Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Dünən futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli oldu. Belçikanın paytaxtı Brüsseldə baş tutan püşkatmanın nəticəsinə görə, yığma D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn ilə mübarizə aparacaq.
Sözügedən turnirdə yeni mövsümə sentyabrın 24-də start veriləyi də məlumdu. Qrupun son matçları noyabrda baş tutacaqsa, final mərhələsi 2027-ci ilin iyununda gerçəkləşəcək. Əlbəttə, seçmənin "sükanı arxası"nda bərbad nəticələrlə yadda qalan Fernandu Santuş dönəmində C Liqasından düşən təmsilçimizin bu dəfə uğurlu performansla yadda qalmasını, əvvəlki yerinə qayıtmasını hamımız arzulayırıq. Məntiqlə, millinin bu missiyanın öhdəsindən gəlmək ehtimalı yetərincə realdır.
Təqvimdən şikayət etməyə dəyməz
Azərbaycan millisinin və rəqiblərinin oyun cədvəlinə baxsaq, təqvimin bizimkilər üçün uğursuz olmadığını görərik. Sentyabrın 23-də səfərdə Litva ilə üz-üzə gələrək tsiklə start verəcək kollektiv bu qarşılaşmadan 4 gün sonra son illərdə səviyyəsini yaxşılaşdırmış "cırtdanlar"ı öz azarkeşləri önündə yenməyə çalışacaq. Təqvimi təqdim edirik:
D Liqası, 2-ci qrup
2026-cı il
24 sentyabr
Lixtenşteyn - Litva
27 sentyabr
Litva - Azərbaycan
1 oktyabr
Azərbaycan - Lixtenşteyn
4 oktyabr
Azərbaycan - Litva
13 noyabr
Lixtenşteyn - Azərbaycan
16 noyabr
Litva - Lixtenşteyn
Ayxan Abbasov üçün həqiqət anı
Hazırda millinin baş məşqçi postunu əvvəlki qarşılaşmalarda komandaya yeni nələrsə verə bildiyini isbatlamış, futbol ictimaiyyətinin rəğbətini qazanmış Ayxan Abbasov tutub və Millətlər Liqasındakı hədəf sözügedən çalışdırıcı üçün əsl özünüsübut şansıdır. Razılaşaq ki, hər iki rəqibi üstələmək və bu qrupda 1-ci yeri tutmaq təmsilçimizin real potensialı ilə uzlaşan hədəfdir. Ayxan bəyin millidə əsas söz sahibinə çevrilməsini şadyanalıqla qarşılayan futbol ictimaiyyətinin bu mütəxəssisdən çox şey gözlədiyi faktdır. Bu gün paralel olaraq Premyer Liqa təmsilçisi "Şamaxı"da da işləyən Ayxan bəyin cari mövsümün sonunda klubla vidalaşmaq və bütün diqqətini millidəki işinə yönəltmək ehtimalı da yetərincə yüksəkdir. Şübhəsiz, əsas millinin mənafeyi daha önəmlidir.
Bəhanə üçün əlyeri yoxdur
Öncə AFFA rəhbərliyinin müvəqqəti baş məşqçi qismində yığmaya gətirdiyi Abbasov assosiasiyanın idarəçiləri ilə bütün detalları müzakirə edəndən sonra daimi çalışdırıcı statusu qazanıb. Yəni belə desək, 45 yaşlı mütəxəssis əlini hansı daşın altına qoyduğunun fərqindədir. Məsələn, çempionatda legioner limitinin ləğvi onun təyinatından öncə həyata keçirilib. Deməli, C Liqasına yüksəlmək missiyası yerinə yetirilməsə, yerli futbolçuların ölkənin elita komandalarında rəqabətə tab gətirməyərək ehtiyatda qalmaları və ya Premyer Liqa klublarının heyətlərində çox sayda azərbaycanlı saxlamamaları gələcəkdə tutarlı bəhanə sayılmayacaq. Bu gün milliyə çağırılanları və yığma formasını geyinməyə namizədləri ayrı-ayrılıqda saf-çürük etmək başqa yazı mövzusudur. Lakin reallıq budur ki, Şahuddin Məhəmmədəliyevli, Elvin Cəfərquliyevli, Emin Mahmudovlu, Toral Bayramovlu, Bəhlul Mustafazadəli, Mahir Emrelili, Nəriman Axundzadəli, Renat Dadaşovlu seçməmiz heyətinə görə də rəqiblərinə uduzmur. Yuxarıda qeyd etdiyimiz kimi, Ayxan bəy komandaya mübariz ruh aşılamağa davam etməli, oyun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yaxşı işlər görməyə qadir olduğunu isbatlamalıdır.
AFFA şərait yaratmalıdır
Yanlış təyinat səbəbindən Millətlər Liqasında geri addım atan millinin ən zəiflər sırasından qurtulması həm də AFFA-nın Abbasova yaradacağı şəraitdən asılıdır. Yığmanın bir araya mümkün qədər tez-tez gəlməsi, təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkili, yoxlama oyunlarındakı rəqib seçimi də çox əhəmiyyətli məqamlardır. Seçmənin sabiq legioner baş məşqçilərindən - Berti Foqtsdan, Robert Prosineçkidən, Canni De Byazidən, Fernandu Santuşdan az maaş alan azərbaycanlıya onlara yaradıldığı qədər şəraəit yaradılmalıdır. Necə deyərlər, hərə öz işini ən yaxşı şəkildə görməyə çalışmalı, D Liqasından çıxmaq istiqamətində Azərbaycan futbolundakı əsas fiqurlar yumruğu bir yerə vurmalıdır. Ümid edək ki, məhz belə də olacaq.
Fanat.Az
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.