AZ

Fizuli Məmmədov getməli, yevlaxlılar tribunaya qayıtmalıdı! – “Karvan-Yevlax” üçün resept

Misli premyer-liqasında mövsümün ən zəifi “Karvan-Yevlax”dı. Ötən “futbol ili”ndə qazandığı nəticələrə əsasən 1-ci liqadan elita klubları sırasına qoşulan klub heç cür uğur yoluna çıxa bilmir. Niyə?

Komanda məşqçi dəyişikliyindən fayda görmədi. Azər Həşimovun yerinə gələn Fizuli Məmmədov bəhanələrə sığınmaqla məşğuldu. Dediyinə görə, futbolçuların fiziki çatışmazlıqları var. Bu barədə nəsə deməyəcəyik. Çünki məhz Azər bəy “Football-plus.az”a açıqlamasında qarşı tərəfə cavab vermişdi: “Qış fasiləsində bu problemi aradan qaldırmaq olardı”.

Heyət kasaddı - onu legioner olmaqla cəmi 24 futbolçu var. Fiziki çatışmazlıq öz yerində. Ardıcıl məğlubiyyətlər psixoloji duruma da mənfi təsir edir. Hələ 11-ci pillədə olan “Kəpəz”lə aradakı xal fərqinin turdan-tura artmasının yaratdığı təzyiqi demirik.

Uğursuzluq yevlaxlı azarkeşləri də tribunalardan küsdürüb. Komanda 1-ci liqada ikən ev oyunlarına 3-4 min tərəfdar gəlirdisə, indi bu say böyük ölçüdə azalıb. Maraq üçün bildirək ki, yanvarın 30-da “Sumqayıt”a qarşı matçda 700 tamaşaçı olub. Əlbəttə, azarkeşlərin dəstəyi olmadan ev oyunlarında xüsusi üstünlüyə ümid etmək mümkün deyil. Axı “doğma divarlar” onların varlığı sayəsində isinir.

Qış “transfer pəncərəsi” faktiki boşa verildi: üç legioner, bir yerli futbolçu göndərildi, üç yerli oyunçu heyətə cəlb olundu. Yeni oyunçuların komandaya yardım edə biləcək səviyyədə olmadığını nəzərə alsaq, yevlaxlıların əslində güclənmədiyi aydındı.

Bəs, “Karvan-Yevlax” durumdan necə xilas ola bilər? Gecə-gündüz çalışmaqla... Qarşıda martın sonuna təsadüf edəcək fasilə var ki, həmin vaxtdan da maksimum yararlanmaq lazımdı. Hə, bir də məşqçi dəyişikliyi. Görünür, təxminən 5 illik fasilədən sonra premyer-liqaya qayıdan Fizuli Məmmədov “rels”ə heç cür düşə bilmir. Azarkeşlər isə heç şübhəsiz, tribunaları boş qoymamalıdı. Çünki uzun illər davam edən premyer-liqa həsrətiylə yenidən baş-başa qala bilərlər.

KƏNAN BAHADIR

Seçilən
54
1
football-plus.az

2Mənbələr