AZ

Epşteyn sindromu: bəşəriyyətin mənəvi uşaqlıq travması

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

​ Niyə bu yazını oxumalısan?

​Dünya mətbuatında artıq xeyli müddətdir ki, Cefri Epşteynin adı, adası və siyahısı müzakirə edilir. Lakin bu yazı sənə yeni bir sensasiya və ya cinayət xronikası vəd etmir. Bu yazını oxumalısan, çünki Epşteynin öldüyünə inansan da, onun hər gün sənin məhəlləndə, iş yerində və bəlkə də düşüncələrində necə rebrendinq (yəni mahiyyət eyni qalsa da, xarici görünüşün, adın və təqdimat formasının yenilənməsi) olunduğunu görmürsən. Bu, bir adamın hekayəsi deyil; bu, intellektin əxlaqdan qopduğu yerdə yaranan qara dəliyin — Epşteynizmin anatomiyasıdır.

​I. İki zəka, iki dünya: Eynşteyn və Epşteyn

​Bəşəriyyət eyni intellektual mühitdən gələn, lakin bir-birinə zidd iki nəhəng qütbü tanıdı: Albert Eynşteyn və Cefri Epşteyn. Cəmi bir hərf və bir dünya qədər fərq.

​Eynşteyn zəkanı kainatın sirlərini açmağa, işıq sürətinə çatmağa və insanı ulduzlara yaxınlaşdırmağa yönəltdi. Onun laboratoriyası sonsuz göy üzü idi. Epşteyn isə həmin iti və soyuq zəkanı yerin altına — insanın heyvani instinktlərinə, ən qaranlıq ehtiraslarına tətbiq etdi. O, insan zəifliyini idarə edən bir “sosial mühəndis” idi. Biri bizi “Allahlaşmış” zəkamızla tanış etdi, digəri isə “heyvan qalmış” tərəfimizlə. Bu iki zəka arasındakı uçurum bəşəriyyətin hələ də həll edə bilmədiyi ən böyük paradoksdur: Biz kainatı dərk edəcək qədər ağıllı, amma öz nəfsimizə qalib gələ bilməyəcək qədər zəifik.

​ Bəs Epşteynləri kimlər və niyə yaradır?

​Bizim indi rastlaşdığımız “Epşteyn” olayı da təsadüf deyil. O, bir “idarəetmə pultu” layihəsidir. Epşteyn kimi fiqurları yaradan üç əsas sütun var:

​Kompromat sənayesi: Dünyanın güc mərkəzləri liderləri idarə etmək üçün “görünməz zəncirlər” axtarırdı. Epşteyn onlara “idarəolunan utanc” təklif etdi. Bir insanı pulla hər şeyə məcbur edə bilməzsən, amma onu ən iyrənc cinayətin şərikinə çevirsən, o, ömürlük sənin qulun olar.

​Maliyyə oliqarxiyası: Çirkli pulların yuyulması və qanunların işləmədiyi “boz zonalar” yaratmaq üçün Epşteyn kimi etik sərhədləri olmayan vasitəçilər lazım idi.

​Mənəviyyatsız aristokratiya:

Hər şeyi ala biləcəyinə inanan elit təbəqənin eyş-işrət tələbatını ödəmək üçün belə bir “qayıqçı” mütləq idi.

​Bu qlobal mexanizm insanı sadəcə bir alətə çevirmək üçün qurulmuşdur. Lakin bu mexanizmin işləməsi üçün təkcə yuxarıdakıların istəyi kifayət deyil, aşağıdakıların da “hazırlığı” lazımdır.

​ Qurbanların “Könüllü” faciəsi (Zoluşka Tələsi)

​Sistemin ən ağrılı tərəfi qurbanların bu tələyə necə çəkilməsidir. Bu, əslində bir “Faust müqaviləsi” idi. Epşteyn və onun şəbəkəsi qurbanları “parlaq gələcək”, “təhsil haqqı”, “modellik karyerası” vədləri ilə aldadırdılar.

​Bu, ümidin istismarıdır. Qurban başlanğıcda bəzi şeylərə “hə” deyir, çünki bu, onun xilası kimi görünür. Lakin o bilmir ki, bu “hə” sadəcə bir zəncirin ilk halqasıdır. Bu, insan iradəsinin manipulyasiyasıdır — sistem aşağı təbəqəyə mesaj verir: “Yuxarı qalxmaq istəyirsənsə, ruhunu qapıda qoymalısan”. Beləliklə, şəxsi faciələr qlobal bir şantaj imperiyasının yanacağına çevrilir.

​Sindromun miqyası: Məhəllədən içimizə qədər

​Heç kəs qətiyyən arxayın olmasın ki, Epşteyn erası bitib artıq. Tarixin hər dövründə öz Epşteynləri olub və bu gün də fərqli maskalar altında aramızdadırlar.

​Məhəlləmizdəki Epşteyn: Onu da biz özümüz yaradırıq. Bir güclü adamın zəifləri əzməsinə, kiminsə haqqına göz dikməsinə “mənə toxunmayan ilan min yaşasın” deyib sükutla baxırıqsa, biz onun “toxunulmazlıq adasını” öz sükutumuzla tikirik.

​İçimizdəki Epşteyn: İnsanı bir “məqsəd” kimi deyil, bir “vasitə” kimi görməyə başladığımız an içimizdə kiçik bir Epşteyn doğulur. Epşteynizm — ruhun digər ruhları “əşya” kimi görmə dərəcəsidir.

​Əgər bu qaranlığı öz sükutumuzla bəsləyiriksə, deməli, çıxış yolu da kənarda deyil, bizim öz mənəvi inkişafımızdadır. Bəllidir ki, bəşəriyyətin bu mənəvi xəstəlikdən sağalması üçün çıxış yolu illər öncə uşaq saflığı ilə dinlədiyimiz o sadə nəsihətlərdə gizlənib.

​Nənəmin hikməti:

İnsanlıq nə vaxt böyüyəcək?

​Rəhmətlik nənəm deyərdi: “Yaxşı ye, idman elə ki, tez böyüyəsən”. Bəşəriyyət son yüz ildə “yaxşı yedi” — iqtisadiyyatımız nəhəngləşdi. “İdman elədik” — hərbi və texnoloji əzələlərimiz şişdi. Amma biz mənəvi olaraq hələ də beşiyində əli oyuncaqlı bir körpəyik.

​İnsanlıq indi həddi-buluğa çatmayan bir uşaqdır. Ona görə də Epşteynin parlaq konfetlərinə və saxta vədlərinə hələ də aldanır. Tez böyümək olarmı? Bəli. Amma bunun üçün fiziki deyil, mənəvi inkişaf lazımdır:

​Mənəvi pəhriz: Tamahdan və başqasının üzərində hökmranlıq ehtirasından imtina etmək.

​Vicdan məşqi: Güc qarşısında əyilməmək cəsarətini hər gün təkrarlamaq.

​ İşığa doğru: Sarsılmaz ümid

​Yazını melanxoliya ilə bitirməyək. Şər nə qədər mütəşəkkil olsa da, onun varlığı sadəcə işığın yoxluğudur. Biz bu qaranlıq künclərə Eynşteyn zəkasının işığı ilə baxırıqsa, deməli, artıq sağalmağa başlayırıq.

​Sarsılmaz ümidimiz buradadır: Epşteynin adası batsa da, insan ləyaqətinin qitəsi sarsılmazdır. Biz o zaman böyüyəcəyik ki, artıq heç kimin “gizli fleş-kartında” bir başqasının utancı olmayacaq. Azad insan — şantajın zəncirini vicdanı ilə qıran insandır. Eynşteynin kainatı seyr etdiyi o səmavi işığı öz içimizdə qorumalıyıq. Çünki qaranlıq nə qədər dərin olsa da, bir kibrit çöpünün işığı qarşısında geri çəkilməyə məhkumdur.

İsgəndər Sərdarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
globalinfo.az

1Mənbələr