“Azərbaycanın yeni rəqəmsal arxitekturası”: Strateji inkişafın və rəqəmsal suverenliyin yol xəritəsi
Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirib. Ölkə Başçısının müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, ölkəmiz rəqəmsal transformasiyanı strateji prioritet kimi müəyyənləşdirib və bu istiqamətdə sistemli, uzunmüddətli və milli maraqlara əsaslanan siyasət həyata keçirir.Dördüncü Sənaye İnqilabının qlobal dalğası bu gün bəşəriyyəti biliyin fundamental iqtisadi dəyərə və əsas hərəkətverici qüvvəyə çevrildiyi postsənaye cəmiyyətinə doğru istiqamətləndirir. Rəqəmsal texnologiyalar, süni intellekt, böyük məlumatlar və avtomatlaşdırma artıq ənənəvi iqtisadi modelləri dəyişir, dövlət idarəçiliyində və sosial münasibətlərdə yeni paradiqma formalaşdırır.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, bu mürəkkəb və dinamik çağırışlar fonunda Prezident İlham Əliyev tərəfindən elan edilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” konsepsiyası ölkəmizi bu qlobal transformasiyanın sadəcə müşahidəçisi və ya iştirakçısına deyil, həm də onun fəal subyektinə və strateji aktoruna çevirmək məqsədi daşıyan milli inkişaf doktrinasıdır. Bu, rəqəmsal suverenliyin təmin olunmasına, bilik iqtisadiyyatının qurulmasına və innovasiya əsaslı dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edən fundamental yanaşmadır.
Xüsusilə süni intellektlə bağlı dövlət başçısının vurğuladığı məqamlar olduqca əhəmiyyətlidir. Cənab Prezident açıq şəkildə bildirdi ki, kadr hazırlığı bu sahədə əsas vəzifələrdən biridir. Doğrudan da, süni intellekt texnologiyaları yalnız proqram təminatı və avadanlıq məsələsi deyil – bu, ilk növbədə insan kapitalıdır.
Bu gün ali məktəblərimizdə müvafiq ixtisasların genişləndirilməsi, tədris proqramlarının müasirləşdirilməsi və dövlət xətti ilə xaricə göndərilən tələbələrin məhz bu sahə üzrə ixtisaslaşmasının təşviqi xüsusi əhəmiyyət daşıyır. Nəzərə almalıyıq ki, bu, qısamüddətli kampaniya deyil, uzunmüddətli və davamlı prosesdir. Gələcəkdə süni intellekt sahəsində peşəkar kadrlara böyük ehtiyac olacaq. Ona görə də orta məktəblərdən başlayaraq şagirdlərə rəqəmsal savadlılıq və ilkin süni intellekt biliklərinin aşılanması üçün tədris proqramlarında zəruri dəyişikliklər edilməlidir. Bu, gələcəyin əmək bazarına hazırlığın əsas şərtidir.
Prezidentin çıxışında xüsusi vurğulanan digər mühüm istiqamət süni intellektin dövlət qurumlarında geniş tətbiqidir. Bu gün aparıcı ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətində süni intellekt agentləri qərar qəbuletmə prosesinə dəstək verir. Bu texnologiyalar böyük həcmli məlumatları təhlil edərək daha dəqiq, əsaslandırılmış və operativ qərarların qəbuluna kömək edir. Dövlət idarəçiliyində bu alətlərin tətbiqi şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun artmasına xidmət edəcəkdir.
Süni intellekt və rəqəmsal transformasiya kibertəhlükəsizlik məsələlərini də ön plana çıxarır. Prezidentin qeyd etdiyi kimi, ötən il ölkəmiz mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışdır. Mənbə məlum olmuş və müvafiq tədbirlər görülmüşdür. Lakin bu fakt bir daha göstərir ki, kibertəhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Rəqəmsal infrastrukturumuz gücləndikcə onun qorunması da prioritet istiqamət kimi daim diqqətdə saxlanılmalıdır.
Eyni zamanda, bu sahədə dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezidentin bu məsələyə birbaşa nəzarət etməsi beynəlxalq tərəfdaşlara açıq mesajdır ki, Azərbaycan süni intellekt və rəqəmsal inkişafı strateji prioritet hesab edir. Ölkəmizin geostrateji mövqeyi, sabitliyi, inkişaf edən infrastruktur və gənc, dinamik insan resursları xarici tərəfdaşlara dolğun şəkildə təqdim edilməlidir.
Millət vəkili Tamam Cəfərova xüsusilə vurğulayıb ki, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” yalnız texnoloji layihə deyil, bu, gələcəyin dövlət modelidir. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strateji kurs Azərbaycanın rəqəmsal suverenliyini möhkəmləndirəcək, iqtisadiyyatımızın rəqabət qabiliyyətini artıracaq və ölkəmizi qlobal texnoloji transformasiyanın fəal iştirakçısına çevirəcəkdir.