçisini Azərbaycan Premyer Liqasında 5 oyuna çıxarıb və heç birində uduzmayıb - 3 qələbə, 2 heç-heçə.

Ölkə.Az-ın məlumatına görə, idman jurnalisti, Qol.Az saytının baş redaktoru Aydın Bağırov bildirib ki, "Neftçi" Vernidubun rəhbərliyi altında həm də baxımlı oyunu ilə diqqət çəkir. 

“Vernidub 2020-2022-ci ildə işlədiyi "Şerif"də Moldova futbolu üçün tarixi nəticəyə imza atıb. Tiraspol təmsilçisi məhz bu təcrübəli mütəxəssisin başçılığı altında 2021/22 mövsümündə Çempionlar Liqasının 4 təsnifat mərhələsinin hamısını adlayaraq o vaxtkı qrup mərhələsinə vəsiqə qazanıb. Bu, Moldova futbolu üçün bir ilk olub. "Real", "İnter" və "Şaxtyor" kimi komandalarla eyni qrupda yarışan Moldova çempionu 7 xal toplayaraq 3-cü yeri tutub, Madridin ikonası "Santyaqo Bernabeu"da isə "Real"ı məğlub edib. Həm də Don Karlonu - Müasir futbolun patriarxı Ançelottini”.

O vurğulayıb ki, "Neftçi"nin bu mövsümün sonunda avrokuboklara getmək şansı artıb: “Vernidub "Neftçi"ni qəbul edəndə paytaxt təmsilçisinin aktivində 14 oyundan cəmi 16 xal vardı. İndi xal ehtiyatı 27-ə yüksəlib və "Neftçi"nin bu mövsümün sonunda avrokuboklara getmək şansı artıb. Vernidub "Neftçi"ni özünə qaytarır və görünən budur ki, "ağ-qaralar" bu mövsüm hamıya ciddi başağrısı olacaq. Bəli, uzun illərdir "Neftçi"yə məhz belə məşqçi lazım idi. Klub rəhbərliyi illər sonra olsa belə doğru qərar verdi. İndi qalır bir məsələ - onun işinə müdaxilə etməyərək daim dəstək olmaq”.

Yada salaq ki, "Qəbələ" ilə matçdan sonra baş məşqçi Yuri Vernidubun “Qəbələ” ilə oyunsonrası belə demişdi: "İlk hissədə çox yaxşı oyun göstərdik, bir qol vurduq, hətta birini də vura bilərdik. “Qəbələ”nin isə belə bir fürsəti olmadı. İkinci hissədəki oyunumuza gəlincə, bu stadionda uzun müddətdir qələbə qazanmırdıq deyə, bəlkə, bu amilin də psixoloji təsiri oldu. Üstəlik, hesabda öndə olmağımız da buna səbəb ola bilər. Təbii ki, daha yaxşı oyun gözləyirdik. Futbolçulara demişdim ki, yolumuza bu cür davam etməyimiz üçün bu gün bizə qələbə lazımdır. Onlar da bunu bacardılar". 

Bununla ukraynalı mütəxəssis hələ də yolun başlanğıcında olduğunu söyləyir. "Ağ-qaralar"ın azarkeşlərinin artıq hər qarşılaşmanı səbirsizliklə gözləməyə əsasları var.

Miri
Ölkə.Az

Seçilən
66
1
olke.az

2Mənbələr