BAKI, 13 fevral. TELEQRAF
2025-ci ildə bağçılıq və heyvandarlıq istiqamətləri üzrə Xocalı, Xocavənd və Laçın rayonlarında ümumilikdə 6 876 hektar torpaq sahəsi sahibkarların istifadəsinə verilməsi üçün müsabiqəyə çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyində keçirilən “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirədə nazir Məcnun Məmmədov qeyd edib.
O bildirib ki, müsabiqə nəticəsində icarə əsaslı torpaq əldə etmiş sahibkarlara müvafiq subsidiyalarla göstərilən dəstək sistemli şəkildə davam etdirilir.
2026-cı ildə Nazirliyin qarşısında daha məsul vəzifələrin dayandığını vurğulayan nazir Məcnun Məmmədov istehsalın səmərəliliyinin artırılması, resurslardan rasional istifadə, monitorinq və nəzarət mexanizmlərinin gücləndirilməsi, fermer məmnunluğunun yüksəldilməsi və ixrac potensialının genişləndirilməsinin əsas istiqamətlər kimi müəyyən edilməli olduğunu bildirib. 2026-cı ildə kənd təsərrüfatı sahəsində rəqəmsal transformasiyanın sürətləndirilməsi, məlumat əsaslı qərarvermə mexanizmlərinin təkmilləşdirilməsi və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi də əsas vəzifələrdən olacaq.
M.Məmmədov bildirib ki, 2025-ci il aqrar sahə üçün məsuliyyətli və intensiv fəaliyyət dövrü olub. Dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, subsidiya siyasətinin daha ünvanlı və şəffaf tətbiqi, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin rəqəmsallaşma istiqamətində atılan addımlar sahənin dayanıqlı inkişafına mühüm töhfə verib. 2025-ci ildə ölkədə 129 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bunun 5,9 faizi kənd təsərrüfatının payına düşür. Kənd təsərrüfatı qeyri neft-qaz sektoru üzrə ixrac edilən məhsullar arasında birinci pillədə olmaqla, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və valyuta daxilolmalarının formalaşmasında mühüm strateji rol oynayır.