ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
ABŞ ilə süni intellekt və data mərkəzlərində yeni mərhələ başlayır
Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkəmizin inkişaf strategiyasında yeni mərhələnin başlandığını bir daha nümayiş etdirib. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar artıq sadəcə texnoloji yenilik deyil, ölkələrin gələcək inkişafını müəyyən edən başlıca amillərdir. Bu yanaşma Azərbaycanın uzunmüddətli inkişaf modelinin yeni konturlarını müəyyən edir. Müasir dünyada rəqabət təkcə təbii sərvətlər, sənaye potensialı və ya hərbi güc üzərində qurulmur. Əsas rəqabət artıq data, innovasiya və texnologiyalar üzərində formalaşır. Prezident İlham Əliyev bu reallığı nəzərə alaraq rəqəmsal inkişaf məsələsinin ölkəmizin gələcək taleyini böyük dərəcədə şərtləndirəcəyini vurğulayıb. Bu baxımdan, rəqəmsallaşma artıq alternativ deyil, zərurətdir.
Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirəni şərh edən Milli Məclisin deputatı Şahin Seyidzadə Azərbaycanın bu istiqamətdə ciddi üstünlükləri olduğunu deyib. Onun sözlərinə görə, ilk növbədə coğrafi mövqeyimiz strateji əhəmiyyət daşıyır: 
“Asiya ilə Avropa arasında yerləşən ölkəmiz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzindədir. Mövcud nəqliyyat və energetika infrastrukturu gələcəkdə fiber-optik dəhlizlərinə çevrilməlidir. Neft-qaz kəmərləri çəkilərkən paralel olaraq fiber-optik xətlərin salınması artıq müəyyən baza formalaşdırıb. Lakin bugünkü tələblər daha genişmiqyaslı və müasir infrastruktur tələb edir. Hazırda Xəzər dənizinin Şərq sahilləri ilə Azərbaycanı birləşdirəcək fiber-optik kabel layihəsinin icrası davam edir. Bu layihə Şərq istiqamətində rəqəmsal bağlantıları gücləndirəcək. Qərb istiqamətində isə yeni bağlantılar üzərində iş aparılmalıdır. Beləliklə, Azərbaycan yalnız enerji və nəqliyyat deyil, eyni zamanda rəqəmsal tranzit mərkəzinə çevrilə bilər. Enerji potensialı isə rəqəmsal transformasiyanın əsas dayağıdır. Son 20 il ərzində ölkəmizin generasiya gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatmışdır. Ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücünün mövcudluğu data mərkəzlərinin yaradılması üçün mühüm üstünlükdür. Çünki müasir data mərkəzləri böyük enerji resursları tələb edir. Azərbaycan isə özünü bütün əsas enerji mənbələri ilə tam təmin edən nadir ölkələrdəndir. Bərpaolunan enerji sahəsində imzalanmış kontraktlar gələcəkdə generasiya gücünü daha da artıracaq. Bu isə “yaşıl data mərkəzləri” konsepsiyasının reallaşdırılmasına imkan verə bilər”.
Deputatın sözlərinə görə, ölkə daxilində sənaye və qeyri-neft sektorunun artımı enerji siyasətinin düzgün planlaşdırılmasını tələb edir. Qeyri-neft sənayesinin son dövrlərdə təxminən 8 faiz artması rəqəmsal həllərə olan tələbatı da artırır:
“Prezident İlham Əliyev transmilli şirkətlərlə əməkdaşlıq təcrübəsini də mühüm üstünlük kimi qeyd etdi. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə yatırılması ölkədə formalaşmış müsbət investisiya iqliminin göstəricisidir. Xarici sərmayələrin qorunması sahəsində əldə olunmuş təcrübə rəqəmsal sahədə də etibarlı tərəfdaş imici yaradır. Ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla əməkdaşlıq, o cümlədən Azərbaycan Dövlət Neft Fondunun beynəlxalq təsisatlarla əlaqələri yeni rəqəmsal layihələrin maliyyələşdirilməsi üçün əlavə imkanlar açır. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası isə data mərkəzləri və süni intellekt sahəsində əməkdaşlığı yeni mərhələyə yüksəldir. Eyni zamanda, Çin Xalq Respublikası və Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri Azərbaycanın qlobal güc mərkəzləri ilə balanslaşdırılmış siyasətini nümayiş etdirir. Rəqəmsal transformasiyanın uğuru üçün koordinasiya əsas şərtdir. Dövlət başçısı dövlət qurumları arasında pərakəndəliyin aradan qaldırılmasını və vahid fəaliyyət planının hazırlanmasını tapşırdı. Hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyən edilməsi idarəetmədə yeni keyfiyyət mərhələsi formalaşdıracaq. Dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdən həyata keçirilməsi isə vətəndaş məmnunluğunu artıracaq və idarəetmədə şəffaflığı gücləndirəcək. Mövcud platformaların vahid sistemdə birləşdirilməsi resursların səmərəli istifadəsinə şərait yaradacaq. Kadr hazırlığı məsələsi xüsusi əhəmiyyət daşıyır. Ali məktəblərdə rəqəmsal ixtisasların genişləndirilməsi, xaricdə təhsil proqramlarının bu istiqamətə yönəldilməsi və orta məktəblərdə ilkin biliklərin aşılanması gələcək uğurun əsasını təşkil edəcək. Süni intellektin dövlət idarəçiliyində tətbiqi qərarvermə prosesinin daha effektiv və obyektiv olmasına imkan verəcək. Eyni zamanda, kibertəhlükəsizlik məsələləri daim diqqət mərkəzində saxlanılmalıdır. Ötən il baş vermiş aqressiv kiberhücumlar göstərdi ki, rəqəmsal təhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Beləliklə, Prezident İlham Əliyevin müşavirədə irəli sürdüyü təşəbbüslər Azərbaycanın yeni inkişaf mərhələsinin rəqəmsal dövlət və data əsaslı iqtisadiyyat modelinin əsasını qoyur. Bu model ölkəmizin uzunmüddətli dayanıqlı inkişafını təmin etməyə hesablanmış strateji kursdur”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.