AZ

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Son illər gənclər arasında saç tökülməsi hallarında artım müşahidə olunur. Əvvəl daha çox orta və yuxarı yaş qrupunda rast gəlinən bu problem artıq 18-30 yaş aralığında da geniş yayılıb.

Milli.Az xəbər verir ki,dermatoloqların sözlərinə görə, saç tökülməsinin əsas səbəblərindən biri stress faktorudur. İmtahan gərginliyi, işsizlik, karyera təzyiqi və sosial şəbəkələrin yaratdığı psixoloji yük orqanizmdə hormonal balansı poza bilər. Bu isə saç follikullarının zəifləməsinə gətirib çıxarır.

Digər mühüm amil düzgün qidalanmamaqdır. "Fast-food" üstünlük təşkil edən rasion, dəmir, sink, D vitamini və zülal çatışmazlığı saçın strukturuna mənfi təsir göstərir. Həkimlər xüsusilə gənc qızlar arasında dəmir defisitinin geniş yayıldığını vurğulayırlar.

Mütəxəssislər bildirirlər ki, genetik faktor da önəmli rol oynayır. Ailəsində erkən yaşda saç tökülməsi müşahidə olunan şəxslərdə bu risk daha yüksəkdir. Kişilərdə androgenetik alopesiya halları son illər daha erkən yaşlarda özünü göstərməyə başlayıb.

Bundan əlavə, tez-tez saç boyamaq, fen və düzləşdiricilərdən intensiv istifadə, keyfiyyətsiz kosmetik vasitələr də saç köklərinə zərər verir. Bəzi hallarda isə qalxanabənzər vəz problemləri və hormonal pozuntular saç tökülməsinin əsas səbəbi ola bilər.

Həkimlər xəbərdarlıq edirlər ki, gündə 50-100 tel saç tökülməsi normal hesab olunur. Lakin tökülmə normanı aşırsa, saçda seyrəkləşmə və ya keçəlləşmə sahələri yaranırsa, mütləq dermatoloqa müraciət etmək lazımdır.

Mütəxəssislər balanslı qidalanma, stressin idarə olunması, vitamin-mineral səviyyəsinin yoxlanılması və düzgün saç baxımı ilə problemin qarşısını almağın mümkün olduğunu bildirirlər. Erkən diaqnostika isə daha effektiv müalicəyə imkan yaradır.

Asya
Milli.Az

Seçilən
24
2
milli.az

3Mənbələr