AZ

Milli azadlıq mübarizəsi onun əsas həyat kredosu idi Millət vəkili

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, İstiqlal şairi Bəxtiyar Vahabzadənin anım günüdür. Ömrünü xalqın azadlığı və milli tərəqqisi uğrunda mübarizəyə həsr edən böyük söz ustadı hər zaman azadlıq ideyalarının carçısı olub.

Sovet rejiminin ən sərt və mürəkkəb dövrlərində belə müstəqillik və istiqlal tələblərini açıq şəkildə səsləndirən Bəxtiyar Vahabzadə böyük cəsarət nümayiş etdirib. O, həyatının mənasını xalq üçün yaşamaqda, bu yolda isə “şam kimi yanmaqda” görürdü. Milli azadlıq mübarizəsi onun əsas həyat kredosu idi.

Bununla yanaşı, şair təkcə Azərbaycan xalqının deyil, bütövlükdə bəşəriyyətin azadlığı və xoşbəxtliyi haqqında düşünür, insanlığın daha ədalətli və işıqlı gələcəyi naminə mübarizəyə çağırırdı. Onun ədəbi-bədii yaradıcılığı siyasi baxışları ilə vəhdət təşkil etsə də, əsərləri ehkam xarakterli siyasi təbliğat nümunəsi deyildi. Şair heç vaxt ideyalarını zorla təlqin etməyə çalışmayıb, lakin hansı mövzuda yazmasından asılı olmayaraq, öz ideoloji xəttini incə və sənətkarlıqla ifadə etməyi bacarıb.

Təbiətin gözəlliklərini təsvir edərkən də, sevgi və məhəbbət kimi ülvi hissləri tərənnüm edərkən də misraların arasında onun daxili dünyasına xas nisgil, narahatlıq və vətən sevgisi duyulurdu. Bu, təkcə böyük istedadın deyil, həm də həyata, cəmiyyətə və ictimai-siyasi proseslərə özünəməxsus baxışın göstəricisi idi.

Həyatı, mübarizəsi və yaradıcılığı ilə Bəxtiyar Vahabzadə XX əsr Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri kimi öz unikal obrazını formalaşdırıb. Onun adı və irsi çoxmilyonlu Azərbaycan xalqının və bütövlükdə türk dünyasının yaddaşında silinməz izlər buraxıb.

Bu gün Bəxtiyar Vahabzadə obrazı düzlük, doğruçuluq, mübarizlik, cəsarət və ləyaqət rəmzi kimi milli sərvət dəyəri qazanıb. Bu mənəvi irsin qorunması isə tarix və milli mədəniyyət qarşısında hər birimizin borcudur.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
3
modern.az

4Mənbələr