AZ

Gələcəyin sənayesi: Çin neyrointerfeyslərə yatırım edir

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çinli tədqiqatçılar ilk dəfə olaraq simsiz implantasiya edilə bilən beyin-kompüter interfeysini ("İnterfeys" (interface) termini hərfi mənada iki müxtəlif sistemin, qurğunun və ya obyektin qarşılaşdığı və qarşılıqlı əlaqədə olduğu "təmas nöqtəsi" və ya "ara üz" deməkdir-red.) orbitdə uğurla sınaqdan keçiriblər. Şimal-Qərb Politexnik Universitetində hazırlanmış cihaz ötən ilin dekabrında eksperimental platforma ilə kosmosa göndərilib. Əsas nəticə ondan ibarətdir ki, beyin siqnallarını oxuyan sistem kosmosun sərt şəraitində sabit işləyib və sıradan çıxmayıb.

Eksperimentin məqsədi texnologiyanın orbitdə dözümlülüyünü yoxlamaq olub. Orqanizm mayelərini təqlid edən mühitdə yerləşdirilən cihaz elektroensefaloqramma (EEQ) siqnallarını stabil şəkildə toplayıb. Bu, həssas neyroelektronikanın Yer atmosferindən kənarda da etibarlı işləyə biləcəyini göstərib.

Nəticələr həm də insan beyninin çəkisizlik şəraitinə uyğunlaşması barədə yeni məlumatlar təqdim edir. Mikroqravitasiya zamanı orqanizmdə mayelərin yerdəyişməsi beyində müəyyən dəyişikliklər yaradır. Yeni texnologiya neyron fəaliyyətini real vaxtda izləməyə imkan verə bilər ki, bu da uzunmüddətli kosmik missiyalarda, məsələn, Mars səfərlərində, kosmonavtların mental sağlamlığının qorunmasına kömək edə bilər.

Layihəyə professorlar Çan Hunlun və Tszi Boven rəhbərlik ediblər. Komanda beynin səthinə uyğunlaşan elastik elektrod massivi hazırlayıb. “Yumşaq” konstruksiya toxumaya zərər vermir və uzun müddət sabit siqnal əldə etməyə imkan yaradır. Heyvanlar üzərində aparılan sınaqlarda bu elektrodlar ənənəvi metal variantlarla müqayisədə siqnal sabitliyini xeyli yaxşılaşdırıb. Layihə 39-cu Beynəlxalq Mikroelektromexaniki Sistemlər Konfransında mükafata layiq görülüb.

Çin neyrointerfeysləri strateji sahə kimi müəyyən edib və onu milli inkişaf planlarına daxil edib. Hədəf 2027-ci ilə qədər texnologiyanı səhiyyə və sənayedə tətbiq etmək, 2030-cu ilə qədər isə bu sahədə qlobal liderliyə nail olmaqdır. Bu yenilik həm Yer üzündə neyroreabilitasiyada böyük irəliləyiş vəd edir, həm də uzaq kosmos missiyalarında insan beyninin sağlamlığının qorunmasına xidmət edə bilər.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
xalqqazeti.az

2Mənbələr