AZ

Sosial medianın yaratdığı “uğur hekayəsi”nin sonu Reklam olunan brend niyə qalmaqalla gündəmə gəldi?

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Sosial şəbəkələrin yaratdığı parlaq vitrin bəzən reallığı kölgədə qoyur. Bir müddət əvvəl tanınmış blogerlər tərəfindən uğurlu iş qadını kimi təqdim olunan, salonları geniş şəkildə reklam edilən “Beautytime” şəbəkəsinin rəhbəri Könül Həmzəyeva indi tam fərqli ittihamlarla gündəmdədir.

Tanınmış influenser Fidan Zeyn sosial şəbəkə hesabında paylaşım edərək Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. O bildirib ki, həm özü, həm də “Azerina” adı ilə tanınan life coach və psixoloq Əfsanə Qasımlı etibarlarından sui-istifadə edilərək aldadılıb və nəticədə böyük maddi və mənəvi zərər görüblər. Onların sözlərinə görə, məsələ ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılsa da, hələlik ziyanın ödənilməsi təmin olunmayıb. Qeyd olunur ki, hüquq-mühafizə orqanları tərəfindən iş üzrə araşdırma davam edir.

Bu hadisə bir daha sosial medianın təsir gücünü və eyni zamanda risklərini gündəmə gətirir. Son illərdə influenser marketinqi Azərbaycanda da geniş yayılıb. Tanınmış simaların hər hansı brendi, biznesi və ya şəxsi “uğur hekayəsini” paylaşması ictimai rəydə həmin şəxsə qarşı avtomatik etibar formalaşdırır.

“Beautytime” şəbəkəsi də məhz bu mexanizmdən yararlanaraq ictimai imicini möhkəmləndirmişdi. Tanınmış blogerlərin paylaşdıqları görüntülər, təqdimatlar və tərif dolu rəylər sözügedən sahibkarı geniş auditoriyaya “uğurlu biznes modeli” kimi təqdim edirdi. Nəticədə həm müştərilər, həm də potensial tərəfdaşlar üçün müəyyən etimad mühiti yaranmışdı.

Lakin indi səslənən ittihamlar göstərir ki, sosial mediada yaradılan obrazla real biznes fəaliyyəti arasında ciddi fərqlər ola bilər.

Müasir dövrdə ən dəyərli kapital pul deyil, etimaddır. Xüsusilə də tanınmış şəxslərin iştirakı ilə formalaşan ictimai etimad daha sürətlə yayılır və daha geniş təsir dairəsinə malik olur. Əgər iddialar təsdiqini taparsa, bu hadisə göstərir ki, məhz həmin etimad mexanizmi bəzi hallarda sui-istifadə üçün əlverişli zəmin yarada bilər.

Burada iki mühüm sual ortaya çıxır. İnfluenserlər reklam etdikləri biznesləri nə dərəcədə araşdırırlar? İctimaiyyət sosial media təqdimatlarına nə qədər tənqidi yanaşır?

Reklam xarakterli paylaşımlar çox vaxt “şəxsi təcrübə” adı altında təqdim edilir. Halbuki bir çox hallarda bu, kommersiya əməkdaşlığı olur və auditoriya bunu emosional bağlılıq fonunda qəbul edir. Nəticədə biznes subyekti ilə bağlı risklər lazımi qədər analiz olunmur.

Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və yekun qərarı istintaq müəyyən edəcək. İttihamların hüquqi qiyməti yalnız rəsmi nəticələrdən sonra bəlli olacaq. Lakin hadisənin ictimai tərəfi artıq müzakirə predmetinə çevrilib.

Əgər həqiqətən də küllü miqdarda vəsaitlərin mənimsənilməsi faktı sübuta yetirilərsə, bu, təkcə bir sahibkarın məsuliyyəti ilə bitməyəcək. Bu, həm də sosial mediada formalaşan nəzarətsiz “uğur kultu”nun, parlaq həyat tərzi nümayişlərinin və sorğulanmayan reklam mexanizmlərinin nəticəsi kimi qiymətləndirilə bilər.

Bu hadisə bir daha göstərir ki, sosial mediada təqdim olunan obrazlar həmişə reallığı əks etdirmir. “Uğurlu iş qadını”, “böyük layihə rəhbəri”, “etibarlı biznes” kimi təqdimatlar hüquqi və maliyyə şəffaflığının əvəzi deyil.

Cəmiyyət olaraq daha tənqidi düşünməyə, xüsusilə maliyyə münasibətlərində emosional deyil, hüquqi təminatlara əsaslanmağa ehtiyac var. İnfluenserlər isə reklam etdikləri bizneslərə görə ən azı reputasiya məsuliyyəti daşıdıqlarını unutmamalıdırlar.

Reklamdan ittihama gedən bu yol bir daha sübut edir ki, sosial mediada parlayan hər şey qızıl deyil. Həqiqət isə gec-tez üzə çıxır istər hüquqi müstəvidə, istərsə də ictimai rəy qarşısında.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
bizimyol.info

1Mənbələr