AZ

Yeni rəqəmsal arxitektura: mütərəqqi inkişaf modeli Deputat yazır

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkəmizin qarşıdakı mərhələdə inkişaf prioritetlərini müəyyənləşdirir. Müasir dövrdə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və genişmiqyaslı rəqəmsallaşma prosesləri artıq sadəcə texnoloji yenilik deyil, ölkələrin siyasi və iqtisadi gücünü müəyyən edən əsas faktorlardır. Dünyada formalaşan yeni texnoloji düzən göstərir ki, rəqəmsal transformasiyaya vaxtında və sistemli şəkildə qoşulan dövlətlər uzunmüddətli perspektivdə daha dayanıqlı tərəqqi modeli qururlar.

Azərbaycan da bu qlobal proseslərdən kənarda qalmır. Son illər ərzində rəqəmsal infrastrukturun inkişafı, elektron xidmətlərin genişləndirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılmışdır. Lakin qarşıdakı mərhələdə bu sahə artıq prioritetlər siyahısında ən ön sıralarda dayanır. Çünki rəqəmsal inkişaf yalnız texnologiya məsələsi deyil, həm də iqtisadiyyatın şaxələndirilməsi, idarəetmənin səmərəliliyinin artırılması və insan kapitalının gücləndirilməsi deməkdir. Dövlətimizin başçısının vurğuladığı kimi, rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək: “Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir”.

Ölkəmiz Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır və Şimal–Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu mövqe illər ərzində həyata keçirilən enerji və nəqliyyat layihələri ilə daha da möhkəmləndirilmişdir. Prezident İlham Əliyev müşavirədəki çıxışında Azərbaycanın mühüm üstünlüklərindən biri kimi ölkənin əlverişli coğrafi mövqeyini qeyd etmişdir.

Ölkəmiz beynəlxalq miqyaslı neft-qaz kəmərləri, dəmir yolu və liman infrastrukturu sahəsində böyük təcrübə qazanmışdır. Bu layihələr yalnız iqtisadi deyil, həm də texniki və idarəetmə baxımından mürəkkəb proseslər olmuş, Azərbaycanı etibarlı tərəfdaş kimi tanıtmışdır. İndi qarşıda duran vəzifə bu mövcud enerji və nəqliyyat dəhlizlərini mərhələli şəkildə rəqəmsal və fiber-optik dəhlizlərə çevirməkdir. Artıq müəyyən addımlar atılmışdır, lakin müasir çağırışlar daha geniş və sistemli yanaşma tələb edir.

Azərbaycanın ən mühüm üstünlüklərindən biri də müsbət investisiya mühitidir. Son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə qoyulmuşdur. Xarici investisiyaların hüquqi və praktik müstəvidə qorunması Azərbaycanın beynəlxalq etimadını gücləndirmişdir. Neft-qaz layihələrinin onilliklər ərzində stabil və etibarlı şəkildə icra olunması ölkəmizin öhdəliklərinə sadiqliyini nümayiş etdirir. Bu təcrübə rəqəmsal sahəyə də şamil ediləcəkdir. Transmilli texnologiya şirkətləri ilə əməkdaşlıq, data mərkəzlərinin yaradılması və süni intellekt sahəsində investisiyaların cəlb edilməsi üçün Azərbaycanın malik olduğu sabitlik və etibarlılıq amili mühüm önəm kəsb edir. Dövlət Neft Fondunun qlobal maliyyə təsisatları ilə əməkdaşlığı və dünyanın ən böyük fondları ilə qurulan əlaqələr də yeni texnoloji layihələrin maliyyələşdirilməsi baxımından geniş imkanlar yaradır.

Rəqəmsal iqtisadiyyatın əsas dayaqlarından biri güclü enerji təminatıdır. Son 20 ildə Azərbaycanın enerji generasiya gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatmışdır. Qaz, su, Günəş və külək elektrik stansiyalarının fəaliyyəti ölkənin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ixrac imkanlarını da genişləndirmişdir. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücü mövcuddur ki, bu da iri data mərkəzlərinin və yüksək enerji tələb edən rəqəmsal infrastrukturların qurulması üçün əlverişli zəmin yaradır. Bununla yanaşı, yaşıl enerji layihələrinin icrası və bərpaolunan enerji sahəsində imzalanmış kontraktlar gələcəkdə generasiya gücünün daha da artacağını göstərir. Bu isə Azərbaycanı regionda rəqəmsal xidmətlər və məlumat emalı mərkəzi kimi mövqeləndirəcəkdir. Dövlətimizin başçısı müşavirədəki çıxışında qeyd edib ki, yerləşdiyimiz bölgədə, geniş bölgədə bu imkanlara malik olan ölkələr ən azı çox deyil və bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır: “Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, - bu barədə dəfələrlə danışılıb, - gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq”.

Azərbaycanın dünyanın aparıcı güc mərkəzləri ilə imzaladığı strateji tərəfdaşlıq sənədləri də mühüm üstünlükdür. ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası, Avropa İttifaqına üzv 10 ölkə ilə imzalanmış sənədlər və Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri ölkəmizin çoxşaxəli və balanslaşdırılmış xarici siyasətinin nəticəsidir. Bu tərəfdaşlıqlar xüsusilə süni intellekt, data mərkəzləri və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını genişləndirir. Dünyanın aparıcı texnologiya şirkətlərinin səhmlərinin böyük qlobal fondların sərəncamında olması və həmin fondlarla Azərbaycanın sıx əməkdaşlığı yeni investisiya axınlarını təşviq edəcəkdir.

Prezident İlham Əliyev rəqəmsal transformasiyanın effektiv həyata keçirilməsi üçün dövlət qurumları arasında sıx koordinasiyanın vacibliyini vurğulamışdır. Pərakəndəliyin aradan qaldırılması, vahid fəaliyyət planının hazırlanması və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əlaqələndirici rolunun gücləndirilməsi mühüm vəzifələr kimi müəyyən edilmişdir. Dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdən təqdim olunması və müxtəlif qurumlar tərəfindən yaradılmış ayrı-ayrı tətbiqlərin tədricən inteqrasiyası vətəndaş məmnunluğunu artıracaq, şəffaflığı və operativliyi təmin edəcəkdir. Bu yanaşma həm idarəetmədə effektivliyi yüksəldəcək, həm də dövlət–vətəndaş münasibətlərini yeni mərhələyə daşıyacaqdır.

Rəqəmsal transformasiyanın uğuru insan kapitalından birbaşa asılıdır. Buna görə də ali təhsil müəssisələrində informasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik ixtisaslarına diqqət artırılacaq, xaricdə təhsil proqramları bu istiqamətə yönəldiləcəkdir. Süni intellektin dövlət idarəçiliyində tətbiqi qərar qəbuletmə prosesini daha dəqiq və səmərəli edəcəkdir. Dünyanın inkişaf etmiş ölkələrində artıq süni intellekt agentləri dövlət qulluqçularının gündəlik fəaliyyətinə dəstək verir. Azərbaycan da bu istiqamətdə qabaqcıl təcrübəni mənimsəyir.

Rəqəmsallaşma ilə paralel olaraq kibertəhlükəsizlik məsələsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalıb. Bu fakt bir daha göstərir ki, rəqəmsal mühitdə təhlükəsizlik prioritet istiqamətdir. Artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzinin işi gücləndirilir, kritik infrastrukturun qorunması və qabaqlayıcı mexanizmlər daha da təkmilləşdirilir. Rəqəmsal inkişaf yalnız təhlükəsizlik təmin edildiyi halda davamlı ola bilər.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Enerji, nəqliyyat və investisiya sahəsində əldə edilmiş uğurlar indi rəqəmsal transformasiya ilə tamamlanmalıdır. Süni intellekt, data mərkəzləri, fiber-optik bağlantılar və vahid rəqəmsal idarəetmə sistemi ölkənin uzunmüddətli dayanıqlı inkişafının mühüm dayaqlarına çevriləcəkdir. Azərbaycanın coğrafi mövqeyi, enerji potensialı, sabit investisiya mühiti və qlobal tərəfdaşlıqları sözügedən məqsədlərə çatmaq üçün möhkəm zəmin yaradır. Qarşıdakı əsas vəzifə isə bu üstünlükləri vahid strateji plan çərçivəsində birləşdirərək ölkəni regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevirməkdir.

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
3
unikal.az

5Mənbələr