AZ

"Qarabağ"ın rəqibinin futbolçusu milli komanda seçimini etdi

BAKI, 13 fevral. TELEQRAF

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan İngiltərənin "Nyukasl" klubunun futbolçusu Harvi Barns milli komanda ilə bağlı seçimini dəqiqləşdirib.

Teleqraf xəbər verir ki, 28 yaşlı hücumçu DÇ-2026 ərəfəsində Şotlandiya millisindən gələn təklifi geri çevirib.

Bu barədə Şotlandiya yığmasının baş məşqçisi Stiv Klark BBC-yə açıqlama verib. O, Barnsın yalnız İngiltərə millisində oynamaq istədiyini vurğulayıb:

"Artıq dəqiq deyə bilərəm ki, Harvi Barns İngiltərə yığmasına fokuslanıb. O, Şotlandiya üçün oynamayacaq. Bu mövzu bizim üçün bağlandı".

Barns 2020-ci ildə İngiltərə yığmasında cəmi bir yoldaşlıq görüşündə iştirak etdiyi üçün FIFA qaydalarına görə Şotlandiya vətəndaşlığını seçmək hüququna malik idi. Lakin futbolçu Tomas Tuxelin rəhbərlik etdiyi İngiltərə yığmasındakı rəqabətə baxmayaraq, şansını orada sınamağa qərar verib.

Barns bu mövsüm "sağsağanlar"ın forması ilə meydana çıxdığı 39 oyunda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasındakı pley-offun ilk görüşü fevralın 18-də Bakıda, cavab oyunu isə fevralın 24-də İngiltərədə baş tutacaq.

Seçilən
26
teleqraf.com

1Mənbələr