AZ

İsrail prezidenti Trampın çağırışlarına cavab verdi - Netanyahu əfv ediləcəkmi…



İsrail prezidenti İsaak Herzoq ABŞ prezidenti Donald Trampın Baş nazir Benyamin Netanyahunu əfv etmək çağırışına cavab verib.

Herzoqun ofisindən bildirilib ki, yalnız proses başa çatdıqdan sonra Prezident Herzoq qanuna uyğun olaraq, İsrail dövlətinin maraqları naminə vicdanına əsaslanaraq və hər hansı xarici və ya daxili təzyiqdən azad şəkildə bu tələbi nəzərdən keçirəcək: "Prezident Herzoq Prezident Trampın İsrail dövlətinin inkişafına və təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirir. İsrail qanunun aliliyi ilə idarə olunan suveren bir dövlətdir".

"The Times of Israel" qəzeti isə yazır ki, İsrail prezidenti Herzoq Ədliyyə Nazirliyi hüquqi rəy verənə qədər Netanyahunun əfv edilməsi barədə qərar qəbul edə bilməz.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2025-ci ilin iyun ayından bəri Netanyahunun əfv olunmasını tələb edirdi, lakin 12 fevralda Herzoqu baş naziri əfv etmədiyinə görə açıq şəkildə qınayıb.

Tramp bildirib ki, Prezident İsaak Herzoq saxtakarlıq, rüşvətxorluq və sui-istifadə ittihamları ilə mühakimə olunan Baş nazir Benyamin Netanyahunu əfv etmədiyinə görə "utanmalıdır".

"Onu əfv etməkdən imtina edən bir prezidentiniz var... O, özündən utanmalıdır", - Tramp jurnalistlərə bildirib.

Jurnalistlərlə söhbətində o, yenidən Netanyahunu tərifləyərək onu "müharibə dövrünün çox yaxşı baş naziri" adlandırıb və İrana qarşı mübarizədə birgə uğurlarını qeyd edib.

Bu açıqlamalar 11 fevralda Tramp və Netanyahunun Ağ Evdə görüşdüklərindən bir gün sonra səslənib. İsrail baş nazirinin görüş zamanı bu məsələni qaldırdığı barədə söhbətlər var.

TAHİR

Seçilən
6
baki-xeber.com

1Mənbələr