Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ramiz Mehdiyev barəsindəki cinayət işi ilə bağlı detalları açıqlayıb. Məlumatda daha bir diqqətçəkən məqam var.
Bu da odur ki, qeyd olunan ittihama əsasən, Qənimət Zahidov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət edib, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşıblar.
Qeyd edək ki, Azərbaycan vaxtilə KTMT-nin üzvü olub. Lakin qısa zamanda oradan uzaqlaşıb. Hazırda ölkəmiz Qoşulmama Hərəkatının üzvüdür və heç bir müdafiə blokuna üzv olmaq niyyətində deyil. Nəzəri olaraq, belə bir hal baş versəydi, Azərbaycanın NATO və Qərblə əlaqələri hansı müstəvidə qurulacaqdı?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin açıqladığı istintaq materialları Azərbaycan siyasi mühitində uzun müddətdir ehtimal və siyasi polemika səviyyəsində müzakirə olunan məsələləri yeni mərhələyə keçirib:
“Artıq söhbət yalnız hansısa qarşılıqlı ittihamlarından yox, rəsmi istintaq sənədlərində əksini tapan ciddi iddialardan gedir. Bu kontekstdə ən diqqətçəkən məqam AXCP sədri Əli Kərimli ilə Ramiz Mehdiyev arasında iddia olunan əməkdaşlıq xəttidir. Uzun illər bu iki fiqur Azərbaycan siyasətində fərqli düşərgələrin nümayəndələri kimi təqdim olunub. Əli Kərimli özünü Qərbyönlü müxalifət lideri kimi təqdi edib, Ramiz Mehdiyev isə postsovet idarəçilik sisteminin əsas ideoloqlarından biri kimi tanınıb. Məhz bu ziddiyyət fonunda onların eyni strateji məqsəd ətrafında birləşməsi sözsüz ki, hakimiyyətə gəlmək məqsədilə xarici təsir mexanizmlərindən istifadə planından qaynaqlanıb.
2012-ci ildə yaradılan və “Milyarderlər İttifaqı” kimi tanınan “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” bu işbirliyində bir struktur olaraq xüsusi yer tutur. Bu platforma vasitəsilə Azərbaycandakı siyasi proseslərə müdaxilə planları qurulduğu və 2013-cü il prezident seçkiləri ərəfəsində formalaşdırılmış Milli Şuranın həmin strategiyanın tərkib hissəsi olması indiyə qədər də dəfələrlə deyilib. Ancaq artıq konkret faktlar və istintaq materialları var. Bu faktlar isə “Milli Şura”nın sırf daxili siyasi koalisiya deyil, xarici geosiyasi layihə kimi qiymətləndirilməsi üçün ciddi əsaslar yaradır. Burada ən vacib məqamlardan biri xarici xüsusi xidmət orqanları ilə koordinasiya və qarşılıqlı öhdəlik məsələsidir. Artıq tamamilə aydındır ki, hakimiyyət dəyişikliyi halında müəyyən strateji addımların atılması ilə bağlı razılaşmalar mövcud olub. Bu isə artıq hakimiyyət-müxalifət mübarizəsi yox, birbaşa milli təhlükəsizlik məsələsidir”.
Politoloqun sözlərinə görə, xüsusilə də uzun müddət Qərb dəyərləri və Avroatlantik inteqrasiya ritorikası ilə çıxış edən bir partiya sədrinin paralel olaraq fərqli geosiyasi mərkəzlərlə əlaqədə olması onu sübut edir ki, Əli Kərimli uzun illər ərzində təkcə xalqı, öz tərəfdarlarını deyil, eləcə də Qərbdəki havadarlarını da aldadıb:
“Digər mühüm məqam maliyyə ilə bağlıdır. Söhbət təkcə xarici xüsusi xidmət orqanlarının külli miqdarda maddi “yardım”larından, dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi və bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün ötürülən 933.828,40 manat məbləğində pul vəsaitindən getmir, eləcə də Ramiz Mehdiyev tərəfindən cinayət yolu ilə əldə edilmiş milyonlarla manat vəsaitin leqallaşdırılmasından gedir. Ramiz Mehdiyevə qarşı irəli sürülən böyük məbləğdə vəsaitin leqallaşdırılması ittihamı siyasi komponentdən əlavə iqtisadi-hüquqi məsuliyyət yaradır. Bu, işi yalnız siyasi iddia kimi deyil, həm də konkret maliyyə cinayəti kontekstində qiymətləndirməyə əsas verir. Təbii ki, son sözü məhkəmə deyəcək. Amma indidən də məlumdur ki, adı çəkilən işbirlikçiləri vətənə xəyanət yolunu tutublar. Azərbaycan insanı isə xəyanəti bağışlamır”.
Y.Bağırzadə qeyd edib ki, xəyanətkar şəbəkənin Azərbaycanı KTMT-yə üzv etmək planı ordumuzun NATO və Türkiyə ordusu sistemindən imtinası demək olacaqdı: “Onların təlimat aldıqları xarici güclərin əsas hədəflərindən biri də məhz bu olub ki, Azərbaycanla NATO, Türkiyə və Qərb təsisatları arasında münasibətlər pozulsun. KTMT üzvü olan ölkənin ordusunun eyni vaxtda NATO ilə əməkdaşlığı təbii ki, mümkün olmayacaqdı”.
Müsavat.com