AZ

Onlayn mağazalar bahalaşa bilər

“Temu” da daxil olmaqla bir sıra xarici onlayn ticarət platformalarının Azərbaycanda fəaliyyət qaydaları sərtləşdirilir. Belə ki, əhaliyə elektron ticarət yolu ilə mal və xidmət satan, lakin ölkədə qeydiyyatda olmayan xarici şirkətlərin illik dövriyyəsi 10 min ABŞ dollarının manat ekvivalentini keçərsə, onlar 30 gün ərzində elektron qaydada vergi uçotuna durmalıdırlar. Bu məqsədlə Vergi Məcəlləsinə dəyişikliklər təklif edilir. Bəs yeni tələblər xarici şirkətlərin Azərbaycan bazarındakı qiymətlərə necə təsir edəcək?İqtisadçı Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, ölkə vətəndaşlarına məhsul satan qeyri-rezident platformalar indiyədək Azərbaycanda vergi ödəmirdilər. Halbuki onlar il ərzində ölkə vətəndaşlarına yüz milyonlarla dəyərində məhsul satırdılar. Vergi Məcəlləsində bu sahə üzrə konkret tənzimləmə olmadığı üçün həmin platformalar faktiki olaraq vergi öhdəliyindən kənarda qalırdı: “Hazırda Milli Məclisdə müzakirə olunan dəyişikliklərə əsasən, il ərzində Azərbaycan vətəndaşlarına 10 min ABŞ dollarından artıq məbləğdə məhsul satan qeyri-rezident platformalar 30 gün ərzində ölkədə ƏDV qeydiyyatına durmalıdırlar. Bu addımın əsas məqsədi son illər ticarət sahəsində formalaşmış ədalətsiz rəqabət mühitinin aradan qaldırılmasıdır. Əvvəlki vəziyyətdə fərdi sahibkarlar gömrük sərhədindən mal keçirərkən məbləğdən asılı olmayaraq həm gömrük rüsumu, həm də əlavə dəyər vergisi ödəyirdilər. Onların da son alıcısı Azərbaycan vətəndaşı idi. Qeyri-rezident platformalar isə eyni bazara məhsul satsalar da, bu vergi və rüsumları ödəmirdilər. Nəticədə ənənəvi ticarət kanalı bütün fiskal öhdəlikləri yerinə yetirdiyi halda, onlayn kanaldan gətirilən məhsullar vergi yükü olmadığı üçün daha ucuz başa gəlirdi və qiymət fərqi əsasən vergi hesabına formalaşırdı”.X.Kərimlinin sözlərinə görə, yeni qaydalara əsasən, 10 min dollardan artıq dövriyyəsi olan qeyri-rezident platformaların ƏDV-yə cəlb olunması onların satdığı məhsulların qiymətində artıma səbəb ola bilər. Bununla belə, bu addım onlayn və ənənəvi ticarət arasında vergi yükündən yaranan fərqin aradan qalxmasına və daha sağlam rəqabət mühitinin formalaşmasına xidmət edəcək: “Məsələnin mahiyyəti ondan ibarətdir ki, dövlət bir ticarət kanalından vergi tutub digərindən tutmadıqda bazarda balans pozulur. Ya bütün kanallar üçün eyni vergi və rüsum mexanizmi tətbiq edilməli, ya da ümumiyyətlə yanaşma vahidləşdirilməlidir. Əks halda, ədalətsiz rəqabət yerli sahibkarlara və ənənəvi ticarətə mənfi təsir göstərir. Bu baxımdan Milli Məclisdə müzakirə olunan dəyişikliklər ticarət kanalları arasında vergi yükünün balanslaşdırılmasına yönəlmiş addım kimi qiymətləndirilə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
36
metbuat.az

1Mənbələr