AZ

Biganə qala bilməyin ürəkdəki yükü Rafael Hüseynov yazır

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rafael HÜSEYNOVAkademik

Yaxın tarixdir, amma yaxınlaşmadıqca uzaq görünür. Sonraların görkəmli şərqşünas alimi Böyükağa Hüseynov əslən qarabağlı idi. Atası Murtuza Baba oğlu 1898, anası Kübra Kərim qızı isə 1906-cı ildə Şuşada doğulub böyümüşdülər. 1922-ci ildə onlar dolanışıq ardınca Bakıya köçürlər, atası bir müddət yerli tacirin yanında satıcı, daha sonra fəhlə işləyir və 1928-ci ildə, oğlu Böyükağanın dünyaya gəlməsindən 2 il sonra dünyadan köçür.

Dul qalmış Kübranı Murtuzanın doğma qardaşı, hesabdar işləyən Rəsul öz ailəsinə gətirir və balaca Böyükağa əmisinin himayəsində yaşamağa başlayır. Ancaq tale bunu da onlara çox görür. 1941-ci ildə İkinci Dünya müharibəsinə Sovet İttifaqı da qatılanda Böyükağanın əmisi də əsgər gedir və elə həmin ilin axırlarında onun "qara kağız"ı gəlir.

1930-cu illərin sonlarının, dava illərinin bütün sıxıntıları balaca Böyükağanın həyatından keçmişdi. Ancaq bütün çətinliklərə baxmayaraq, ömrünün sonuna qədər onunla qalacaq çalışqanlıq Böyükağa ilə idi. Dərslərini əla oxuyurdu, 1941-ci ildə Bakı şəhərindəki 150 saylı orta məktəbin VII sinfini bitirərək Bakı Xalq Təhsili Şöbəsi nəzdindəki pedaqoji məktəbin ikinci kursuna daxil olur, buranı da 1943-də fərqlənmə attestatı ilə başa vurur.

Böyükağa 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olur və İran filologiyası şöbəsini seçir. Şərqşünaslıq fakültəsi Azərbaycan Dövlət Darülfünununda hələ 1922-ci ildə yaranmışdısa və fakültənin qurucuları, işini irəlilədənlər o çağın böyük alimləri idisə də, 1940-cı illər həmin fakültənin həyatında yeni bir yüksəliş mərhələsi hesab olunmalıdır.

1944-cü ildə şərqşünaslıq fakültəsinə daxil olmuş Böyükağa Hüseynov birinci kursu "əla" qiymətlərlə başa vurur və o zaman Bakıda bu fakültədə oxuyan tələbələrin ən fəallarından Moskvaya təhsilini davam etdirməyə göndərmək üçün qapı açılır. Əlbəttə, Bakıda o zaman yaxşı şərqşünas müəllimlər və alimlər vardı, onların böyük hissəsi də elə şərqşünaslıq fakültəsində cəmləşmişdi. Amma Moskvada Asiya Xalqları İnstitutunda, təbii ki, şərqşünaslıq təhsili həm daha çoxillik ənənəyə malik idi, həm də yeni dövrün tələblərinə cavab verən mükəmməl bir səviyyədə qurulmuşdu. Ona görə də yolunu yeni başlayan bir gəncin təhsilini oradakı Şərq fakültəsinin İran şöbəsində davam etdirmək imkanı qazanması bir səadət idi. 1945-ci ildə Böyükağa artıq Moskvada idi və o illərdə Asiya Xalqları İnstitutundakı ilk azərbaycanlı tələbələrdəndi. Moskva həmin çağlarda Sovet İttifaqının bütün başqa şəhərlərindən daha artıq diqqət mərkəzində idi və elm nəzərindən yanaşılırsa da, Moskva əsl paytaxt idi və bu münbit mühitin sayəsində 1940-cı illərin ikinci yarısında, 1950-60-cı illərdə Moskvada Azərbaycanın bir neçə böyük şərqşünası yetişdi ki, onların sədası dünyaya çatdı. Üç Əliyev - iranşünas Rüstəm Əliyev (1929-1994), Hindistanın farsdilli ədəbiyyatı üzrə mütəxəssis Qəzənfər Əliyev (1930-1984), İran tarixi üzrə ən üstün alimlərdən biri sayılan Saleh Əliyev (1929-2006) - bunlar ən öndə gedənlər idilər. Ancaq onlardan başqa da həm Asiya Xalqları İnstitutunda, həm Şərqşünaslıq İnstitutunda, həm də Moskva Dövlət Universitetində xeyli azərbaycanlı alim vardı ki, onlar yetərincə yüksək sanbal sahibi idilər.

Bəlkə taleyi bu cür yox, başqa təhər cərəyan etsəydi, Böyükağa Hüseynov elə SSRİ paytaxtında qalardı və Moskva həmin çağlarda bir təkan nöqtəsi idi ki, şöhrətlənmək, tanınmaq, daha dərinlərə getmək üçün meydan açırdı. Ancaq 1949-cu ildə təhsilini İran üzrə referent-tərcüməçi ixtisası ilə başa vurandan, bir neçə il hərbi sahədə çalışandan sonra Böyükağa Hüseynov Bakıya qayıdır, Elmlər Akademiyasının Dilçilik İnstitutunda işə qəbul edilir.

Sonralar bir yerdə çalışacağımız, yalnız bir institutda deyil, hətta eyni "İran filologiyası" şöbəsində işləyəcəyimiz görkəmli alim Böyükağa Hüseynovu əslində mən qiyabi olaraq uşaqlıq illərindən tanımışam. 1961-ci ildə onun "Rəvayətli ifadələr" adlı bir kitabı çıxıb (o il Böyükağa Hüseynov üçün çox avand olmuşdu. Həmin il namizədlik dissertasiyası əsasında yazdığı - "Mütərəqqi fars poeziyasında sovet mövzusu" adlı kitabı da işıq üzü görmüşdü). Təbii ki, mən "Rəvayətli ifadələr"i daha sonralar, 1960-cı illərin sonralarına doğru oxudum və çox təsirləndim. O kitabı kim görüb və oxuyubsa, hamısının çox yüksək təəssüratı var. Çünki bu kitabda ayrı-ayrı atalar sözlərinin, el məsəllərinin, müəyyən ifadələrin tarixinə enilir, onların dilə, düşüncəyə necə gəlib çatmasının hekayəti nəql edilir. Yəni oradakı hər bir qanadlı ifadə haqqındakı rəvayət əslində müstəqil tədqiqatdır və bu, oxunub qırağa qoyulan deyil, vaxtaşırı açıb vərəqləyəsi gərəkli qaynaqdır. Kitaba müqəddimə yazmış Əliyar Qarabağlı (1901-1969) Böyükağa Hüseynovun ilk kitabını bütövlükdə folklorşünaslığımızda əlamətdar hadisələrdən biri sayırdı: "Bu kitab Molla Nəsrəddin lətifələrindən sonra məsəl, rəvayət və obrazlı ifadələrin toplanması, öyrənilməsi və nəşri sahəsində ilk və müvəffəqiyyətli addımdır".

Dilçilik İnstitutunda Böyükağa Hüseynov qısa müddət işləmişdi, amma o kiçicik müddətin də bu sayaq mükəmməl bir bəhrəsi qaldı və indiyədək də qiymətliliyini hifz etməkdədir.

Yəni Böyükağa Hüseynov harada qısa, ya uzun müddət çalışıbsa, oradakı əməkləri mütləq sonra illərlə yaşayacaq bəhrəsini verib. Çünki həmişə səy göstərib ki, əməyi səmərəsiz qalmasın, elə bəhrələr versin ki, sonrakı onillər və daha uzun vaxt içərisində yaşamaq haqqı olsun.

Moskvada təhsil almışdı, ruscası da, farscası da mükəmməl idi və belə insanlara o dövrdə siyasi nöqte-yi nəzərdən də dövlətin çox ehtiyacı vardı. Ona görə Böyükağanı elm sahəsindən ayıraraq Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə işə cəlb edirlər. Bu, nəhəng dövlətin idarəçi şəbəkəsində təmsil olunmaq demək idi və 1950-60-cı illərdə belə bir yerdə kiçik olsa belə vəzifə tutmaq dövrün meyarları ilə şərəfli və həm də böyük perspektivlər vəd edən, yollar açan idi. Ancaq Böyükağa Hüseynovun ürəyi elmlə idi və ədəbiyyat onu özünə doğru çəkirdi. Onun ədəbiyyat sevgisinin də lap erkən yaranmasının sübutu ortadadır. 14-15 yaşlarından, hələ ədəbiyyat və elm yolunu tutmasından xeyli əvvəl şeirlər yazmağa başlamışdı. Bütün ömrü boyu şeir yazsa da, Böyükağa Hüseynov əsla şairlik iddiasında deyildi. Ancaq öz bildirməsincə, ömrün ortasına çathaçatda düşünmüşdü ki, bu şeirlərə də vəfasızlıq etmək olmaz. Bütün yazdıqlarını 1966-cı ilin avqustunda imkan daxilində toplamağa başlamışdı və yığa bildiklərini qovuşduraraq ayrıca bir toplu kimi cildlətdirmişdi. Bu, onun bir nüsxədən ibarət kitabıdır. Çünki həmin şeirlər toplusuna yazdığı önsözdən də belə məlum olur ki, məqsədi heç də haçansa bu şeirlər məcmuəsini kitaba döndərmək deyil, sadəcə, yaxınların, dostların oxuması üçündür. Həmin topluya "Müəllifdən" adlı müqəddiməsində bu məcmuənin yaranma tarixçəsini belə nəql edirdi: "Mən heç vaxt özümü şair hesab etməmişəm. Lakin şeir yazmağa çox tez başlamışam. Yazdıqlarımın böyük əksəriyyəti itib-batmış, cüzi hissəsi isə ayrı-ayrı kağız parçaları üzərində təsadüfən bu günə qədər salamat qalmışdır ki, onların bir qismini əsasən iki səbəb üzündən bu məcmuədə toplamağı məqsədəuyğun saydım. Əvvəla ona görə ki, mən ömrümdə əvvəl əlimə qələm alıb, sonra şeirin məzmununu fikirləşməmişəm. Yaxşı-pis nə yazmışamsa, günlərlə beynimdə gəzdirdikdən sonra kağız üzərinə köçürülmüşdür. Buna görə də həmin şeirlər, hər halda onların böyük qismi həm qayğısız, həm də qayğılı keçmiş cavanlıq dövründə baş vermiş hadisələrlə, keçirdiyim sevinc və kədər, iztirab və həyəcanlarla bilavasitə əlaqədardır. 40 il dünyada ömür sürdükdən sonra dönüb öz həyatıma baxırkən bu şeirlər mənim təsəvvürümdə çox hadisələri canlandırır, çox adamları yadıma salır, bir növ, ruhumu oxşayır, onu təmiz hiss və duyğularla qanadlandırır. Məcmuəni tərtib etməkdə ikinci məqsəd bu vaxta qədər hifz olunmuş əsərlərin gələcəkdə də itib-batmamasının qarşısını almaqdan ibarətdir. Qoy dost-aşnalar onları oxusunlar. Əgər heç olmazsa bir-ikisindən xoşhal olub bədii zövq alarlarsa, mən bunu da özüm üçün böyük səadət sayaram".

Belə yazsa da, bu ifadənin arxasında dərin təvazö dayandığı duyulmaqdadır. Çünki həm əruz, həm heca vəznində, həm lirik, həm satirik, həm ictimai-siyasi məzmunlu sıra-sıra şeirləri var və oxuduqca hiss edirsən ki, bunlar artıq bişmiş, yetkin bir qələmin məhsuludur. Bunu da qeyd edir ki, topladıqları heç də yaratdıqlarının hamısı deyil, yazdıqlarının bir çoxu itib-batıb, hətta müəyyən hissəsi arxivlərə verilsə də, ailəsində olanların pərakəndəliyi sezilməkdədir.

 Belə olması təəccüblü deyil. Bir çox ünvanlar dəyişmiş, gah o, gah bu şəhərdə, gah o, gah bu işdə çalışmışdı. Amma hər halda tapa bildiyi şeirlərdən ilki 1939-cu ildə yazılıb. Onda Böyükağa Hüseynov hələ məktəbli idi, ancaq məktəbli olarkən də şeirində gələcək boyu hər zaman onunla qalacaq özünəməxsus inadcıllığın, sistemli ardıcıllığın işartıları görünməkdədir: şeirini məktəbə həsr edib, yay tətili başlanıb. Bir neçə ay məktəbdən aralı olacaq. Yay tətili idi və təbii ki, o da, başqa şagirdlər kimi, dincəlməyə getmişdi. Ancaq o, məktəbdən, kitabdan, dərslikdən bir neçə aylıq zəruri ayrılığı da narahat qarşılayırdı:

Əziz məktəb, üç aydır ki, ayrılmışam qucağından

Almış məni qucağına vətənimin yaylaqları.

Ayrılmayır könlüm səndən, sənət, bilik ocağısan,

Qəlbim quştək qanadlanıb uçmaq istər sənə sarı.

Bu yığcam mətndə Böyükağa Hüseynovun ruhu, varlığındakı illər boyu onunla böyüyəcək ardıcıllıq, məqsədyönlülük xüsusiyyəti əksini tapıb. Həmin şeiri yazanda Böyükağanın vur-tut 13 yaşı var, ancaq 13 yaşında ikən də qələminin artıq duyğularının sözünə danışıqsız baxdığı anlaşılır. Lakin misraların necə yetkin qələmdən çıxıbmış kimi görünməsi o mətləbə də işarə vurur ki, demək, bundan qabaq da Böyükağanın başqa şeirləri az deyilmiş, yəni 13 yaşınadək də yazırmış. "Qəlbim quştək qanadlanıb uçmaq istər sənə sarı", - söyləyən Böyükağa Hüseynov məktəbə sarı, biliyə sarı, kitaba sarı uçmaq istəyirdi və 13 yaşındaykən qəlbinə hakim kəsilən belə qənaəti varmışsa, aydındır ki, daha onu bu istəkdən döndərmək mümkünsüzdü.

Böyükağa Hüseynov Rusiyada olduğu, ali təhsilini başa vurduqdan sonra əvvəlcə hərbi-siyasi sahədə və ardınca dövlət işində - Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində çalışdığı dövrdə əslində taleyin ona nəsib etdiyi bir tramplinə qalxmış kimi idi. Həmin dövr üçün bu, hər kəsdən ötrü, illah da bir azərbaycanlı üçün həddindən artıq ciddi yüksəliş idi. Böyükağa Hüseynovun qabağına düşən, onu irəlilədən, ona təkan verən arxası, dayağı yox idi. Nəyə müvəffəq olurdusa, öz əməyinin, qabiliyyətinin sayəsində idi. Onu görmüşdülər, biliyini, istedadını qiymətləndirmişdilər ki, irəli çəkmişdilər və məsul vəzifələr vermişdilər. Ancaq təxminən 13 il siyasi vəzifələrdə, partiya işində çalışmışdı və həmişə də çox məsul, yüksək vəzifələr tutmuşdu. Bu isə elmi və bədii yaradıcılığı istisna edən karyera idi. Özü mənə söyləyirdi ki, bizə qəti tapşırıq vardı ki, partiya işindəsənsə, vəzifə tutursansa, elmi, ədəbiyyatı, digər məşğuliyyətləri mütləq bir qırağa qoymalısan, çünki onlar səni əsas işindən ayıracaq, burada daha çox fayda vermək imkanlarını nə şəkildəsə azaldacaq.

Bu da Böyükağa müəllimin xatirələrindəndir ki, Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışdığı zaman günlərin birində şöbələrinin müdiri onların iş otağına girir. Əməkdaşlardan birinin masasının üstündə əsas işinə dəxli olmayan digər məşğuliyyətinin izini görür. O işçinin də yazı-pozusu varmış, hansısa jurnal üçün məqalə hazırlayırmış və ayrı-ayrı kitablar, qeydləri olan vərəqlər masasının üstündə düzülübmüş. Şöbə müdiri buna şahid olunca ləngitmədən təqdimat hazırlayır, həmin adamı qoyulmuş şərti pozduğuna, iş vaxtı başqa məsələlərə vaxt ayırdığına görə vəzifəsindən kənarlaşdırırlar.

Böyükağa Hüseynov isə ədəbiyyatsız, elmsiz qala bilmirdi. Özü də söyləyirdi, sonralar övladları da bunu danışıblar ki, istər Bakı, istərsə də Moskvada, partiya işindəykən ölçüsüz iş rejimində çalışır, iş rəsmən saat 5-də, 6-da bitsə də, bəzən 7-yə, 8-ə, hərdənsə hətta 9-dək kabinetdə cari yazı-pozuyla məşğul olurmuşlar: tapşırıqlar vardısa, hökmən yerinə yetirilməli idi, ona görə də çox zaman evə yorğun-arğın gəlirmiş. Böyükağa Hüseynov intizamlı adam idi və "olmaz" deyildiyindən işdə yaradıcılıqla məşğul olmaq məsələsini qatlayıb qoymuşdu bir kənara. Ancaq qələminə, şeirinə, elminə də dönük çıxmırmış. Yuxusunun hesabına vəfasını sübuta yetirirmiş. Yuxusundan kəsirmiş - gecə 1-ə, 2-dək otururmuş, hərdən lap işıqlananacan qələm-kağızı ilə olurmuş. Həmin 1950-ci illərin yazıları da qalmaqdadır. Hər birinin altında tarixi var: hansı ildə, hansı ayda, hansı gündə yazdığını göstərib. Baxıb sıraladıqca görürsən ki, məhz həmin hərbi-siyasi, məsul dövlət qulluqlarında olduğu illərdə, aylarda, günlərdə bədii və elmi yaradıcılıq baxımından da əsla bekar dayanmayırmış, həmişə yazıb-yaradırmış.

1960-1961-ci illər Böyükağa Hüseynovun siyasi karyerasında əlamətdar dövr idi. Əvvəlcə Moskvada, Kremldə ona vəzifə verilməsi, ardınca isə Asiya Xalqları İnstitutuna məsul işə gətirilməsi, gələn kimi baş elmi işçi təyin edilməsi azərbaycanlıların Moskvada yüksək vəzifələrdə barmaqla sayılacaq qədər az olduğu bir zamanda, əlbəttə ki, fərəhləndirici uğur idi və bunu Bakıdakılar, bizim Mərkəzi Komitədə oturan, kadr siyasəti ilə məşğul olanlar da müşahidə etməmiş deyildilər.

Böyükağa Hüseynov elə Moskvada olduğu həmin dövrdə - 1962-ci ildə "Mütərəqqi fars poeziyasında sovet mövzusu" adlı namizədlik dissertasiyasını müdafiə edir.

İrəliləyişi üçün üfüqlər bir az da geniş açılır. Ancaq Vətən onu çəkirdi, Azərbaycana qayıtmaq istəyirdi. Görünür, hansısa məqamlarda istəyini anlada bilmişdi və onun Bakıya qayıtmasına icazə verilmişdi.

Böyükağa artıq nomenklaturada idi və onun Moskvadakı irəliləyişinin Bakıdan görünməsi, heç şübhəsiz ki, elə həm də oradan birbaşa təkan şərait yaratmışdı ki, respublikaya qayıdınca Elmlər Akademiyasına yönəldilsin, Yaxın və Orta Şərq Xalqları İnstitutunda direktor müavini təyin edilsin. Amma Böyükağa Hüseynov institutda işə başlayanda ona eyni zamanda həm də İran filologiyası şöbəsinin müdiri vəzifəsi verilmişdi.

Bakıya gəlib çatanacan Böyükağa Hüseynov mükəmməl həyat, elm və dövlətçilik məktəbi keçmişdi. Onun Moskva illərinin ən əhəmiyyətli qazanclarından biri orada görkəmli alimlərlə ünsiyyət, böyük elmlə baş-başa yaşanmış, həyəcanı heç vaxt sönməyəcək, solmayacaq günlər, saatlar idi.

XX yüzildə şöhrəti Sovet İttifaqından çox-çox kənarlara yayılmış və yaratdıqları bu gün də yaşayan, gələcəkdə də dəyərini saxlayacaq Vasili Bartold (1869-1930), Aqafangel Krımski (1871-1942), İqnati Kraçkovski (1883-1951), Vladimir Qordlevski (1876-1956) kimi zirvə alimlər vardı - bunlar nəhənglər idilər və o misilsizlərdən biri də Yevgeni Eduardoviç Bertels idi (1890-1957).

Əsasən İran ədəbiyyatı, farsdilli poeziya üzrə mütəxəssis olan Yevgeni Bertels Azərbaycanın dostu və xeyirxahı idi. Nizami Gəncəvi haqqında ilk böyük monoqrafiyanın müəllifi, "Azərbaycan şairi Nizami" adlı əsərin də yazanı məhz professor Yevgeni Bertelsdir.

Yevgeni Bertels ömrü boyu Azərbaycanı sevmişdi, Azərbaycana sadiq olmuşdu və Azərbaycanın neçə görkəmli şərqşünas alimə çevriləcək gəncinin də müəllimi, ustadı məhz Bertels idi. Onları yetişdirirdi, onlara Moskva elmi mühitində havadarlıq edir, yol açırdı. Böyükağa Hüseynovun da müəllimi Bertels olmuşdu. Böyükağa Hüseynov müəllimi Bertelsi həmişə məhəbbətlə yad edirdi və danışırdı ki, Bertelsin yetirmələrindən iki nəfər, iki azərbaycanlı, o - Böyükağa Hüseynov və Qəzənfər Əliyev bu böyük alimə daha yaxın idilər. Söyləyirdi ki, biz Bertelslə ötən hər anı qənimət sayar, yanından əl çəkməzdik. Çünki Bertelsin ağzından çıxan hər kəlmə bizimçün bir tütyə, qızıl kimi idi, o, bilik, mərifət saçırdı, ondan hər ləhzə öyrənmək imkanı vardı.

Belə çətinlikləri adlaya-adlaya, usanmadan, bezmədən, qarşıdakı elm işığından güc və ləzzət alaraq oxumuş, çalışmış, yaşamışdılar. Ona görə də iz qoya bildilər. Ona görə də gedəndən sonra da adları yaşayır.

1950-60-70-ci illərdə şərqşünaslıq Sovet İttifaqında xüsusi prestijli tədqiqat istiqamətlərindən idi. Çünki bu, sadəcə, elm sahəsi deyildi. Bu, Sovet dövlətindən ötrü həm də siyasət idi. Onun Yaxın və Orta Şərqdə apardığı siyasətdə arxalandığı əsas dayaqlardan biri məhz Şərqşünaslıq İnstitutu idi. Kreml oradan daim müxtəlif məsələlər üzrə arayışlar, təhlillər istəyirdi və institutda güclü alimlər dəstəsi çalışırdı ki, bu tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir idi.

Böyükağa Hüseynov Moskvadan Bakıya qayıdaraq Yaxın və Orta Şərq Xalqları İnstitutunda fəaliyyətə başlayanda həmin təcrübələri də özü ilə gətirmişdi, o, bir adamda iki şəxsiyyəti birləşdirirdi: həm siyasət, həm dövlət adamı idi. Filoloji elmin, orientalistikanın ehtiyac duyduğu araşdırmalar öz yerində, həm Moskvada və Bakıda Mərkəzi Komitədə, həm SSRİ paytaxtındakı ünlü Asiya İnstitutunda  işləyərkən Böyükağa Hüseynov dövlətə də Şərq siyasəti ilə bağlı elmdən nələr gərək olduğunu, dövlət siyasətinin maraqlarını təmin edəcək hansı işləri yerinə yetirməyin lazım olduğunu, bu institutdan nələr istənilə bilərin hüdudlarını yaxşı dərk etmişdi. Həmin səbəbdən də Bakıda Elmlər Akademiyasında çalışdığı vaxtlarda Yaxın və Orta Şərq Xalqları İnstitutunda direktor müavini vəzifəsini yerinə yetirərkən o, müəyyən dərəcədə dövlət və elm arasında da bir səriştəli əlaqələndirici, yalnız yuxarıdan gələn tapşırıqları yerinə yetirməyib, yuxarılara ideyalar, təkliflər verən bilgin koordinator vəzifəsini yerinə yetirir, bütün başqa faydalı elmi fəaliyyətləri ilə yanaşı, mütəmadi olaraq Yaxın və Orta Şərq ölkələri ilə əlaqədar sanballı hesabatların, təhlillərin hazırlanmasına səylər qoyurdu. Böyükağa Hüseynov 1962-ci ildən 1981-ci ilə qədər Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda direktor müavini vəzifəsini yerinə yetirdi. Sonra rəhbərlik dəyişdi və akademik Həmid Araslının yerinə akademik Ziya Bünyadov gətirildi. İllərcə institutun ağırlığını çiyinlərində daşımış Böyükağa Hüseynov da vəzifəsindən gedəsi oldu. Ancaq o da, Həmid Araslı da çoxdan ictimai əsaslarla müdiri olduqları şöbələrin rəhbəri kimi qaldılar. Lakin çox tezliklə Həmid müəllim rəhbərliyin heç bir baxımdan qəbul edilməyəcək münasibətini şəxsiyyətinə sığışdırmayaraq, yəqin ki, akademiya rəhbərliyinə müraciət etdi və onu Əlyzamalar İnstitutuna köçürdülər. Böyükağa Hüseynova da qısqanc münasibət vardı. Bunun bir sıra başqa səbəbləri ilə yanaşı, bu amil də vardı ki, Böyükağa Hüseynov Azərbaycanda şərqşünaslıq ixtisası üzrə Elmlər Akademiyamızın müxbir üzvü seçilmiş ilk alim idi (1980, mart), söz yox, yaşasaydı, bir neçə il sonra növbəti seçkilərdə elə həqiqi üzv də seçiləcəkdi. Təbii, vəzifədə olması da bu istiqamətdə müsbət təsirini göstərəcəkdi. Böyükağa Hüseynovun - bir azərbaycanlının sanki sevinilməli olan bu uğuruna gizlətmədən həsəd aparanlar vardı. 

Böyükağa Hüseynov institut rəhbərliyindən kənarlaşdırılsa da, 1962-ci ildən ictimai əsaslarla rəhbərlik etdiyi "İran filologiyası" şöbəsinin müdiri kimi vəzifəsində qalırdı, ürəklə, şövqlə işini aparırdı, lakin sıxma-boğmalar da davam edirdi. Baş verənlərin bəd təsiri özünü göstərməyə bilməzdi. Bütün bu təzyiqlər həssas insan Böyükağa Hüseynovun səhhətini laxlatdı.

1960-70-ci illər Azərbaycan şərqşünaslığının parlaq dövrüdür. O dövrdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində hərəsi bir neçə məziyyətiylə üstün qiymətli alimlər çalışırdı.  Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu isə əsl mərkəz idi. Rəhbərlikdə çox uğurlu tandem - direktor Həmid Araslı, müavini Böyükağa Hüseynov. İnstitutun şöbələrində hərəsi Azərbaycanın bir şərqşünaslıq ulduzu olan alimlər - filosoflar Əbdülhüseyn Agahi, Əhməd Əminzadə; mətnşünaslar Əbdülkərim Əlizadə, Ağamir Quliyev, Tahir Məhərrəmov, Əbülfəz Rəhimov, ədəbiyyatşünaslar Əkrəm Cəfər, Həmid Məmmədzadə, tarixçilər Ziya Bünyadov, Tağı Şahin, Mirqasım Çeşmazər, Raufbəy Seyidov, Şövkət Tağıyeva, Rauf Hüseynov, onlarla yanaşı nisbətən cavan parlaqlar, onlardan da gənc, çox keçmədən Azərbaycanın aparıcı şərqşünaslarına çevriləcək gənclər... digərləri. Onların hər yeni məqaləsi, hər təzə kitabı mühitdə hadisəyə çevrilirdi. Heyiflər ki, institut rəhbərliyindən o gözəl tandem gedəndən sonra asta-asta çöküş başlandı, qüdrətli kollektivin üzvləri bir-bir oradan aralandılar, yaxud kənarlaşdırıldılar, daha bərpa olunmayacaq solğunlaşma, geriləmə başlandı.

1960-cı illərin sonlarında artıq Böyükağa Hüseynov doktorluq dissertasiyasını tamamlamaq üzrə idi. O, İran ədəbiyyatında farsların "şer-e no" - "yeni şeir" dediyi cərəyanla məşğul idi. Əslində bu cərəyanın da təməlində dayanan yeni fars şeirinin qurucularından biri, azərbaycanlı şair Həbib Sahir idi. Böyükağa Hüseynova nəsib olmuşdu ki, 1970-ci ildə yanvar-mart boyunca İrana elmi ezamiyyətə getsin. Məqsəd birbaşa ölkənin içərisində olmaq, arxivlərdə işləmək, yaşayan şairlərdən müsahibələr almaq və dissertasiyasını daha zəngin bir hala gətirmək idi. İranın bir sıra oçağkı görkəmli alim və ədibləri ilə, o sıradan Həbib Sahirlə də görüşləri, kitabxana və arxivlərdə apardığı iş dissertasiyasının yetərincə sanballı alınmasına çox kömək etdi. Həmin illərdə İran mövzusunda, xüsusən də müasir dövrə aid bizlərdə yazılan əsərlərin əsas qüsuru ən son mənbələrlə tanış ola bilməmək idi. Əlaqələr, get-gəllər zəif idi, alimlərimizin xarici ölkələrlə rabitələr qurmaq imkanı son dərəcə məhdud və nəzarət altında idi. Böyükağa Hüseynova isə belə bir nadir girəvə nəsib olmuşdu. Əlbəttə, ona belə uzun müddətə səxavətlə elmi ezamiyyət icazəsi verilmişdisə, əvəzində qarşısında qoyulan tələblər də vardı. Sovetin xarici siyasətində o dönəmdə İranın mühüm yeri vardı, ölkədə gedən proseslər, əhalinin əhval-ruhiyyəsi, ictimai-siyasi həyatın vəd etdiyi perspektivlər haqda birinci əldən səhih məlumatlar çox lazım idi. Bu baxımdansa Böyükağa Hüseynov çox münasib seçim idi. Həm yaxşı alim idi, həm də siyasi cəhətdən yetkin, dövlət işinə yaxından bələd insandı. Ona görə də Böyükağa Hüseynova bu 3 ayda İran boyu şəhər-şəhər, kənd-kənd rahatca gəzib-dolaşmaq, ən müxtəlif təbəqələrin nümayəndələri ilə çoxsaylı görüşlər keçirmək icazəsi və imkanı verilmişdi.

1973-cü ildə Böyükağa Hüseynov "XX əsr İran poeziyasında ənənə və novatorluq" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etdi.

Bu mövzuyla o, qəlbən bağlı idi. Ümumiyyətlə, Böyükağa Hüseynovun xarakteri bu idi. Nə ilə məşğul idisə, ora bütün ürəyini verirdi. O dövrdə bizimlə eyni institutda işləyən, istedadlı rəssam və İranın kitab qrafikasından dəyərli bir dissertasiya yazaraq müdafiə etmiş, həmin əsərini də ayrıca bir monoqrafiya kimi nəşr etdirmiş sənətşünas alim Əli Minayi (1924-2002) Böyükağa Hüseynovun məhrəm dostlarından idi. Müasir miniatürçülüyün ən təkrarsız təmsilçilərindən biri olan Əli Minayinin şair təbi də vardı və doktorluq dissertasiyasının müdafiəsi ərəfəsində Böyükağa Hüseynova hədiyyə etməkçün dostluq şarjı olaraq portretini çəkmiş, altında da zarafatyana bir beyt yazmışdı. O iki misranı guya Böyükağa Hüseynov deyirdi. Zarafat zarafatlığında, amma elə o qoşa məzəli sətirdə həqiqət də sərrast ifadə olunurdu:

Şer-e no, şer-e no,

Səndən ötrü gedirəm sino.

Elmi araşdırmalar öz yerində, şeir həmişə Böyükağa Hüseynovla birgə idi. Ancaq belə məlum olur ki, yalnız şeir yox, həm də fırça. Böyükağa Hüseynov həm də rəssam idi. Onun fırçasından, rəngli qələmlərindən çıxmış portretlər ən peşəkar rəssamların əsərlərindən geri qalmaz. Dostu, iş yoldaşı Əkrəm Cəfərin növbəti doğum günlərindən birində portretini çəkmiş, ona hədiyyə etmişdi.

Böyükağa Hüseynov klassiklərin də şəkillərini çəkmişdi, öz balalarının surətlərini də yaratmışdı. Hamısı bir-birindən qəşəngdir. Çünki gördüyü hər işə həssaslıqla yanaşır, rəsm çəkəndə o rənglərə məhəbbətini də qatırdı. Ona görə əlini nəyə vururdusa, nəticəsi gözəl olurdu.

Şeir isə onun həyatındakı məxsusi bir ada idi. Şərqşünaslıq İnstitutunda dəhlizin sonunda direktor müavini olaraq balaca bir otaqda əyləşirdi. Haçan otağına girirdimsə, onu yazıb-pozan görürdüm. Təbii ki, institutun gündəlik işlərinin sənədləri, yazışmalar bəs deyincə idi, masanın üstünə qalaqlanmış kağızların bir yanında həmişə şeirləri görürdüm, elə gendən o vərəqlərdəkinin şeir olmağını yazının şəklindən, misraların düzümündən hiss edirdim. Şeir həmişə onunla idi, həm özü yazırdı, həm də fars poeziyasından tərcümələr edirdi. Nəsr də tərcümə edirdi, amma onun şeir tərcümələri daha gözəl idi. Çünki nəsri başqaları da edə bilərdi. Ancaq şeiri şeirlə çevirmək üçün gərək özün də şair olasan. Böyükağa Hüseynovun bu baxımdan üstünlüyü ondan ibarət idi ki, həm yaxşı şair idi, həm də farscanı gözəl bilirdi.

Böyükağa Hüseynov dilimizi çox sevirdi. Yalnız ona görə yox ki, onun çörək ağacı olan ədəbiyyat sözlə yaranır. Dilə onun nəvazişli, öz övladlarına bəslədiyi məhəbbət kimi incə münasibəti vardı. Böyükağa Hüseynov iranşünas idi, farsdilli ədəbiyyatın uzun tarixindən də yaxşı xəbərdar idi, fars dilinin gözəlliyindən, musiqililiyindən də zövq alırdı. Ancaq ana dili ilə farscanı müqayisə edəndə həmişə belə bir müqayisənin aparılmasının mümkünsüzlüyünə, bizim dilimizin farscadan neçə mərtəbə uca olduğuna işarəylə məşhur ifadəni işlədərdi ki, "İn koca vo, an koca?" - "Bu hara, o hara?!". Deyirdi ki, mən hər dəfə şeir yazdıqca bu dilin gözəlliyinə təzədən heyran qalıram. Başına gəlmiş bir əhvalatı danışırdı.

Bu, 1970-ci ildə İrana 3 aylıq məzuniyyəti gedişində olmuşdu. Azərbaycanlıların da qatıldığı, həm də ziyalı azərbaycanlıların, oxumuş azərbaycanlıların az olmadığı bir məclisdə imiş. Bizimkilərdən biri qayıdır ki, fars dili ilə müqayisədə bizim dilimiz çox zəifdir, çünki çox mətləbləri ifadə etmək olmur, amma mən farsca çox rahatca istədiyim fikri yazıram da, deyirəm də.

Böyükağa müəllim dərhal qəzəblə onun sözünü kəsmişdi, söyləmişdi ki, siz ana dilində fikirlərinizi ona görə rahat ifadə eləyə bilmirsiniz ki, Azərbaycan dilində mükəmməl təhsil almamısınız, ana dilində yaranan ədəbiyyatı kifayət qədər oxumamısınız. Əgər lazımi qədər oxusaydınız, ana dilini mükəmməl bilsəydiniz, bu dildən siz də zövq alardınız və ürəyinizdən keçən, ağlınıza gələn istənilən mətləbi ən gözəl şəkildə ifadə edərdiniz.

Bu hadisə səbəb olmuşdu ki, çox sevdiyi ana dilinə olan məhəbbətini şeirə çevirsin və bu da rəmzidir ki, həmin şeiri Böyükağa Hüseynov Azərbaycanda, Bakıda deyil, 1970-ci ilin yanvarında Tehranda yazmış, "Heydərbaba şairi" Məhəmmədhüseyn Şəhriyara həsr etmişdi:

Müqəddəssən anam, vətənim qədər,

Namərdəm, qədrini bilməsəm əgər.

Bal-şəkər olsa da yabançı dillər,

Sən mənə baldan da dadlısan, dilim.

Şivəli, ləhcəli, al-əlvan dilim!

Qeyrətimiz varkən yaşayacaqsan,

Xalqın mənliyini daşıyacaqsan.

Sən ümid doğuran nurlu çıraqsan,

Parla günəş kimi hər zaman, dilim,

Hər vətən oğluna şərəf, şan dilim!

Böyükağa Hüseynov duyğulu insan idi və yəqin, elə bu səbəbdən də onun şeirlərinin böyük hissəsi lirik qoşqulardan ibarətdir. Amma eyni zamanda, o həm də zərif yumor hissli, hazırcavab, iti sözlü insan idi. Səbəbsiz deyil ki, həmin ovqatdan onun bir silsilə satirik şeirləri də yaranıb.

1950-60-70-ci illərdə "Kirpi" jurnalı Azərbaycanda çox populyar idi. "Kirpi"yə yeni dövrün "Molla Nəsrəddin"i də deyirdilər. Onun hər yeni buraxılışını insanlar həvəslə gözləyirdilər. İstər Seyfəddin Dağlının redaktorluğu dönəmi olsun, istər Salam Qədirzadənin vaxtı, "Kirpi" əl-əl gəzirdi və Böyükağa Hüseynov da "Kirpi"nin sabit müəlliflərindən idi. "Kirpi"də isə elə bir meyarlaşmış hündürlük vardı ki, hər müəllifi yaxına buraxmırdı. Birincisi, "Kirpi" üçün yazmaq çətin idi, daha çox Sabiranə, əruz vəznində olan şeirlərə ehtiyac vardı. Həm də bu jurnaldan elə müəlliflər keçmişdilər, səhifələrində elə tutarlı yazılar, elə ağır-batman imzalar qalırdı ki, ondan sonra naşı bir şairin, nisbətən zəif misranın, ya şeirin orada görünməsi mümkünsüz idi.

Onun "Kirpi"nin səhifələrində yer almış "Folklor və daxili xəstəliklər", "Məsələn, mən", "Qonşular", "Prinsipsiz demaqoq" kimi yumoristik hekayələrinin hər biri kəsərli ictimai məzmunundan əlavə müasir satira dilimizin diqqətəlayiq örnəkləri kimi əhəmiyyətlidir. Lakin Böyükağa Faiqin nəsr dili nə qədər rəvan, nə qədər cazibədardırsa, onun satirik şeirlərinin sağlam əruzlu və duz-istiot qatışıq istehzalı, rişxəndli, eyhamlı dili bir o qədər çəkicidir.

Böyükağa Faiqin satirik şeirləri əksərən Sabiranə idi və onun bu qəbil qoşqularında "Molla Nəsrəddin"çi şairlərlə səsləşmə duyulmaqdadır. Böyükağa Faiqin də öz "Millət necə tarac olur-olsun"u  vardı və bu da onun "Liberalların himni" şeiri sayıla bilər:

İstəsən ömrün uzansın, liberal olmalısan,

Qulağı kar, gözü kor, nitqi də lal olmalısan.

Birisi rüşvət alır, vicdanı yoxdur, sənə nə?

Birinin xidməti az, hörməti çoxdur, sənə nə?

Birinin ağzı zəhər, sözləri oxdur, sənə nə?

İşləri yoxsa səninlə, dili lal olmalısan,

İstəsən ömrün uzansın, liberal olmalısan.

Düzlüyə cəhd edənin halına bir qıl tamaşa,

O ya infarkt, ya da xərçənglə vurur ömrü başa,

Məqsədin dinc yaşamaqdırsa, nə hacət savaşa?

İstəsən ömrün uzansın, liberal olmalısan,

Qulağı kar, gözü kor, nitqi də lal olmalısan.

Müxtəsər, insana bənzər qaramal olmalısan. 

Böyükağa Hüseynov kinayə ilə belə ömrü boyu heç vaxt laqeyd, biganə olmadı və şeirində dediyi kimi, belə insanların da ürəyinin yükü həmişə lap çox olur.

...1983-cü ilin may ayında Azərbaycan böyük bir bayram qarşısında idi. Mayın 25-i ilə 27-si arası Bakıda şərqşünasların II Ümumittifaq konfransı keçiriləcəkdi. Həmin konfransda iştirak etmək üçün Sovet İttifaqının oçağkı ən məşhur şərqşünaslarının hamısı paytaxtımızda idi. Hamısının da çox maraqlı məruzələri olacaqdı. Yəqin ki, bir neçə gün ərzində iş-güclə dolu gərgin konfransın episentrində olmuş Böyükağa Hüseynov tədbir tam yekunlaşandan sonra bu mühüm hadisəylə bağlı olub-keçənləri təhlil edən, bu elm bayramının mədəniyyətimizdə, düşüncə həyatımızda qalan izləri haqqında ayrıca məqalə də yazacaq, təəssüratlarını bölüşəcəkdi. Ancaq mayın 31-i çatır. Uğurla keçmiş konfransa gələnlərin heç də hələ hamısı Bakını tərk edərək öz evinə-eşiyinə gedib çatmamışdı. İnanılmaz xəbər hər kəsi yerindəcə dondurur. Böyükağa Hüseynov artıq yoxdur. Dünənəcən deyib-gülən, insanlarla birgə olan, məclisin başında dayanan, bayram ovqatıyla daşan bir insanın ürəyi dayanmışdı.

Əlbəttə ki, bu, onu tanıyanlar, sevənlər, Azərbaycan ədəbi-elmi mühiti üçün, mədəni gerçəkliyimizdən, ziyalılığımızdan ötrü çox ağır itki idi. Çünki Böyükağa Hüseynov kimi insanların varlığı yalnız onların yazıb-yaratdıqları deyil. Belə insanların varlığı və uzun yaşaması ona görə gərəkdir ki, bu zümrədən olan üstün şəxsiyyətlər varlıqlarıyla mühit yarada bilirlər. Getdi və bir mühitimiz də azaldı...

25 yanvar 2026

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
525.az

1Mənbələr