AZ

Vətəndaşların bank kartlarından hər il nə qədər pul oğurlanır? - AÇIQLAMA

İnformasiya və kommunikasiya sistemlərinin sürətli inkişafı, eləcə də süni intellekt texnologiyalarının imkanlarının genişlənməsi qlobal və iqtisadi inkişaf üçün yeni perspektivlər açır. Bununla yanaşı, bu proses kiber cinayətlərin sayında artım tendensiyasını da gücləndirir. Hazırda həm qlobal, həm də milli səviyyədə informasiya və kommunikasiya sistemlərindən istifadə etməklə törədilən kiber cinayətlərin artdığı açıq şəkildə müşahidə olunur.

Missiya.Az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov Milli Məclisdə keçirilən iclasda danışıb.

"Bu baxımdan, müvafiq konvensiyaya qoşulmaq bir tərəfdən Azərbaycanın suveren hüquqları çərçivəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və davamlı mexanizmlərin formalaşdırılmasına imkan yaradır, digər tərəfdən isə vətəndaşların iqtisadi hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İnformasiya və kommunikasiya sistemlərindən istifadə etməklə törədilən kiber cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi artıq qlobal prioritetə çevrilib və bu istiqamətdə vahid beynəlxalq mexanizmlərin formalaşdırılması zəruridir.

Rəsmi statistik göstəricilər də problemin miqyasını açıq şəkildə ortaya qoyur. Belə ki, 2024-cü ildə kiber müdaxilə nəticəsində 16 804 fakt qeydə alınıb. İl ərzində vətəndaşların bank hesablarından 22 milyon manatdan artıq vəsaitin oğurlandığı müəyyən edilib. Araşdırmalar göstərir ki, bu halların əhəmiyyətli hissəsi xarici kiber müdaxilələrlə bağlıdır",-deputat bildirib.

Vüqar Bayramovun sözlərinə görə, xaricdə fəaliyyət göstərən naməlum şəxslər tərəfindən saxta profillərin yaradılması, saxta keçid linklərinin hazırlanması, eləcə də aldadıcı zənglərin həyata keçirilməsi nəticəsində vətəndaşların bank məlumatları ələ keçirilir və bu da vəsaitlərin mənimsənilməsi ilə nəticələnir. Bu faktlar göstərir ki, problem təkcə lokal deyil, transmilli xarakter daşıyır. Bu səbəbdən Azərbaycan üçün, xüsusilə bank sektoru baxımından, belə halların qarşısının alınması prioritet məsələdir. Qlobal əməkdaşlığın genişləndirilməsi, eyni zamanda yerli səviyyədə texnoloji və təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Mərkəzi Bank və kommersiya bankları tərəfindən təhlükəsizlik sistemlərinin gücləndirilməsi ilə yanaşı, vətəndaşlar arasında maarifləndirmə işinin də artırılmasına ciddi ehtiyac var. Çünki əksər hallarda saxta linklər və ya saxta profillər vasitəsilə bank məlumatlarının paylaşılması vətəndaşların özləri tərəfindən həyata keçirilir və nəticədə onların iqtisadi hüquqları pozulur.

"Oğurlanan vəsaitlərin böyük hissəsinin xarici kiber müdaxilələr nəticəsində əldə edilməsi isə beynəlxalq əməkdaşlığın vacibliyini bir daha təsdiqləyir. Məhz bu kontekstdə Azərbaycanın müvafiq konvensiyaya qoşulması və konvensiya çərçivəsində əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Bu, suveren hüquqlarımız çərçivəsində məlumat mübadiləsinin səmərəli təşkilinə, hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və nəticə etibarilə vətəndaşların iqtisadi hüquqlarının daha effektiv qorunmasına imkan verə bilər.

Hesab edirəm ki, konvensiyaya qoşulmaq kiber cinayətkarlığa qarşı mübarizədə mühüm addım olmaqla yanaşı, bank hesablarından vəsaitlərin oğurlanması hallarının azaldılmasına və ümumilikdə iqtisadi təhlükəsizliyin gücləndirilməsinə xidmət edəcək",-V. Bayramov əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr