AZ

Şimali Atlantika Alyansının yeni Arktika strategiyası

NATO Uzaq Şimalda təhlükəsizliyi gücləndirmək üçün "Arktika keşikçisi" missiyasına başlayır

NATO-nun yüksəkvəzifəli hərbi rəsmisi bildirib ki, alyans "Arktika keşikçisi" missiyası vasitəsilə bölgədəki təhdidlərin qarşısını almağa çalışır. Keçən ay Davosda ABŞ Prezidenti Donald Trampla NATO-nun Baş katibi Mark Rutte arasında keçirilən görüşdə razılaşdırılmış yeni çoxşaxəli səy regiondakı 32 müttəfiqin fəaliyyətini ortaq əməliyyat strategiyası çərçivəsində birləşdirməklə NATO-nun Arktika və Uzaq Şimaldakı mövqeyini gücləndirməyi hədəfləyir.

Bəyanatda deyilir ki, bunlara Danimarkanın "Arktika dözümlüyü" - müttəfiqlərin regionda fəaliyyət göstərmək qabiliyyətini artırmaq üçün hazırlanmış bir sıra çoxşaxəli təlimlər  və Norveçin qarşıdan gələn "Soyuq cavab" təlimi daxil olacaq. Artıq əraziyə alyansın hər yerindən qoşunlar gəlməyə başlayıb. 

M.Rutte jurnalistlərə bildirib ki, Rusiyanın hərbi fəaliyyətinin artması və Çinin Uzaq Şimala artan marağı qarşısında daha çox iş görməyimiz vacib idi: "İlk dəfə olaraq Arktikada etdiklərimizi vahid komandanlıq altında birləşdirəcəyik. Bu bizə nəinki gördüyümüz işlərdən daha səmərəli istifadə etməyə və daha böyük təsir göstərməyə, həm də doldurmalı olduğumuz boşluqları qiymətləndirməyə imkan verəcək və əlbəttə ki, onları dolduracağıq". NATO-nun yüksəkvəzifəli hərbi rəsmisi Şimali Atlantika Alyansının Arktikadakı mövcudluğunun zamanla inkişaf edəcəyini etiraf edib və bunun alyansın şərq cinahındakı səylərini əks etdirdiyini bildirib: "Bunun bir hissəsi geniş və sərt bir bölgə haqqında məlumatlığımızı artırmaqla bağlıdır. Bu bölgədə fəaliyyət göstərmək müəyyən bacarıqlar tələb edir - bir ittifaq olaraq zamanla inkişaf etdirməli olduğumuz bacarıqlar. Baltikyanı ölkələrdə çox uğurla etdiyimiz kimi, milli fəaliyyətləri NATO fəaliyyətləri ilə birləşdirmək baş verənləri izləmək qabiliyyətimizi artırır. Bu, irəlilədikcə daha yaxşı planlaşdırma və icra etməyə imkan verir".

NATO rəsmisi iddia edir ki, "Arktika keşikçisi" alyansın təhdidlərini necə "qabaqlamağa" çalışdığının nümayişidir: "Biz kabel kəsilməsi hadisəsini və ya məsələn, pilotsuz təyyarənin müdaxiləsini gözləmirik. Biz bunu qabaqlamağa çalışırıq". Uğurun nə demək olduğu ilə bağlı suala cavab olaraq o bildirib ki, müttəfiqlər Rusiya və Çinin Arktikadakı artan fəaliyyətinə necə reaksiya verəcəyini izləyəcək və lazım olduqda düzəlişlər edəcəklər.

Məlum olduğu kimi, D.Tramp ABŞ-nin Qrenlandiyaya milli təhlükəsizlik səbəbləri üzündən ehtiyacı olduğunu iddia edərək ərazidə Rusiya və Çinin artan fəaliyyətinə istinad edir və dəfələrlə Avropa müttəfiqlərini onun təhlükəsizliyini təmin etmək üçün kifayət qədər iş görmədiklərinə görə tənqid atəşinə tutub.

Atlantik okeanının iki tərəfi arasındakı mübahisə D.Tramp və M.Rutte "Qrenlandiya ilə bağlı gələcək razılaşma üçün çərçivə" barədə razılığa gəldikdən sonra həll edilib, lakin detalları açıqlanmayıb. ABŞ, Qrenlandiya və Danimarka hazırda üçtərəfli danışıqlar aparır. Rutte bildirib ki, alyans Rusiya və Çinin Arktikadakı fəaliyyətini real təhlükə hesab edir. O əlavə edib ki, "keçmişdə gördüklərimizi - dəniz yollarının açılmasını nəzərə alaraq bilirik ki, bunlar daha da güclənəcək və ona görə də NATO ərazisinin bu vacib hissəsini qorumağımızı təmin etməliyik".

Müttəfiqlərin yaxın aylarda bölgəyə fərdi olaraq qüvvələr və aktivlər yerləşdirməsi gözlənilir. Artıq pəsmi London Norveçdə yerləşən britaniyalı hərbi qulluqçularının sayını üç il ərzində ikiqat artıracağını - 1000 nəfərdən 2000 nəfərə çatdıracağını və Britaniya qoşunlarının NATO-nun "Arktika keşikçisi" missiyasında mühüm rol oynayacağını açıqlayıb.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr