AZ

Dövlət xidmətlərində "vahid vitrin" modeli: İnnovasiya həvəsi texniki icraçılığa çevriləcəkmi?

Dövlət xidmətlərində "vahid vitrin" modeli: İnnovasiya həvəsi texniki icraçılığa çevriləcəkmi?

Azərbaycanda rəqəmsal dövlət quruculuğu yeni və həlledici mərhələyə qədəm qoyur.

Prezident İlham Əliyevin son müşavirədə dövlət xidmətlərinin vahid mərkəzdən – myGov platforması üzərindən təqdim olunması ilə bağlı ortaya qoyduğu prinsipial mövqe vətəndaş məmnuniyyəti baxımından inqilabi addım kimi qiymətləndirilir. Lakin bu keçid prosesi xidmət istehsalçısı olan dövlət qurumları və oradakı peşəkar kadrlar üçün müəyyən riskləri də bərabərində gətirir.

AFN.az xəbər verir ki, mövzunu şərh edən ekspert, dövlət xidmətlərinin gələcək taleyi və "insan kapitalı" faktoru ilə bağlı vacib məqamlara toxunub. Ekspert qeyd edir ki, bütün xidmətlərin tək bir tətbiqdən əlçatan olması beynəlxalq təcrübəyə tam uyğundur və vətəndaşın işini maksimum dərəcədə asanlaşdırır.

Prezidentin göstərişinin mahiyyəti ondan ibarətdir ki, dövlət qurumları paralel platformalar yaratmaqdan əl çəkib yalnız "xidmət istehsalçısı" rolunda çıxış etməli, myGov isə bu xidmətləri vətəndaşa təqdim edən vahid vitrin olmalıdır. Lakin burada bir "incə məqam" var: xidmətin özünü myGov yaratmır, o, sadəcə təqdimat platformasıdır. Əsl iş prosesi və innovativ həllər arxa fonda – ayrı-ayrı dövlət qurumlarının mütəxəssis komandaları tərəfindən formalaşdırılır.

Bu nöqtədə ekspert ciddi bir xəbərdarlıq edir: "İndiyədək dövlət qurumları öz xidmətlərini həm myGov-da, həm də öz resurslarında təqdim edirdilər. Bu, həmin layihələri ərsəyə gətirən peşəkar komandalar üçün bir motivasiya mənbəyi idi – onlar öz əməklərinin birbaşa nəticəsini görürdülər. İndi bu platformalar ləğv edilərsə, həmin mütəxəssislərin innovasiya həvəsi azala bilərmi? Təşəbbüskarlıq tədricən sadəcə texniki icra səviyyəsinə enə bilərmi?". O.Gündüzün fikrincə, bu, kifayət qədər ciddi riskdir və aidiyyəti qurumlar kadr potensialının motivasiyasını qorumaq üçün bu məsələyə həssas yanaşmalıdırlar.

Yekun olaraq mütəxəssir vurğulayır ki, rəqəmsal hökumət modelində keçid kəskin deyil, tədrici aparılmalıdır. İstifadəçi axını mərhələli şəkildə yönləndirilməli, paralel işləmə dövrü qorunmalı və ən əsası, dövlət qurumlarındakı yaradıcı komandaların yeni sistemdəki rolu və məsuliyyəti əvvəlcədən dəqiq müəyyənləşdirilməlidir. Çünki rəqəmsallaşma yalnız texnoloji platforma deyil, həm də bu platformanı yaşadan insan kapitalının qorunması deməkdir.

Seçilən
121
afn.az

1Mənbələr