AZ

Hər kəs bildiyi qiyməti dövlət üçün müəyyən edə bilməz - Siyavuş Novruzov

Bu gün elə torpaq sahələri var ki, onların dövlət ehtiyacları üçün istifadəyə cəlb olunması zəruridir. Bu baxımdan hesab edirəm ki, həmin ərazilərlə bağlı məsələlər üzrə qanunvericilik bazasının vaxtında və çevik şəkildə formalaşdırılması son dərəcə vacibdir. Təbii ki, mülkiyyət müqəddəsdir, lakin dövlət maraqları bundan da üstündür. 

News365.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O söhbətin müdafiə məqsədlərindən, sərhədlərimizin qorunmasından, hidravlik qurğuların tikintisindən, su, qaz kəmərlərinin və dəmir yolu xətlərinin çəkilməsindən getdiyini deyib.


"Vaxtilə dəmir yollarının kənarında müxtəlif şəxslər tərəfindən yaşayış evlərinin tikilməsi, torpaq sahələrinin ayrılması halları baş vermişdir. Bu gün isə həmin hallar xətlərin genişləndirilməsi və yenidən qurulması zamanı ciddi problemlər yaradır. Həm mülkiyyətçilər üçün çətinliklər meydana çıxır, həm də infrastruktur layihələrinin icrası ləngiyir. Məhz buna görə də bu sahədə qabaqlayıcı addımların atılması zəruridir. Eyni zamanda düşünürəm ki, Azərbaycanda yaşıl enerjinin tətbiqi ilə bağlı da xüsusi ərazilər ayrılacaqdır. Bu məsələdə hər kəs öz bildiyi qiyməti dövlət üçün müəyyən edə bilməz və bu münasibətlər qanunvericiliklə tənzimlənməlidir. Əgər istər bələdiyyə mülkiyyətində olan, istərsə də şəxsi mülkiyyətə aid ərazilərdə yaşıl enerji obyektlərinin qurulması məqsədəuyğun hesab edilirsə, dövlət bu ərazilərdən istifadə imkanına malik olmalıdır". 

Seçilən
27
1
news365.az

2Mənbələr