İran hakimiyyəti son etiraz aksiyaları zamanı saxlanılan sabiq deputat İbrahim Əsgərzadə və İslahatçılar Cəbhəsinin nümayəndəsini həbsdən azad edib.
KONKRET.az xəbər verir ki, bu barədə onların vəkili Höccət Kermani ISNA agentliyinə açıqlamasında deyib.
Vəkilin sözlərinə görə, hər iki şəxs girov qarşılığında sərbəst buraxılıb. İbrahim Əsgərzadə 1988–1992-ci illərdə İran parlamentinin (Məclis) üzvü olub, 1999–2003-cü illərdə isə Tehran Şəhər Şurasında fəaliyyət göstərib.
Hüquq müdafiə təşkilatlarının məlumatına əsasən, etirazların başlanmasından bu yana ölkədə 40 minədək insan saxlanılıb. Onların bir qismi iğtişaşların təşkili və terrorçuluq ittihamları ilə üzləşib.
Bundan əvvəl üç islahatçı siyasətçinin, İran İslam Xalqı Birliyinin baş katibi Azər Mənsuri, siyasi fəal İbrahim Əsgərzadə və prezident Məhəmməd Xatəmi dövründə xarici işlər nazirinin müavini olmuş Möhsün Əminzadənin həbs edildiyi bildirilirdi.
Onlara qarşı “milli birliyə zərbə vurmaq”, “konstitusiyaya zidd mövqe tutmaq” və “düşmən təbliğatı ilə əlaqələndirilən fəaliyyət” kimi ittihamlar irəli sürülüb.
Müşviq Tofiqoğlu
KONKRET.az