AZ

Üçüncü Dünya müharibəsi üçün tarix verildi

BAKI, 13 fevral. TELEQRAF

Qərb ölkələrinin sakinləri dünyanın qlobal müharibəyə doğru hərəkət etdiyinə çox inanırlar. ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələrinin vətəndaşları yaxın beş il ərzində Üçüncü Dünya müharibəsinin başlamasını tam real ssenari hesab edirlər. Amma bu narahatlığın kəskin artmasına baxmayaraq, Qərb cəmiyyətləri öz müdafiələrinin gücləndirilməsi naminə maliyyə fədakarlıqları və vergilərin artırılmasına hazır deyillər.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” öz sorğusunun nəticələrinə əsasən yazır.

Yeni qlobal müharibə proqnozlaşdıranların payı müstəqil sosioloji xidmət olan “Public First” bu sualı 2025-ci ilin martında verdiyi vaxtdan bəri kəskin şəkildə artıb.

“Qərb ictimai rəyində bir ildən də az müddətdə baş verən bu dəyişiklik müharibənin mümkün, ittifaqların isə qeyri-sabit sayıldığı daha təhlükəli dünyaya doğru dramatik sürünməni əks etdirir”, - deyə “Public First”ün sorğular üzrə rəhbəri Seb Rayd bildirir.

Nəşrin sorğusu göstərir ki, Qərb ictimaiyyətləri artan hərbi xərclərin maliyyələşdirilməsi üçün fədakarlığa çox az hazırdır. Prinsip etibarilə Böyük Britaniya, Fransa, Almaniya və Kanadada müdafiə büdcələrinin artırılmasına geniş dəstək olsa da, bu addımın dövlət borcunun artması, digər xidmətlərin ixtisarı və ya vergilərin yüksəldilməsi demək olduğu məlum olanda, dəstək kəskin azalır.

“Artan müharibə qorxusu liderlərə müdafiə xərclərini kəskin artırmaq üçün kart-blanş vermir. Əksinə, vətəndaşlar hərbi təhlükəsizliyin yaxşılaşdırılması üçün tələb olunan kompromislərə daha az hazırdır. Avropa liderləri dalana dirəniblər, ABŞ-yə də arxalana və bunu daxili investisiyalar üçün əsas kimi istifadə edə bilmirlər və müharibənin əvvəlkindən daha yaxın göründüyü dünyada bu problemi təcili həll etmək təzyiqi altındadırlar”, - Rayd qeyd edir.

Dörd ildir davam edən Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyinə dair əlamətlərin olmaması, eləcə də Donald Trampın prezidentliyi dövründə ABŞ-nin İran, Suriya, Venesuela və Afrikadakı hərbi əməliyyatları fonunda qərblilər qlobal toqquşma riskinin artdığını görürlər.

Bu tendensiya xüsusilə Böyük Britaniyada daha aydın görünür: respondentlərin 43 faizi 2031-ci ilə qədər yeni dünya müharibəsinin başlayacağını düşünür. Beş ölkə arasında yalnız Almaniya sakinləri yaxın beş ildə üçüncü qlobal müharibəni az ehtimallı hesab edirlər.

Ayrı-ayrı ölkələrin hərbi münaqişələrdə iştirakına gəlincə, ABŞ respondentləri öz ölkələrinin yaxın beş ildə müharibə vəziyyətinə düşəcəyini digərlərindən daha çox ehtimal edirlər, onun ardınca Böyük Britaniya və Fransa gəlir. Həmçinin ABŞ, Böyük Britaniya, Fransa və Kanadada ən azı hər üç nəfərdən biri nüvə silahının yaxın beş ildə başlaya biləcək Üçüncü Dünya müharibəsində istifadə ediləcəyinə inanır.

Sorğuya görə, Rusiya Avropada sülh üçün əsas təhdid kimi görülür, kanadalılar isə təhlükəsizlik üçün ən böyük risk kimi Trampın rəhbərlik etdiyi ABŞ-ni göstərirlər. Fransa, Almaniya və Böyük Britaniyada respondentlər ABŞ-ni Çindən sonra ikinci ən böyük təhdid hesab edirlər.

Seçilən
43
teleqraf.com

1Mənbələr