ABŞ Prezidenti Donald Tramp gələn həftə keçirilməsi planlaşdırılan Sülh Şurasının ilk rəsmi iclasında Qəzza zolağının maliyyə cəhətdən yenidən qurulması üçün hərtərəfli strategiya təqdim etmək niyyətindədir.
Bu barədə etibarlı mənbələrdən alınan məlumatlara əsasən "Associated Press" agentliyi paylaşım edib.
Paylaşıma görə, fevralın 19-na planlaşdırılan iclasda ən azı 20 ölkənin nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.
Qeyd olunur ki, Qəzzanın infrastrukturunun bərpası üçün milyardlarla dollarlıq maliyyələşdirmənin təsdiqlənməsi gözlənilir. Bölgədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün beynəlxalq kontingentin tərkibində minlərlə hərbçinin yerləşdirilməsi də planlaşdırılır.
Donald Tramp yanvarın 16-da Qəzza zolağı üzrə Sülh Şurasının yaradılacağını elan edib. Şuranın yaradılması Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə birlikdə Trampın sülh planının bir hissəsidir. Növbəti gün Ağ Ev şuranın tərkibini açıqlayıb. Buraya, ABŞ-nin dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner də daxil ediliblər. İcraiyyə şurasının hər bir üzvü Qəzzada vəziyyətin sabitləşdirilməsi üçün müəyyən bir istiqamətə rəhbərlik edəcək. Bu istiqamətlərə idarəetmə potensialının gücləndirilməsi, regional əlaqələr, bərpa, investisiyaların cəlb edilməsi, genişmiqyaslı maliyyələşdirmə və kapitalın səfərbər edilməsi də daxildir.
Yanvarın 22-də İsveçrənin Davos şəhərində Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi keçirilib. Sənəd Vaşinqtonun təşəbbüsünü dəstəkləyən dövlətlərin liderləri və nümayəndə heyətləri ilə birgə təsdiq edilib. Sülh Şurasının təkcə Qəzzadakı vəziyyətin sabitləşdirilməsi ilə deyil, həm də digər regionlarda münaqişələrin qarşısının alınması və həlli ilə məşğul olacağı güman edilir.