AZ

Fiziki problemli şəxslər aliment ödəməlidir? – Qanun deyir ki…

“Fiziki və əqli qüsurlu şəxslərin boşanması zamanı aliment məsələsi hüquqi baxımdan xüsusi yanaşma tələb edən mövzulardan biridir. Bu kateqoriyadan olan şəxslərin əmək qabiliyyətinin və gəlir əldə etmək imkanlarının məhdud olması aliment öhdəliklərinin müəyyənləşdirilməsini daha da mürəkkəbləşdirir”.

Bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov KONKRET.az-a açıqlamasında səsləndirib.

“Belə hallarda məhkəmələr aliment təyin edərkən tərəflərin sosial və tibbi vəziyyətini xüsusi olaraq nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, əlilliyi və ya sağlamlıq imkanları məhdudluğu olan şəxslər digər vətəndaşlar kimi hüquq və vəzifələr daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq isə uşaqların saxlanılması valideynlərin birbaşa vəzifəsidir və boşanma zamanı valideynlərin maddi imkanları əsas götürülür”.

Bakı

Vəkil qeyd edib ki, tərəflərdən birinin sağlamlıq imkanları məhdud olduqda, məhkəmə alimentin məbləğini həmin şəxsin real maddi vəziyyətinə uyğun müəyyən edir. Bu zaman şəxsin gəliri, əmək qabiliyyəti və sosial təminatı əsas meyar kimi götürülür.

“Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyac duyan ər və ya arvad bir-birinə maddi dəstək göstərməlidir. Eyni zamanda, Məcəllənin 85-ci maddəsinə görə nikah pozulana qədər və ya boşanmadan sonra 1 (bir) il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər və ya arvad məhkəmə qaydasında aliment tələb etmək hüququna malikdir”.

Vəkil hesab edir ki, bu sahədə əlavə tənzimləmələrə də ehtiyac var.

“Uşaqların hüquqları prioritet götürülməli, əgər fiziki və ya əqli qüsurlu valideyn aliment ödəmək imkanında deyilsə, dövlət tərəfindən uşaqlar üçün əlavə aylıq müavinət və büdcə ödənişləri mexanizmi tətbiq oluna bilər”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
154
1
konkret.az

2Mənbələr