İslandiyada buzlaqların əriməsi artıq gözlə görünür.
İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Çanaqqala Onsekiz Mart Universitetinin Tibb Elmləri fakültəsinin dosenti, fövqəladə yardım və təbii fəlakətlərin idarə olunması üzrə mütəxəssis Ebru Caymaz İslandiya və Şpitsbergen (Svalbard) arxipelaqında apardığı çöl tədqiqatları zamanı buzlaqların kəskin şəkildə geri çəkildiyini müşahidə edib.
Beynəlxalq Antarktika Tədqiqatları Elmi Komitəsinin üzvü olan və “Qütb elmlərində 100 qadın” layihəsində yer alan Caymaz artıq 13 ildir ki, buzlaqları öyrənir və iqlim dəyişikliyi probleminə diqqət çəkir.
Alim bildirib ki, bu il İslandiyaya dördüncü dəfə səfər edib, daha sonra isə Şimal Buzlu okeanındakı Norveçə məxsus Svalbard arxipelaqında araşdırmalar aparıb.
Ebru Caymazın sözlərinə görə, buzlaqların ərimə miqyası o qədər böyüyüb ki, bu proses artıq xüsusi cihazlar olmadan, adi gözlə belə aydın görünür.
Xuraman Etibarlı
İnterpress.az