AZ

Avrasiyanın strateji körpüsü

Mövcud geosiyasi reallıqlar şəraitində bütün dünyada, o cümlədən də Avrasiyada yeni nizam formalaşmaqdadır. Müxtəlif sahələrdə baş verən transformasiyalarda ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların  mövqe itkilərinə məruz qaldıqları, digərlərinin isə önə çıxdıqları, üstünlük qazandıqları açıq şəkildə müşahidə edilməkdədir.  Belə heç də adi olmayan bir şəraitdə Azərbaycanın mövqeyinin güclənməsi məmnunluq doğurur. Respublikamız aparılan uğurlu siyasətin nəticəsi olaraq yeni geosiyasi və geoiqtisadi dalğada yaxşı mənada fərqlənir və bu, ayrı-ayrı beyin mərkəzləri, nüfuzlu analitik qruplar və nəşrlər səviyyəsində də etiraf olunur. Nüfuzlu “Forbes” nəşrinin analitik məqaləsində ölkəmiz barədə yer alan fikirlər bunu bir daha təsdiqləyir.

Azərbaycanın üstünlüyünü şərtləndirən amillər

“Forbes” nəşrinin məqaləsində regionda izlənilən kritik geosiyasi yenidənqurma fonunda Azərbaycanın ön plana çıxaraq Avrasiya və Hind-Sakit okean regionu arasında strateji körpüyə çevrildiyinə xüsusi diqqət çəkilir. Həqiqətən də, son dərəcə əlverişli coğrafi yerləşməyə malik olması Azərbaycanın böyük üstünlüyüdür. Şimaldan Cənuba, Şərqdən Qərbə gedən əsas marşrutlar, o cümlədən son vaxtlarda aktuallığı əhəmiyyətli dərəcədə artan Orta Dəhliz məhz respublikamızın ərazisindən keçir.

Lakin ölkəmizin üstünlüyü yalnız coğrafiya ilə bağlı deyil. Dövlətin, şəxsən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkə ərazisindən keçən bütün marşrutların inkişafına hərtərəfli dəstək verilməsi Azərbaycanın üstünlüyünü şərtləndirən digər çox mühüm faktordur.

Tarixi İpək Yolunun üstündə yerləşən Azərbaycan müstəqilliyinin ilk illərindən bu marşrutun bərpasına həssas yanaşma sərgiləyir. Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının (Aİ) TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.

Bundan başqa, Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Respublikamız Orta Dəhlizin təşviqi məqsədi ilə də dəhliz üzərində yerləşən ölkələrlə sıx əməkdaşlıq həyata keçirir. Qeyd edək ki, 2022-ci il noyabrın 22-də Azərbaycan, Qazaxıstan və Türkiyə arasında “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illəri əhatə edən Yol Xəritəsi imzalanıb. 2024-cü il iyulun 3-də qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Məhz respublikamızın fəallığının, davamlı təşviq siyasətinin nəticəsidir ki, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan  və digər dövlətlər Orta Dəhlizin inkişafını hədəfləyən platformalarda birləşiblər. Bu platformalar çərçivəsində uzlaşdırılmış fəaliyyətlər Orta Dəhlizin cəlbediciliyinin artmasına güclü impuls verir. 2023-cü il noyabrın 23-də təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Plan”ı ölkəmizin tranzit potensialından daha səmərəli istifadəyə imkanlar yaradır. Orta Dəhliz üzrə yükdaşımaların artması məqsədilə yüklərin həm dəmir yolları, həm də avtomobil yolları ilə sürətli və səmərəli şəkildə daşınması təmin edilir.

Sadalanan faktlardan da göründüyü kimi, Azərbaycan böyük coğrafiyada kommunikasiyaların təhlükəsizliyi və səmərəliliyi üçün ən əlverişli məkandır. “Forbes”də dərc ounan materialın müəllifləri qeyd ediblər ki, izlənilən proseslər Şərqi Avropa və Qara dənizdən Türkiyə, Cənubi Qafqaz, Xəzər, Mərkəzi Asiya, Cənubi Asiya vasitəsilə Ərəbistan dənizinə qədər uzanan yeni geoiqtisadi məkan yaradır. “Tarixən bu geniş quru sahəsi rəqib imperiyaların - yunan, fars, Roma, Bizans, ərəb, türk, monqol və rus imperiyalarının qarşıdurma arenası olub. Bu gün formalaşan Trans-Avrasiya şəbəkəsində Azərbaycan Avropa, Avrasiya və Hind-Sakit okean iqtisadi sistemini və təhlükəsizlik arxitekturasını birləşdirən strateji körpü rolunu oynayaraq kilid mövqe tutur. Müvafiq olaraq, ABŞ-ın Bakı ilə qarşılıqlı fəaliyyətini dərinləşdirməsi regionda dəyişən güc balansına təsir göstərmək üçün kritik dərəcədə vacib rıçaqa çevrilib”, - deyə məqalədə vurğulanır.

Nəqliyyat bağlantılarının inkişafında yeni mərhələ - Zəngəzur dəhlizinin (Tramp marşrutunun) yaradılması

Azərbaycan ölkə ərzisindən keçən marşrutların inkişafına və funksionallığının artmasına yalnız siyasi iradə nümayiş etdirməklə kifayətlənmir, həmçinin praktiki müstəvidə önəmli layihələr həyata keçirir. Ölkə ərazisində vacib nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhlizin inkişafına verdiyi çox mühüm töhfədir. Son illərdə dövlətimizin başçısının qətiyyətli siyasi iradəsinə uyğun olaraq respublikamız bütün marşrutlar üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də avtomobil yollarına, dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yönəldib. Burada iki layihənin önəmini ayrıca qeyd etmək lazımdır. Bunlardan biri 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttidir. Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə ərsəyə gələn BTQ region ölkələrinin tranzit potensialının artmasına yeni imkanlar yaradıb. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirilməsi layihəsi artıq tamamlanıb. Genişləndirmədən sonra BTQ-nin illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Güclü dövlət olan Azərbaycan həmçinin Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Hazırda  Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır.

Görülən tədbirlər nəticəsində son üç ildə Orta Dəhliz üzrə tranzit yük həcmləri təxminən 90 faiz artıb ki, bu da onun səmərəliliyini və artan aktuallığını nümayiş etdirir. Bununla yanaşı, dəhliz üzrə yük daşımaların tranzit müddəti 15 günə enməklə əhəmiyyətli dərəcədə azalıb.

Daha bir mühüm məqama da diqqət çəkmək istərdik. Söhbət Zəngəzur dəhlizinin (Tramp marşrutu) yaradılmasından gedir. Orta Dəhlizin bir qoluna çevriləcək bu marşrutun yaradılması qalib Azərbaycanın təşəbbüsü əsasında gündəmə gəlib. Sonrakı mərhələdə yenə də ölkəmizin, şəxsən Prezident İlham Əliyevin davamlı səyləri sayəsində yeni nəqliyyat bağlantısının yaradılması istiqamətində böyük yol keçilib və ötən il avqustun 8-də Vaşinqtonda bununla bağlı prinsipial razılaşma əldə olunub. Bütövlükdə, yeni marşrut optimal regional bağlantını təmin edəcək. O cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsi yaranacaq, Ermənistan blokadadan çıxacaq, Mərkəzi Asiya dövlətləri üçün yeni tranzit imkanları açılacaq. Rusiya və İranın Şimal-Cənub marşrutundan asılılığı azalacaq.

Hazırda Zəngəzur dəhlizinin (Tramp marşrutunun) yaradılması istiqamətində işlər intensiv mərhələyə daxil olub. “Forbes” xatırladıb ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvan və Bakıya səfəri Ermənistan vasitəsilə Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək strateji tranzit dəhlizinin - “Beynəlxalq sülh və firavan həyat naminə Tramp marşrutu”nun inkişafını sürətləndirmək məqsədi daşıyır.

Mübariz ABDULLAYEV

Seçilən
47
1
yeniazerbaycan.com

2Mənbələr