"Biz öz təhsil sistemimizdə süni intellekt sahəsinə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar".
Bu fikirləri Prezidenti İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib. Dövlət başçısı çıxışında qeyd edib ki, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.
Hazırda ölkədə süni intellektin tədrisini həyata keçirilən əsas təşəbbüslərdən biri "Rəqəmsal Bacarıqlar" layihəsidir. Layihə artıq 8 ildir ki, məktəblərdə icra olunur. Layihənin əsas məqsədi məktəblərdə informatika fənninin müasir tələblərə uyğunlaşdırılması, şagirdlərin informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması və onların rəqabətədavamlı, analitik düşüncəli, yaradıcı fərdlər kimi formalaşmasını təmin etməkdir.
AZCON Holding-in nəzdində fəaliyyət göstərən Milli Süni İntellekt Mərkəzinin məqsədi İsə Azərbaycanın süni intellekt transformasiyasını sürətləndirmək üçün istedadlı mütəxəssislər yetişdirmək, qabaqcıl tədqiqatlar aparmaq və iqtisadi rifahı, ictimai irəliləyişi təşviq edən innovativ həllər qurmaqdır. Mərkəz 2025-2028-ci illər üçün süni intellekt Strategiyasına əsasən 500 tamixtisaslı mütəxxəsis hazırlamağı planlaşdırır.
Elm və Təhsil Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Hazırda ali təhsil müəssisələrində süni intellekt və əlaqəli texnologiyaların tədrisi mərhələli şəkildə genişləndirilir. 2024-cü ilin dekabr ayında Nazirlər Kabineti tərəfindən ali təhsilin səviyyələri üzrə ixtisasların yenilənmiş təsnifatı təsdiq edilib. Yeni təsnifata informasiya texnologiyaları və süni intellekt sahəsində bir sıra yeni ixtisaslar əlavə olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.