AZ

“Neftçi” “Qarabağ” qarşılaşması ilə bağlı yeni qərar: 10 gündən çox davam edən müzakirələr nəticə verdi

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Günlərdir ki, Azərbaycanda xüsusən futbol azarkeşləri arasında müzakirə mövzularından biri “Qarabağ”ın “Neftçi” ilə oyununun təxirə salınıb-salınmayacağı haqdadır.

Bizimyol.info xəbər verir ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində fevralın 18-də Bakıda, fevralın 24-də isə İngiltərədə “Newcastle United” ilə iki oyun keçirəcək. Bu iki qarşılaşmanın arasında isə yerli çempionatda “Qarabağ”ın “Neftçi” ilə oyunu var. Əvvəldən hazırlanmış təqvimə əsasən, fevralın 21-də Azərbaycan Premyer Liqasının 21-ci turunda “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gəlməlidir.

“Qarabağ” klubu “Newcastle United” ilə səfər oyunu öncəsi qrafik sıxlığını və gərginliyi nəzərə alaraq, yerli çempionatda “Neftçi” ilə qarşılaşmanın təxirə salınması üçün təxminən 10 gün əvvəl Peşəkar Futbol Liqasına (PFL) müraciət etmişdi. Qaydalara əsasən, oyunun vaxtının dəyişdirilməsi üçün hər iki klubun razılığı tələb olunur.

“Neftçi” bu təklifi qəbul etməmiş, oyunun təxirə salınmasına etiraz etmişdi. Komandaların biri razılaşmırsa, o deməkdir ki, oyun keçirilməlidir.

“Neftçi”nin bu cür davranışı birmənalı qarşılanmamışdı. Futbol azarkeşlərinin bir hissəsi ona haqq qazandırır, digər qismi isə “Neftçi”ni ittiham edirdi.

Haqq qazandıranların arqumentləri bu idi ki, “Qarabağ” Azərbaycanın milli komandası deyil, futbol klubudur. “Neftçi” də onun kimi ayrıca bir klubdur, öz maraqları, öz hədəfləri, əvvəldən müəyyənləşdirdiyi qrafiki var. Çempion olmağı hədəfləyən “Neftçi” niyə rəqibinə güzəşt etməlidir? Niyə öz maraqlarını “Qarabağ”a qurban verməlidir?

Adamın bir tərəfi “Neftçi”ni azərbaycanlı azarkeşlərə və binəva, biçarə Azərbaycan futboluna “xəyanət”də suçlamaq istəyir. Amma digər tərəfi də dilə gəlir ki, “ayə, “Qarabağ” Azərbaycan milli komandası deyil, öz bayrağı, gerbi, emblemi, topu, topxanası olan müstəqil klubdur, “Neftçi”nin də bu komanda kimi hədəfləri var, çempion olmaq istəyir, dəvənin quyruğu yerə dəyməmiş Çempionlar Liqasında tarix yazmağın xəyallarını qurur”.

“Neftçi”ni qınayan, az qala, “xəyanət”də ittiham edənlər isə deyirdilər ki, “Qarabağ” milli komanda olmasa da, Avropa ölkəmizi təmsil edir. Bu komanda nə qədər çox uğur qazansa, ölkəmizin adına yazılacaq. Hesab edirlər ki, “Neftçi” bu faktoru nəzərə almalı və qarşılaşmanın təxirə salınmasına razılıq verməli idi.

İş elə gətirdi ki, hazırda Azərbaycan Premyer Liqasında çempionluğa əsas namizəd, çempionatın lideri olan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas da “Neftçi” – “Qarabağ” qarşılaşmasının təxirə salınmamasıyla bağlı qalmaqala münasibət bildirməli oldu. Daha doğrusu, “Sabah” – “Araz-Naxçıvan” qarşılaşmasından sonra mətbuat konfransında jurnalistlərin ondan bu məsələyə münasibət soruşması baş məşqçini əsəbiləşdirdi: “Mən buraya gəlmişəm ki, “Sabah” haqda suallara cavab verim. Nəyə görə daim “Qarabağ” haqda suallar verirsiniz? Bu məsələyə də münasibət bildirmək istəmirəm. “Qarabağ” haqda soruşmaq istəyirsinizsə, onların oyununa gedib, baş məşqçisinə sual verə bilərsiniz. “Sabah”ın oyununa gəlirsiniz və mənə “Qarabağ” haqda sual verirsiniz. Bu, haradasa hörmətsizlikdir. Siz bizə də hörmətlə yanaşın, bu ölkədə təkcə “Qarabağ” mövcud deyil, başqa komandalar da var. Mən “Qarabağ”a, gördükləri işə böyük hörmətlə yanaşıram”.

Nəhayət, günlərdir davam edən müzakirə və mübahisələrdən sonra fevralın 12-də axşam saatlarında məlum olub ki, fevralın 21-də keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Qarabağ” qarşılaşmasının təxirə salınması haqda razılaşma əldə edilib.

“Qarabağ”ın rəsmi müraciəti və “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək. Lakin görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı hələlik məlumat yoxdur.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
icma.az

1Mənbələr