AZ

Oteldəki gizli kameraları bu cür tapın Detektiv hiylələri

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son illərdə otellərdə və kirayə mənzillərdə gizli kameralarla bağlı xəbərlər artmaqdadır. Bu cür hadisələr səyahət edənlərin təhlükəsizlik və məxfilik hissini ciddi sarsıdır. Mütəxəssislər isə bildirirlər ki, otağa yerləşən kimi qısa və diqqətli yoxlama aparmaq həm təhlükəsizliyi artırır, həm də əlavə narahatlığın qarşısını alır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyada fəaliyyət göstərən özəl detektiv, National Private Investigators şirkətinin rəhbəri Cek Çarmanın sözlərinə görə, adi səyahətçilər də xüsusi avadanlıq olmadan otaqları yoxlaya bilərlər.

Onun sözlərinə görə, vaxtilə yalnız casus texnikası hesab edilən qurğular bu gün açıq satışdadır və olduqca ucuz qiymətə əldə edilə bilir. Məhz bu əlçatanlıq gizli kameraları şəxsi həyata müdaxilə vasitəsinə çevirib.

Detektiv ilk növbədə insanların nə axtardıqlarını bilmələrinin vacibliyini vurğulayır. Çarmanın sözlərinə görə, aşkarlanan gizli kameraların əksəriyyəti istənilən şəxsin əldə edə biləcəyi seriyalı məhsullardır. Bu cihazlar çox vaxt adi əşyaların içinə gizlədilir: zəngli saatlar, tüstü detektorları, enerji adapterləri, stolüstü lampalar və digər gündəlik istifadə olunan əşyalar. Otaqda hər hansı əşya qəribə görünürsə və ya artıq təsiri bağışlayırsa, onu daha diqqətlə yoxlamaq tövsiyə olunur. Xüsusilə yaddaş kartı və ya SIM-kart üçün nəzərdə tutulmuş dəliklər adi məişət əşyalarında olmamalıdır.

Çarman smartfonun fənərindən istifadə etməyi də məsləhət görür. Qaranlıq otaqda telefonun işığını müxtəlif səthlərə tutduqda gizli kameranın linzası xarakterik parıltı verə bilər. Eyni zamanda, əşyalarda məqsədsiz görünən xırda nöqtəvi dəliklərə diqqət yetirmək lazımdır. Çox vaxt çəkiliş məhz bu cür kiçik dəliklər vasitəsilə aparılır.

Detektiv ucuz radiofrekans detektorlarının alınmasını isə faydasız hesab edir. Onun sözlərinə görə, ətrafda Wi-Fi şəbəkələri, “ağıllı” saatlar və digər simsiz qurğular çox olduğu üçün bu tip cihazlar davamlı siqnal verərək real təhlükəni müəyyən etməyə imkan vermir.

Mütəxəssis bildirir ki, otağı xaotik şəkildə deyil, məntiqi yanaşma ilə yoxlamaq lazımdır. Kameralar adətən çəkiliş üçün məntiqi mənası olan yerlərdə quraşdırılır. Ən ehtimal olunan nöqtələr otağa ümumi baxış imkanı verən yerlərdir: çarpayının qarşısı, televizorun yaxınlığı, rəflər, şkafların üst hissəsi və digər hündür səthlər.

Hamam otağında isə duş və ya güzgü istiqamətinə yönəlmiş əşyalara xüsusi diqqət yetirmək tövsiyə olunur. Bəzən əşyanın mərkəzdə deyil, qəribə bucaq altında yerləşdirilməsi və ya müəyyən istiqamətə “baxması” şübhə yarada bilər.

Digər sadə üsullardan biri də smartfonun Wi-Fi və Bluetooth ayarlarına baxmaqdır. Yaxınlıqda “IP-camera”, “camera” və ya oxşar adlarla görünən qurğular əlavə yoxlama üçün əsas ola bilər. Bu metod tam zəmanət verməsə də, diqqətdən yayınan detalları aşkara çıxarmağa kömək edə bilər.

Əgər şübhəli qurğu aşkar edilərsə, detektiv ilk olaraq vəziyyəti videoya çəkməyi məsləhət görür. Qurğuya toxunmadan onu yerində sənədləşdirmək vacibdir. Bundan sonra polisə və yaşayışın bron edildiyi platformaya və ya xidmət şirkətinə məlumat verilməlidir. Hüquq-mühafizə orqanları dərhal gələ bilmədiyi halda, vəziyyəti peşəkar şəkildə qiymətləndirə biləcək özəl mütəxəssislərə müraciət etmək mümkündür.

Çarmanın sözlərinə görə, əsas məsələ panikaya qapılmamaq, lakin xəbərdaredici siqnalları da görməzdən gəlməməkdir. Səyahətin əvvəlində aparılan bir neçə sadə yoxlama şəxsi məxfiliyin və rahatlığın qorunmasına kömək edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
lent.az

2Mənbələr