ain.az bildirir, Bizimyol portalına istinadən.
Çörək bizim üçün sadəcə qida deyil. Çörək süfrənin bərəkətidir, evin ruzisidir, yoxsulluğun da, var-dövlətin də ortaq simvoludur. Çörəyə and içirik. Çörəyi yerə düşəndə götürüb öpürük. Çörək müqəddəsdir sözlərini eşidə-eşidə böyümüşük.
Amma bu gün mağazaların rəflərinə baxanda sual yaranır ki, biz doğrudan da çörəyə müqəddəs münasibət göstəririkmi?
Satışda olan çörəklərin bir qismi həddindən artıq yağlıdır. Bəziləri içi xəmir kimi, tam bişməmiş vəziyyətdədir. Digərlərinin isə altına, üstünə sobanın çirki yapışıb. Qara ləkələr, yanıq izləri, keyfiyyətsiz qabıq. Bəzən çörəyi əlinə alanda elə bilirsən ki, tələsik, məsuliyyətsiz və sadəcə “plan doldurmaq” naminə istehsal olunub.
Çörək zavoddan çıxan adi məhsul deyil. O, mədəniyyətin bir hissəsidir. Çörəyə münasibət cəmiyyətin öz dəyərlərinə münasibətinin göstəricisidir.
Niyə and yerimizə bu qədər səhlənkar yanaşılır?
Bu sualın cavabı təkcə bir çörək sexində və ya bir sobada gizlənmir. Məsələ daha dərindir. Sürət, ucuzluq və maksimum qazanc prinsipi keyfiyyəti arxa plana keçirib. Xəmirin normal mayalanma müddəti gözlənilmir, sobanın temperatur rejimi düzgün tənzimlənmir, gigiyenik qaydalara laqeyd yanaşılır. Nəticədə isə süfrəyə çıxarılan çörək nə dadına, nə də görünüşünə görə adına layiq olur.
Bir vaxtlar kənddə təndir başında bişən çörək saatlarla yoğrular, dincə qoyular, diqqətlə çevrilərdi. Çörək bişirmək səbir və məsuliyyət tələb edən proses idi. İndi isə istehsal xətti sürət üzərində qurulub. Daha çox məhsul, daha az vaxt, daha az xərc. Keyfiyyət isə bu tənliyin içində itib gedir.
Burada nəzarət məsələsi də önə çıxır. Qida təhlükəsizliyi standartları kağız üzərində qalanda, istehsal prosesinə real monitorinq aparılmayanda nəticə qaçılmaz olur. Çörəyin üzərində sobanın çirkini görmək təkcə estetik problem deyil, gigiyena və sağlamlıq məsələsidir. Yaxşı bişməmiş xəmir isə həzm problemlərinə, müxtəlif sağlamlıq risklərinə yol aça bilər.
Ancaq məsuliyyət yalnız istehsalçının üzərinə düşmür. İstehlakçı olaraq biz də keyfiyyətsiz məhsulu geri qaytarmadıqca, etiraz etmədikcə, seçimimizlə mesaj vermədikcə vəziyyət dəyişmir. Ən müqəddəs hesab etdiyimiz neməti belə səssizcə qəbul ediriksə, istehsalçı niyə standartı yüksəltsin?
Çörəyə and içən cəmiyyət çörəyə laqeyd qala bilməz. Çörək bizim mədəni yaddaşımızdır. Müharibə illərində çörək növbəsində dayanan nəsillərin xatirəsi var bu nemətin üzərində. O çörək qiymətli idi, çünki az idi. İndi isə bol olduğu üçün ucuzlaşıb təkcə qiymət baxımından yox, münasibət baxımından da.
Müqəddəs dediyimiz dəyər gündəlik səhlənkarlığın qurbanına çevrilməməlidir. Çörək qazanc obyektidir, bəli. Amma ilk növbədə etibar obyektidir. Süfrəyə qoyulan hər tikə çörək insanın sağlamlığına və inancına toxunur.
And yerimizə münasibətimiz dəyişibsə, deməli problem təkcə sobada deyil baxışlarımızdadır.
Leyla Mirzə, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.