AZ

6 ildir sirri açılmır Parçalanan quyruqlu ulduzdan nə qalıb?

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Günəşə yaxınlaşarkən parçalanan "C/2019 Y4 ATLAS” adlı kometanın tamamilə yox olub-olmadığı hələ də dəqiq bilinmir.

Qaynarinfo-nun Space.com-a istinadən məlumatına görə, 2020-ci ilin aprel ayının sonlarında kometa Günəşə yaxınlaşarkən onlarla hissəyə parçalanıb. Bu hadisə həm səma müşahidəçilərini məyus edib, həm də astronomlar üçün yeni bir sirr yaradıb. ATLAS kometası 2019-cu ilin dekabrında kəşf edilmişdi. 2020-ci ilin əvvəlində sürətlə parlaqlaşan səma cisminin may ayında Yerə ən yaxın məsafədən keçərkən çılpaq gözlə görünə biləcəyi proqnozlaşdırılırdı.

Alimləri düşündürən əsas sual isə kometanın nüvəsindən geriyə əhəmiyyətli bir parçanın qalıb-qalmamasıdır.

Boston Universitetindən olan tədqiqat qrupu 2020-ci ilin avqust və oktyabr aylarında səmanı müşahidə edərək mümkün qalıqları axtarıb. Lakin araşdırma zamanı heç bir konkret izə rast gəlinməyib.

Bununla belə, bu fakt kometadan heç nə qalmadığı anlamına gəlmir. Alimlərin fikrincə, qalan hissə teleskopların aşkarlama həddindən kiçik – təxminən yarım kilometrdən daha balaca ola bilər.

Araşdırma nəticələrinə əsasən, ölçüsü yarım kilometrdən kiçik olan bir parçanın hələ də Günəş ətrafındakı orbitində hərəkət etməsi mümkündür.

Kometa parçalandıqdan sonra Hubble Kosmik Teleskopu və digər rəsədxanalar təxminən iki düzünə yaxın fraqmenti izləyib. Qalıqlar sonuncu dəfə 8 iyun 2020-ci ildə NASA-nın STEREO kosmik aparatı tərəfindən görüntülənib və həmin vaxt nüvənin "tamamilə parçalanmış” göründüyü bildirilib.

Fraqmentlər "A” və "B” kimi adlandırılıb. "A” parçasının ilk üç gün ərzində kütləsinin təxminən 70 faizini itirdiyi ehtimal edilir.

Tədqiqatçılar mövcud məlumatlarla böyük bir parçanın sağ qalıb-qalmadığı barədə qəti nəticəyə gəlməyin mümkün olmadığını vurğulayıblar.

C/2019 Y4 ATLAS kometasının taleyi təkcə bir səma cisminin aqibəti ilə bağlı deyil. Bu araşdırma Günəşə yaxınlaşan kometaların yüksək temperaturun təsiri altında necə parçalandığını anlamağa kömək edir.

Bəzi elmi ehtimallara görə isə C/2019 Y4 minlərlə il əvvəl parçalanmış daha böyük bir kometa ailəsinin üzvü ola bilər. Bu fakt kometaların minilliklər boyu keçdiyi təkamül prosesini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Günay

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
qaynarinfo.az

1Mənbələr