AZ

“Qarabağ” yükdən qurtuldu... amma Qurban Qurbanov yenə risk etməlidi!

“Qarabağ” növbəti önəmli avrokubok sınağı ərəfəsindədi. Tarixində ilk dəfə Çempionlar Liqasının pley-offuna vəsiqə qazanan ağdamlılar “Nyukasl”la qarşılaşacaq. İlk oyuna cəmi beş gün qalıb. Bəs, bu ərəfədə komandanın durumu necədi? Rəqibdən nə xəbər? “Köhlən atlar”ın hazırlıq prosesi “sağsağanlar”la oyunda uğur gözləntisi üçün əsas verirmi?

Şamaxıda qar, Qubada palçıq...
“Qarabağ”ın Şamaxıda keçirdiyi matçda başına gələnlərdən xəbərdarsız. Çempion xal itkisindən son anda - Kamilo Duranın 90+4-cü dəqiqədə vurduğu qol sayəsində xilas oldu. Nəticə baxımından “köhlən atlar”ın ürəyi rahatlıq tapa bilər. Çünki “Sabah”la aradakı xal fərqi artsa, ağdamlıların çempionluq hədəfi ciddi təhlükə altına düşəcəkdi. Lakin qazonun qarla örtüldüyünü, qonaqların bu səbəbdən öz oyununu sərgiləməkdə çətinlik çəkdiyini, futbolçuların həddən artıq güc sərf etməyə məcbur olduğunu nəzərə alsaq, matçı “Nyukasl”a qarşı hazırlıq məşqi kimi dəyərləndirə bilmərik. İş ondadı ki, “Qarabağ” hələ Qubaya yollanmalı, ordakı Olimpiya İdman Kompleksinin, demək olar ki, yararsız halda olan süni ot örtüyünə sahib stadionunda “İmişli”nin qonağı olmalıdı. Vay o günə ki, qar, yağış yağsın. Onda “köhlən atlar” daha ciddi çətinliklə üzləşəcək. Hələ onu demirik ki, Qurban Qurbanov bu qarşılaşmada bəzi əsas heyət üzvlərinin dincəlməsi üçün şərait yaratmalı, xal itirmək riskini gözə almalıdı. Heç şübhəsiz, ağdamlılar Qubada xal itirsə, “Sabah”ın ağzı sulanacaq, “Qəbələ”yə qarşı daha motivasiyalı oyun sərgiləyəcəklər. Əlbəttə, belədə liderlə ən yaxın izləyicisi arasındakı xal fərqi artacaq. Heç Valdas Dambrauskas belə fürsəti ədlən verər?! Özü də “bu ölkədə “Qarabağ”dan başqa klublar da var” sözüylə əsas rəqibinə “meydan oxuyan” baş məşqçi...

Tutaq ki, “köhlən atlar” Bakıda “Nyukasl”la oyunda sərfəli nəticə qazandı. Düzdü, İngiltərə təmsilçisiylə heç-heçə etsək, papapığımızı göyə atmalıyıq. Ancaq “Çelsi”yə qarşı oyunda qeydə alınan “sülh”dən ilhamlanıb bərabərlik və ya qələbə xəyalları qura, bunu gerçəkləşdirərək İngiltərəyə üstün yollanmaq imkanı əldə edə bilərik. “Qarabağ” üçün ən böyük problemlərdən biri kimi Azərbaycan derbisi görünürdü ki, dünən bu məsələyə aydınlıq gəldi. Axşam saatlarında PFL-in saytında belə məlumat yer aldı: “Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın rəsmi müraciəti, “Neftçi”nin razılıqla bağlı rəsmi cavabı əsasında Misli premyer-liqasının 21-ci turunun fevralın 21-nə nəzərdə tutulmuş “Neftçi”- “Qarabağ”oyunu təxirə salınıb”.

“Nyukasl” İngiltərədə kəfən cırdı,..
İngiltərə premyer-liqasıyla Azərbaycan premyer-liqası arasında hansı fərqlərin olduğunu sadalamağa dəyməz. Yenə də “sağsağanlar”ın son oyunlarda üzləşdiyi uğursuzluqlar bizi ümidləndirmişdi. Söhbət ondan gedir ki, Eddi Haunun komandası ardıcıl 4 matçda qalib gələ bilməmişdi. Bu üzdən “qara zolağa düşdüyü” proqnozlaşdırılan “Nyukasl” fevralın 10-da çempionatın 26-cı turunda “Tottenhem”in meydanından qələbəylə ayrıldı – 2:1. “Sağsağanlar” “Qarabağ”la qarşılaşana qədər daha bir rəqibin öhdəsindən gəlməyə çalışacaq: fevralın 14-də İngiltərə kubokunda “Aston Villa” ilə üz-üzə gələcək. Bundan sonra isə “köhlən atlar”la oyuna hazırlıq prosesinə start veriləcək.

KƏNAN BAHADIR

Seçilən
12
1
football-plus.az

2Mənbələr