AZ

Ramiz Mehdiyevin nə qədər pulu var?

Ramiz Mehdiyevin evindən 17 milyon manat nəqd pul çıxdı. Bunu hamımız gördük. DTX həmin pulların videosunu yaydı. Karopkalara yığılmışdı. Paçka-paçka dollarlar, manatlar... Rubl yox idi. Rusiyaya işləyən adam Rusiyaya da xəyanət etmişdi. Nəqd pulları Amerika, Azərbaycan valyutası ilə saxlayırmış. Rubla güvənmirmiş. Deməli, siyasi simpatiya başqa şeydir, real güvən başqa. Şüuraltı daha səmimidir: pullar dollarda saxlanılır.

Amma məsələ rubl məsələsi deyil.

Məsələ ondadır ki, görüntüləri izləyən, 17 milyon rəqəmini eşidən hər kəs təəccübləndi. Niyə? Çünki Mehdiyev üçün 17 milyon nə puldur ki... Elə sosial şəbəkələrdə də bu haqda açıq müzakirələr getdi ki, bu pul Ramiz Mehdiyev üçün qəpik-quruşdur.

Məncə, bu mövqedə olanları qınamaq lazım deyil. Onların təəccübü haqlıdır.

Sadə bir məntiq: Mehdiyev vəzifədən azad olunandan sonra onun bir neçə villasını satışa çıxarması haqda mediada məlumatlar yayılmışdı. Onlardan biri Bakıda Tibilisi prospektində yerləşən məşhur malikanəsidir. Onun satış qiyməti 8 milyon manat idi. Digəri Göyçayın Hüngütlü kəndində yerləşirdi. Onun satış qiymətinin 2.5 milyon olduğu haqda xəbərlər var. Eyni zamanda Şüvəlan bağları, Gülçülük sovxozu adlanan ərazidəki villasının da 1.3 milyona satılması haqda internet resurslarında məlumatlar mövcuddur.

İndi bu rəqəmləri toplayın. Sonra 17 milyonu həmin cəmin yanına qoyun. Hansı mənada təccüblənməlidirlər ki?!

Bəs, Ramiz Mehdiyev qalan pullarını harada gizlədib? Onun varidatının neçə faizi nəqd valyuta şəklindədir? Əmlaklar, malikanələr, mənzillər...

Və yaxud... AzTV-nin yaxınlığındakı elit binada Mehdiyevə 400 kvadratmetr sahəsi olan mənzil hədiyyə edilmişdi. Binanın 14-cü mərtəbəsində yerləşən bütün mənzillər birləşdirilərək bir ev halına gətirilərək, tam və yüksək səviyyədə təmir olunaraq açarları Ramiz Mehdiyevin qızına təqdim olunmuşdu.

Hədiyyələr Ramiz Mehdiyevin sahib olduğu varidatın böyük hissəsini təşkil edir. Açıq mənbələrdə gedən məlumatlarda da görünür ki, bu mənzillərin, villaların çoxu ona hədiyyə edilib. Yüksək vəzifəli şəxslər, icra başçıları, nazirlər, iş adamları tərəfindən. 20 ildən çox ölkənin ən yüksək vəzifələrindən birində oturan adama xırda-xuruş hədiyyə verməyəcəkdilər ki?!

İndi adamları bu sual düşündürür: Görəsən, Ramiz Mehdiyevin nə qədər pulu var? Axı o ömrü boyu heç kimin yaşamadığı qədər yüksək səviyyədə yaşayıb, “yox”un nə olduğunu bilməyib.

88 yaş...

Bu yaşda insan adətən hesabat verir özü ilə. Yüngülləşir. Bağışlayır. Sakitləşir. Amma burada biz başqa mənzərə görürük: hələ də iddia, hələ də hikkə, hələ də güc refleksi.

Bu qədər pul nə üçündür? Ömrünün sonuna yaxınlaşan bir insan üçün milyonların praktik dəyəri nədir? Daha neçə evdə yaşamaq olar? Daha neçə seyfi doldurmaq olar? Daha neçə “hədiyyə” qəbul etmək olar?

Bilirəm, bunlar ritorik suallardır. Amma bir fakt var: cəmiyyət 17 milyonu Mehdiyev üçün az hesab etdiyindən təəccübləndi. Və eyni zamanda hamı anlayır ki, bu, görünən hissədir.

Və sual hələ də açıqdır:

Ramiz Mehdiyevin nə qədər pulu var? Və o pulların yükü ilə insan nə qədər yaşaya bilər?

Pul üçün, hakimiyyət üçün, nüfuz üçün, zövq üçün xəyanət etmək, vətənə arxa çevirmək məişət xəyanətindən çoxmu fərqlidir?! Mən fərq görmürəm...

Elnur Məmmədli


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr