AZ

Əsas hədəflərdən biri süni intellektin dövlət qurumlarında təbiqini genişləndirməkdir

Fevralın 11 –də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən «Azərbaycanın yeni rəqəmsal arxitekturası» adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə xüsusi vurğulandı ki, beynəlxalq aləmdə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.

Ölkəmizin başçısı müşavirədə beynəlxalq şirkətlərlə əlaqələrimizi, böyük təcrübəmizi və bir çox ölkələrlə nəhəng layihələr icra etməyimizi vurğulayaraq bildirdi ki, bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir: «Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir»

Prezident İlham Əliyev bu istiqamətdə xeyli üstünlüklərimizin mövcud olduğunu  bildirdi: «Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında, Şimal-Cənub Dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir.»

Ölkəmiz üçün digər önəmli məsələ  neft kapitalının insan kapitalına çevirilməsidir. Bu, tendensiya Prezident İlham Əliyevin sosial- iqtisadi siyasətinin əsasını təşkil edir. Hazırda ölkəmiz yalnız neft-qaz deyil, qeyri-neft sektorunun inkişafı ilə də diqqət çəkir. İqtisadiyyatımıza  son 20 il ərzində yüz milyardlarla dollardan çox sərmayə yatırılıb. Həmin  sərmayələrin böyük hissəsi  qeyri-neft sektorunun payına düşür. Cənab Prezidentimizin vurğuladığı kimi,  xarici sərmayələr qorunur: « Bunu həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin, o cümlədən Azərbaycanın inkişafını müəyyən edib. Burada da nadir təcrübəmiz var: “30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.»

Azərbaycan dövlətinin son illər ərzindəki uğurlu iqtisadi siyasətinin bir hissəsi olan energetikanın inkişafı da göz  önündədir. Belə ki, son 23 ildə generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları, istər qaz, istər hidro, istər Günəş, külək bu gün Azərbaycan reallıqlarını müəyyən edir.

Sözügedən müşavirədə Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır: «Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, - bu barədə dəfələrlə danışılıb, - gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq. Ona görə biz bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik.»

Ölkəmizin başçısı müşavirədə bu məqamı da vurğuladı ki, xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və elektrik enerjisinin bir qismini ixrac edəcəyik: « Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir, bu il başa çatacaq. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik. Bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq təmaslar qurulduğu, bir neçə aparıcı şirkətlə danışıqlar aparılır və ölkəmizin imkanları onlara təqdim edilir.»

Ölkəmizin başçısı müşavirədə xüsusi vurğuladı və tapşırdı ki, dövlət xidmətləri «mygov» üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən : « Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir.».

Müşavirədə bir daha vurğulandı ki, Azərbaycan dövlətinin  əsas hədəfi süni intellektin tətbiqinin dövlət qurumlarında geniş vüsət almasıdır. Ölkəmizin başçısı qeyd etdi ki, bu gün bu sahədə aparıcı ölkələrdə belədir. Bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt yardımçı ola bilər. Çağırışlardan biri də kibertəhlükəsizlik üzrə əsas hədəflərin müəyyən edilməsidir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri

Seçilən
22
1
ikisahil.az

2Mənbələr