AZ

BDU da milli məhkəmələrin rolu müzakirə olunub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 12 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə 27 Mart – Azərbaycanda Elm Gününə həsr edilmiş tədbirlər çərçivəsində “Soyqırımı və digər beynəlxalq cinayətləri törətməkdə təqsirli bilinən şəxslərin mühakimə edilməsində milli məhkəmələrin rolu” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirib ki, seminarın mövzusu müasir beynəlxalq hüquq baxımından son dərəcə aktualdır. O vurğulayıb ki, bu cür elmi müzakirələr beynəlxalq cinayətlərin araşdırılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və gənc hüquqşünasların bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır. Dekan seminarın həm elmi, həm də praktik baxımdan faydalı olacağını qeyd edib.

Seminarda Hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini Rahim Məmmədov məruzə ilə çıxış edib. Məruzəçi çıxışında XX əsrin sonları və XXI əsrin əvvəllərində beynəlxalq münasibətlər sistemində baş verən proseslərin beynəlxalq hüquqa ciddi zərbə vurduğunu bildirib. Qeyd olunub ki, bəzi dövlətlər və güc mərkəzləri siyasi və geosiyasi maraqlarını təmin etmək məqsədilə beynəlxalq hüquq normalarını və humanitar dəyərləri pozaraq müharibələrə, silahlı münaqişələrə və soyqırımı aktlarına yol açıb. Bu proseslər nəticəsində milyonlarla günahsız insan həyatını itirib, beynəlxalq sülh və təhlükəsizlik prinsipləri ciddi təhlükə altına düşüb.

Rahim Məmmədov Azərbaycan xalqının da tarix boyu bu cür təcavüzkar siyasətin qurbanı olduğunu, xüsusilə XX əsrin 90-cı illərində Ermənistanın hərbi-siyasi dairələri tərəfindən xalqımıza qarşı çoxsaylı soyqırımı və müharibə cinayətlərinin törədildiyini vurğulayıb. O, 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş soyqırımını insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi dəyərləndirib. Məruzəçi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini və bunun beynəlxalq hüquq baxımından yeni reallıqlar yaratdığını diqqətə çatdırıb.

Çıxışda xüsusilə vurğulanıb ki, fevralın 5-də Azərbaycan xalqına qarşı soyqırımı, müharibə və digər ağır beynəlxalq cinayətləri törətməkdə təqsirləndirilən şəxslər barəsində məhkəmə hökmü çıxarılıb. Bu qərar haqqın və ədalətin bərpası olmaqla yanaşı, beynəlxalq cinayətlərin cəzasız qalmayacağına dair dünya ictimaiyyətinə verilən açıq mesajdır. Qeyd edilib ki, Azərbaycan məhkəmələri bu prosesdə həm milli qanunvericiliyi, həm də ölkənin qoşulduğu beynəlxalq müqavilələri əsas götürüb.

Sonda iştirakçılar mövzu ilə bağlı suallar ünvanlayıb, ətraflı müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
azertag.az

1Mənbələr