AZ

BMT: “Suriya rəhbərliyinə qarşı 5 sui-qəsd cəhdi olub”

AzVision.az xəbər verir ki, BMT-nin Antiterror İdarəsinin fevralın 11-də açıqlanan hesabatına istinad edən “Associated Press (AP)” agentliyinin məlumatına görə,Suriya prezidenti Əhməd əl-Şaraa və nazirləri son bir il ərzində ən azı beş uğursuz sui-qəsd cəhdindən sağ çıxıblar.

Bu siyahıya daxili işlər naziri Ənəs Həsən Xəttab və xarici işlər naziri Əsəd əl-Şibani daxildir. Prezidentə qarşı sui-qəsd cəhdləri Hələb və Dərada qeydə alınıb.

BMT ekspertlərinin məlumatına əsasən, sui-qəsd cəhdlərinə görə məsuliyyəti “Saraya Ənsar əl-Sünnə” qruplaşması öz üzərinə götürüb. Bununla belə, BMT ekspertləri əmindirlər ki, bu, sadəcə İŞİD üçün “pərdə” rolunu oynayan “çətir” təşkilatıdır.

“Belə proksi-qrupun istifadəsi terrorçulara eyni zamanda əməliyyat imkanlarını artırmaqla özünün “inandırıcı inkarını” qorumağa imkan verir. İŞİD 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaranmış “təhlükəsizlik boşluğu və qeyri-müəyyənlik dövründən” maksimum yararlanmağa çalışır”,- BMT-nin analitikləri vurğulayırlar.

Qiyam dalğasında Suriyada hakimiyyətə gələn “Həyat Təhrir əl-Şam” qruplaşmasının keçmiş lideri Əhməd əl-Şaraa hazırda İŞİD-in “bir nömrəli hədəfi” hesab olunur. Suriyanın yeni hökumətinin 2025-ci ilin noyabrında İŞİD-ə qarşı beynəlxalq koalisiyaya rəsmən qoşulmasından sonra vəziyyət gərginləşib.

BMT-nin iddiasına görə, dövlət rəhbərliyini fiziki cəhətdən aradan qaldırmaq cəhdləri radikal qrupların Suriyada sabitləşmə prosesini və yeni siyasi nizamı pozmaq niyyətindən xəbər verir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
108
azvision.az

1Mənbələr