AZ

Layiqincə yaşanmış ömür...

İlk dəfə “Yazıçı” nəşriyyatında görüşmüşdük. Rayon qəzetində müxbir işlədiyim illər idi. Bakıya yolum düşəndə “Yazıçı” nəşriyyatında redaktor olan dostum Nəsiman Yaqubluya baş çəkirdim. Leninqrad Dövlət Universitetinin Jurnalistika fakültəsini 1985-ci ildə bitirən Nəsimanın təyinatını bu nəşriyyata vermişdilər. Səhv etmirəmsə, 1987-ci il, ya bir il sonra olardı. Dostumla görüşmək üçün yenə iş yerinə getmişdim. Təzəcə söhbətə başlamışdıq, bir nəfər nisbətən yaşlı əməkdaş yaxınlaşıb nə isə soruşdu və dönüb getmək istəyəndə dostum:

  • Kənar adam deyil, həmkarımızdır, deyib məni təqdim etdi.

O da əlimi sıxıb:

  • İlqar Quliyev, dedi və gülümsədi.

Tanışlığımız onun xoş ovqat doğuran həmin təbəssümü ilə başladı.

Sonra Azərbaycanda və ümumən SSRİ adlanan məkanda çox ciddi hadisələr baş verdi. Çoxlarımızın başı bu sürətlə dəyişən hadisələrə elə qarışdı ki, nəinki təzə, heç neçə illərin dost-tanışları da yada düşmədi. Az qala hər kəsin həyatına və planlarına təsir edən həmin dəyişikliklər mənim də həyatımdan yan keçmədi. 1990-cı ilin mart ayında Bakıya gəlmək məcburiyyətində qaldım və yeni nəşrə başlayan “Vətən səsi” qəzetində Mil–Muğan–Qarabağ zonası üzrə xüsusi müxbir kimi fəaliyyətə başladım. 11 ay sonra, 1991-ci ilin fevral ayından isə ölkənin ilk hərbi qəzeti, Müdafiə Nazirliyinin orqanı olan “Xalq Ordusu”nda şöbə müdiri işləyirdim.

Ancaq görünür, qismətimizdə eyni yolun yolçusu olmaq varmış. Birgə yolumuz 1992-ci ilin sentyabr ayına təsadüf edən növbəti görüşümüzdən başladı. Oktyabr ayında təqribən 9 ay əvvəl yaradılmış Dövlət Sərhədini Mühafizə Komitəsinin orqanı olan “Sərhəd” qəzetinin ilk sayı işıq üzü gördü. İlqar Əhməd oğlu Quliyev artıq iki ay idi bu qəzetin əməkdaşı idi. Hərbi geyimdə (hərbi ştata işə götürülmüşdük) olduğumuzdan, deyəsən məni tanımamışdı. Yadına salanda isə üzündə tanış təbəssüm göründü.

  • Sən cavansan, mənsə qoca kişi, ona görə tanımadım, dedi.

Həmin gündən ona “İlqar kişi” deyə müraciət etdim. Zarafatca deyilmiş “qoca” sözünü ona yaraşdırmadığım üçün bunu anlayışla qarşıladı.

Sərhəd Qoşunları Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə verildikdən bir il sonra eyni idarənin müxtəlif şöbələrində işləməli olsaq da, bir-birimizdən xəbər tuturduq. İlqar xidməti işə diqqət və məsuliyyətlə yanaşması, qayğıkeşliyi, həyat təcrübəsindən gələn faydalı məsləhətləri ilə onu tanıyanların rəğbətini qazanmışdı. Şəxsi məsələlərlə bağlı da ona müraciət edənlər az deyildi. Ölkənin sərhəd ərazilərinə birgə səfərlərimiz zamanı bunun dəfələrlə şahidi oldum. Gənclərlə yanaşı, kifayət qədər həyat təcrübəsi olan yaşlı zabitlərin də ehtiramla ondan xidməti, hətta şəxsi məsələ ilə bağlı məsləhət istəmələrini görmək çox xoş idi. Zarafat dolu söhbətləri və “İlqar müəllim, necə məsləhət bilirsiniz?”, “bir məsələ barəsində köməyinizə ehtiyacım var”, “Siz yaxşı bilərsiniz” və sair, bu kimi müraciətlərə səbirlə cavab verməsi o illərdə, həqiqətən, çətin şəraitdə xidmət edən insanların onu özlərinə doğma bilmələrinin nəticəsi idi. Neçə illik xidmət ərzində qazandığı ən böyük mükafatı da elə bu idi, insanların inamı, ürək qızdırması.

Onu sevdirən bir cəhəti də incə yumor hissi idi. Danışdıqları yalnız məlum hekayətlərdən ibarət deyildi, uşaqlıqda, gəncliyində şahidi olduğu hadisələri özünəməxsus yumorla çatdırır, yazıçı kimi sonralar əsərlərində yer alacaq obrazların ilk cizgilərini yaradırdı. 

Yəqin, bu qəbildən olan Şəfi baba haqqında hekayələri yada salanda çoxlarının indi də dodağı qaçır. Xalqdan gələn bu obrazın koloritini duymaq üçün gərək onları İlqarın dilindən eşidəydin.

Bir zarafatı, əslində, dəqiq deyimi az qala bütün nazirlikdə zərb-məsələ dönmüşdü. Özünün də işçisi olduğu Mətbuat Xidmətinin əməkdaşları barədə deyirdi: “biz jurnalistlərin gözündə MTN-şik, MTN-şiklərin gözündəsə jurnalistik”.

İlqar Quliyevlə bağlı əksər xatirələr indi onun üzündəki o təbəssüm nuruna bələnib. Onların bəzilərini xatırlayanda adamın dodağı bu gün də qaçır. 1992-ci ilin qış aylarından biri idi. İlqarla birgə qatarla sərhəddən ezamiyyədən qayıdırdıq. Plaskart vaqonda əyləşib söhbət edirdik. Birdən qonşu oturacaqdakı yaşlı qadınlardan biri bizə sarı çevrilib:

  • Komandir hansınızdır, soruşdu.

Doğrusu, bu suala dərhal cavab vermədik. Baxışdıq və ani olaraq İlqarın tanış təbəssümünü sezdim. Artıq cavabın hazır olduğunu düşünüb mən də gülümsədim. Ancaq yaşlı qadın onu gözləmədən öz sualını özü cavablandırdı. Barmağını İlqara tuşlayıb:

  • Komandir sənsən, dedi.

Biz yaşlı qadının bunu yaş fərqimizi nəzərə alıb dediyini zən etdik. Ancaq yenə də maraq güc gəldi. İndi sual növbəsi bizə çatmışdı və İlqar gülə-gülə soruşdu:

  • Haradan bildiniz, ay ana?

Qadın heç əhvalını pozmadan dərhal dedi:

  • Bunu bilməyə nə var. Papağınızdan. Sənin papağın yanındakının papağından böyükdür. Düz tapmışam?

İlqarın cavabını gözləmədən:

  • Düz tapmısınız. Komandir odur, dedim.

Qadının sifətində məmnunluq ifadəsi göründü. Biz də, ətrafda bu söhbətə qulaq kəsilənlər də gülüşdük. Sonralar söhbətimiz təsadüfən haçalananda İlqar zarafatla:

  • Bax ha, mənim papağım səninkindən böyükdür, deyirdi.

Həyatında nələrin yaşandığı, taleyinin acılı-şirinli günlərindən tam məlumatlı olmasam da, öz dedikləri, keçmiş günlərin yaddaşa çevrilmiş xatirələrinə görə bəzi şeylərdən az-çox xəbərdaram. Oxşar tale yaşayanlar yaxşı bilirlər, ailənin böyük övladı kimi qardaş-bacının yükünü ata-ana ilə birgə çəkmək, düzgün yol göstərmək, yeri gələndə dayaq olmaq heç də asan məsələ deyil. Bir çoxlarının güman yeri olmaq da onun kimi. İlqar belə ömür yaşadı.

İndi danışacağım hadisə də onun xarakterini aydın göstərir. Ailəsi üçün ağrılı olsa da, o dövrdə yenicə təşəkkül tapan bir qoşun növü üçün xüsusi əhəmiyyət kəsb edən həmin hadisəni yada salmaya bilmirəm. 1993-cü ilin yanvar ayının ortaları idi. İlqar Quliyev Lənkəran Sərhəd Dəstəsinə ezamiyyəyə göndərilmişdi. Üçüncü, həm də həsrətlə gözlənilən oğul övladının dünyaya gəlməsi ərəfəsində bu səfərə başqa əməkdaşın göndərilməsini xahiş edə bilərdi, ancaq heç nə demədən yola çıxmışdı. Həmin vaxt Lənkəran Sərhəd Dəstəsinin Rusiya Federasiyası sərhədçilərindən təhvil-təslimi prosessi gedirdi. Bu prosesi hər vasitə ilə ləngitməyə çalışan bəzi yüksək çinli rus sərhədçiləri açıq təxribatlara əl atmaqdan çəkinmir, Moskvaya yalan və qərəzli məlumatlar göndərir, guya sərhəddə gərginliyin yaşandığını iddia edirdilər. Sərhəd Qoşunlarının Mətbuat Xidməti və rəhbərlik bu cür informasiyaları dərhal təkzib etsələr də, məqsədli dezinformasiya fəaliyyəti davam edirdi. Təhvil-təslim prosesinin gedişini işıqlandıran Rusiya Televiziyasının efirə yeni çıxan "Vesti" xəbərlər proqramı günorta buraxılışında yalan və iftira dolu bir məlumat vermişdi. Məlumatda Lənkəran Sərhəd Dəstəsində rusiyalı sərhədçilərin və onların ailə üzvlərinin yerli əhali və müxtəlif qüvvələr tərəfindən təhdidə məruz qalmaları, onlara hücumlar olunduğu barədə hədyanlar səsləndirilmişdi. Ciddi nəticələr doğura biləcək bu informasiyanı dərhal təkzib etmək, “Vesti”nin geniş auditoriyasına həqiqəti çatdırmaq lazım idi. Baxmayaraq ki, Lənkəran Sərhəd Dəstəsinin təhvil-təslimi ilə bağlı ən kiçik məlumatlar belə respublika radiosunda və televiziyasında işıqlandırılırdı, ancaq həmin yalan xəbər daha geniş auditoriyaya yayıldığı üçün onun təkzibi çox vacib idi. Mətbuat Xidmətinin rəisi polkovnik Ramiz Məlikov (Duyğun) bu təkzibin operativ surətdə təmin olunması, prosesdə iştirak edən Rusiya Federasiyasının səlahiy­yət­li nümayəndə­lə­rindən müsahibə alınması üçün İlqar Quliyev və teleoperator Azər İbadova ciddi tapşırıq vermişdi. Yalnız bu halda "Vesti"nin yaydığı yalan və böhtanı ifşa etmək mümkün idi. İlqar Quliyev və Azər İbadov bu vəzifənin öhdəsindən layiqincə gəldilər. Həmin vaxt Lənkəran Sərhəd Dəstəsinin qərargah rəisi olan Cəlil Xəlilovun kabine­tin­dəki xidməti telefon vasitəsi ilə Rusiya Federasiyası nü­ma­yən­də heyətinin rəhbəri polkovnik Vladimir Perepadonun "Vesti"də gedən sujetə münasibət bildirməsinə nail olundu. V.Perepadonun “hazırda mənim yanımda Rusiya Federasiyasının Azər­bay­can Respub­likasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Valter Şoniya da əyləşib. Bütün deyilənlər yalan və cə­fən­gi­yat­dır. Hər şey dəqiqləşdirilmiş plan üzrə gedir. İstər yerli əhali, istərsə də ha­ki­miy­yət orqanları tərəfindən rusiyalı sərhədçilərə və onların ailə üzvlərinə qarşı heç bir təh­did və təhlükə yoxdur”, bəyənatı lentə alınaraq Moskvaya göndərildi. Axşam saat 19:45-də "Vesti" xəbərlər proqramı “Bakıdan təcili xəbər almışıq... indicə aldığı­mız xəbər günorta sizə çatdırılanın əksini deyir”... Bu, Rusiya Federasiyası sərhədçilərinin heç bir təzyiqə məruz qalmadıqlarının ehtiraf idi. Əslində, xüsusi əməliyyatın nəticəsi olan bu ehtirafın əldə edilməsi Azərbaycana qarşı mümkün təxribatın qarşısını almağa imkan vermişdi.

Həmin ezamiyyənin kədərli notuna gəlincə. İlqar Lənkəranda xidməti vəzifəsini layiqincə yerinə yetirərkən onun ilk oğul övladı doğuş zamanı həyatını itirmişdi. Bu xəbəri eşidən İlqarın hansı hislər keçirdiyini neçə illər sonra da o əvəzsiz itkini yanğıyla xatırlaması aydın göstərirdi. Doğrudan da, həyat bəzən insanı ciddi sınağa çəkir. İlqar bunu yaxşı bilirdi və taleyindən narazı deyildi. Əksinə, iki qız övladı, oğlu Məhəmməd və nəvələrinin ata-baba ocağını qızdıran nəfəsi qəlbini sonsuz sevinc və minnətdarlıq duyğusu ilə doldurmuşdu.

İlqar o ağır hadisə ilə əlaqədar təcili geri qayıtdığı üçün Lənkəran Sərhəd Dəstəsində təhvil-təslim prosesinin davamı ilə bağlı mətbuatın lazımi informasiya təminatını həyata keçirmək işi mənə həvalə olundu.

Polkovnik İlqar Quliyevin əziz xatirəsini yad etdyimiz günlərdə xəyal məni Sərhəd Qoşunlarının Mətbuat Xidmətində və “Sərhəd” qəzetində çalışdığımız o illərə aparır.  Bu yolu birgə addımladığımız, Azərbaycan mətbuatında im­za­ları yaxşı tanınan Elşad Qocanı, Qardaşxan Əzizxanlını, Mahir Cavadlını, Zərif Sədi qızını, Rəbiyyə Şıxəliyevanı, rəhmətlik Xatirə Tağıyevanı, İbrahim İbadoğlunu yada salıram. Artıq haqq dünyasında olan şöbə müdirimiz və baş redaktorumuz Ramiz Məlikovun düzgün kadr seçimi nəticəsində Füzuli Zəkizadə, rəhmətlik Azər İbadov kimi təcrübəli və bacarıqlı videooperatorlar və foto-müxbir Elxan Bağırov da ümumi işə layiqli töhfələr vermişdilər. Ümumiyyətlə, “Sərhəd”çi jurnalistlərin peşəkarlığı və gərgin səyləri nəticəsində son dərəcədə çətin dövrdə Azərbaycan sərhədlərinin necə qorunduğu, bu sahədə dövlət səviyyəsində hansı tədbirlərin görüldüyü, müstəqilliyin bərpasının ilk illərində sərhədçi zabit və əsgərlərin fədakar və layiqli xidməti “Sərhəd”qəzetinin səhifələrində dolğunluğu ilə öz əksini tapdı. Həmin yazılar və Mətbuat Xidmətinin məlumatları, əslində, Sərhəd Qoşunlarımızın iftixar dolu tarixidir, deyə bilərik.

İlqarın son kitabı “Məndən sonra” adlanır. Ölümündən bir neçə ay əvvəl AYB-nin Natəvan klubunda təqdimatı da keçirilmişdi. Yəqin ozündən sonranı düşünən qələm dostumuzun qəlbindən bir istək də keçməmiş deyildi. Ondan sonra kimlərinsə onun haqqında başladacağı bir hekayə olacaq. Özünün yazdığı maraqlı, həyati hekayələr kimi. Bu dünyanın pəncərəsindən ani baxıb keçən yazıçı-publisist İlqar Əhmdoğlunun hekayəsi. Layiqincə, insanca yaşanmış bir ömrün hekayəsi. Ancaq bu hekayə yarımçıq qalmayacaq. Çünki o, tək bir şəxsə məxsus deyildi, oğulun, qardaşın, atanın, babanın, bütün bunlarla bərabər bir qələm adamının hekayəsi idi.

Lətif Şüküroğlu,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

22
Seçilən
37
2
redaktor.az

3Mənbələr