AZ

Sıxır məni şəhərdəki günlərim... “Səksənincilər layihəsindən Qoca Xalidin şeirləri

Kulis.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kulis.az Nəriman Əbdülrəhmanlının təqdimatında “Səksənincilər” layihəsindən Qoca Xalidin şeirlərini təqdim edir.

Şair, tərcüməçi, Qoca Xalid (Zəkəriyyəyev Namizəd Xalid oğlu) 1954-cü il mayın 25-də Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olub. Azərbaycan Politexnik Universitetinə daxil olub (1970) lakin təhsilini davam etdirməyib, üç il BDU-nun filologiya fakültəsində təhsil alıb (1979-1982), sonralar Moskva Ali Ədəbiyyat kurslarını bitirib (1999). Bir müddət təsərrüfatda çalışıb (1976-1997), sonra Şəki Pedaqoji Məktəbində (2000-2002) işləyib. Hazırda Kiçik Dəhnə Kənd məktəbində müəllimdir (2002-ci ildən).Qoca Xalid yaradıcılığa “Namizəd Xalidoğlu” imzası ilə başlayıb, şeirləri dövri mətbuat orqanlarında, “Çinar pöhrələri” (1981), “Bahar çiçəkləri” (1982) almanaxında çap olunub. 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Sakit çöllərin mahnısı” (1986), “Bir dənizdən yeddi damla” (1993), “Yaz suları” (1996), “Bu su dəhnədən gəlir” (2000) kitablarının müəllifidir.

Qoca Xalid rus ədəbiyyatından bədii tərcümə ilə ardıcıl məşğul olur, N.Pubtsovun, V.Vısotskinin, Y.Kuznetsovun yaradıcılığından nümunələri dilimizə ustalıqla çevirib.

KÖVŞƏN İYİ

Boyu balacadı sətrinə görə,

Bununçün kiməsə bir işi düşməz.

Mənim şeirlərim ətrinə görə−

Heç kəsin şeirilə dəyişik düşməz;

Kövşən iyi gəlir şeirlərimdən.

Ulu qaynaqlara bağlıdır kökü,

Di gəl ki, taleyi məni yandırır;

Hələlik birini özünə çəkib,

Yüzünün burnunu qıcıqlandırır−

Kövşən iyi gəlir şeirlərimdən.

Kəsir qabağımı küləklər bəzən,

Saçımdan yapışır, dizimə döyür.

İş elə gətirib, sevdiyim gözəl

Şeirimi oxuyub gözünü döyür;

Kövşən iyi gəlir şeirlərimdən.

Pərişan-pərişan susur çinar da,

Dərdini üzümə deyəmmir mənim.

Bəlkə kəndimizdə əkinçilər də −

Heç bircə misramı bəyənmir mənim;

Kövşən iyi gəlir şeirlərimdən.

Düşmən sevincini duydum uzaqdan,

Bezdim dinləməkdən dost gileyini...

Süni ətirlərin artdığı vaxtda

Sevən olacaqmı kövşən iyini?−

Kövşən iyi gəlir şeirlərimden.

XATİRƏLƏRDƏN YAĞAN YAĞIŞ

Çəmənə, çiçəyə, yarpağa yağar,

Son qoyar çöllərin sarı qəminə.

Gündüz yağan yağış torpağa yağar,

Gecə yağan yağış mənim qəlbimə.

Gecə də, gündüz də parlayıb, sönər−

Şimşəklər odlayar buludları da.

Gündüz yağan yağış daşlarda dinər,

Gecə yağan yağış –duyğularımda.

Bu yaz yağışının yolu uludu,

Yağar, göydən yerə xəbər gətirər.

Gündüz yağan yağış adicə sudu−

Gecə yağan yağış – həzin xatirə.

Damcılar nur olub qəlbimə axar...

Mən də kövrək-kövrək deyərəm hərdən

Gündüz yağan yağış buluddan yağar,−

Gecə yağan yağış xatirələrdən.

***Mən necə unudum arxın üstünü,

Mən necə unudum o duzlu gölü?−

Axşam ocaqlardan çıxan tüstünü,

Səhər şeh altinda parlayan çölü?..

Bütün səfərlərdən məni az qala

Həmişə saxlayar torpağa sevgim.

Ömrüm tükənsə də, tükənməz qalar

Ağaca, budağa, yarpağa sevgim.

Tarlanın üstündən bulud keçəndə.

Üfüq saralanda, durna köçəndə

Qəribə duyğular sarar canımı.

Ürək ilham üstə kökləyər məni,

Ən gözəl hisslərim təkləyər məni−

Şeirlə boğaram həyəcanımı...

***Ay işığı altında yatır yaşıl çəmənlər,

Çinarların kölgəsi dağlara çatıb indi.

Bütün günü günəşdən bolluca nur əmənlər

Bu çöllərin qoynunda uyuyub yatır indi.

Hiss edirəm ətrini dursam belə uzaqda,

Saralan biçənəklər kövşən iyi qoxuyur.

Belə aylı gecədə, heç bilmirəm nə haqda−

Zilə çəkib səsini bildirçinlər oxuyur.

Səslərində giley var qəlblərinin qəmitək;

Hansı kövrək duyğunu ürəkdə bəsləyirlər?!

Eh, bəlkə də bu gecə bildirçinlər mənimtək−

Bu çöllərin adından günəşi səsləyirlər...

Ay işığı altında çöllər gedib uyğuya!

Biçənəklər elə hey kövşən iyi qoxuyur.

Dəm tutaraq bayaqdan qəlbimdəki duyğuya,

Zilə çəkib səsini – bildirçinlər oxuyur...

***Üfüqlərə qzıl halə çökəndə

Bu yerlərdən yana-yana gedirəm.

Əkinləri yaz suala çəkəndə

Mən şəhərə imtahana gedirəm.

Arxda suyun hər gecədən səhərə

Nəsə deyən axarını görmürəm.

Neçə ildi yollanıb bu səfərə,

Kəndimizin baharını görmürəm.

Sıxır məni şəhərdəki günlərim,

Görün, niyə dərdə-qəmə batıram?−

Mən gedəndə düymələnən güllərin

Qayıdanda, solmuşuna çatıram.

Kənddə mənsiz çiçək gülər, ot ağlar;

Ağacların budağına bar gələr...

İnstitutda qızla dolu otaqlar

Bahar çağı mənə yaman dar gələr.

Bir də geri qayıdarmı ötən an?−

Güllər bir də öz şaxını əyərmi?

Alnıaçıq qurtardığım imtahan

İtirdiyim bir bahara dəyərmi?!

***Çatan kimi dərədəki çaylağa

Birdə gördüm kefim-zadım durulur.

...O sərt cığır göy meşəli yaylağa,

Bu çəp cığır Daşbulağa burulur.

Kim deyir ki qaya kardır, dərə key...

Kim deyir ki mənim mahnım oxunub?!

Gəlişimə qucaq açan Tərəkey

Mürgüləyən hisslərimə toxunub.

Göz oxşayır min çeşidli hər boya.

Dağdan enib, geniş düzə çıxıram;

Duyduğumu – ürək adlı torbaya,

Gördüyümü yaddaşıma yazıram.

Unutmuram bütün ağrı-acını;

Nə olsun ki girən yoxdu qoluma?−

Külək özü sığallayır saçımı,

Günəş özü nur çiləyir yoluma...

***Sapsarıdı cığır, iz;

Xəzəl yağır başıma.

Gözləməzdim, belə tez−

Payız çıxar qarşıma...

Oyanıbdı necə də

Həm həsrətim, həm qəmim.

Ta gündüz də, gecə də

Küləklərdi həmdəmim.

Yan-yörəmdə dolanıb

Haray-həşir qoparır.

Xəyalımı elə hey –

Uzaqlara aparır.

Yapışaraq qolumdan

Pıçıldayır: "Gəl, gedək!"

Çıxardacaq yolumdan

Deyəsən, məni külək...

Yox! Küləyə qoşulmaq

Yaraşarmı yaşıma?

Onsuz da hara getsəm −

Payız çıxar qarşıma.

Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri

Prezidentin qızı “Azərbaycan otağı”nda

Azərbaycan realist rəssamlığının banisi - O, hansı tablolarında erməni terrorunu çəkmişdi?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
1
kulis.az

2Mənbələr