AZ

Deputat: “Mehdiyev və Kərimli kimi xəyanətkar marionetlər...”

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açıqlanan son məlumatda bir qrup şəxsin xarici xüsusi xidmət orqanları ilə əlaqəyə girərək dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində fəaliyyət göstərmələrinə dair ciddi şübhələrin yarandığı bildirilib. 

DTX-nin Mətbuat xidmətinin məlumatına görə, cinayət işi çərçivəsində Abbas Abbasov, Rüstəm İbrahimbəyov, Ramiz Mehdiyev, Əli Kərimli, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov və digər şəxslər müxtəlif maddələr üzrə məsuliyyətə cəlb ediliblər. Açıqlamada qeyd olunur ki, istintaq tədbirləri davam etdirilir və iş üzrə yeni faktların ortaya çıxacağı istisna edilmir. 

“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycanda dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirlərinə dair yaydığı məlumat əslində ölkədə heç kəsi təəccübləndirmədi: 

“Ramiz Mehdiyevin şimala olan bağlılığı, onun xəyanət ortaqları Əli Kərimov və digər bu xislətdə olan digər şəxslərin milli mənafeləri sata bilmə potensialı hər kəsə məlum idi. Məsələn, Mehdiyev özü Sovet dövründə hakimiyyət iyerarxiyasında Ulu Öndər tərəfindən irəli çəkilməsinə baxmayaraq, ötən əsrin 80-ci illərin sonlarında ümummilli lider hakimiyyətdən uzaqlaşdırılan kimi, onun əleyhinə kampaniyaların fəal iştirakçılarından birinə çevrilmişdi. 

O cümlədən, 2003-cü ildə həssas dönəmi fürsət bilən Mehdiyev eyni xislətini bir daha büruzə verərək prezidentlik iddiasına düşmüş və istər daxildəki radikallar, istərsə də xarici dairələrlə aktiv təmaslara keçmişdi. AXCP faktiki baxımdan heç vaxt siyasi partiya səviyyəsinə yüksələ bilməyib və bu meydan qruplaşmasının yaranma səbəbi belə milli mənafeləri hədəfə almaq olub. 

DTX-nin yaydığı məlumatlar Əli Kərimlinin də, onun müdafiəsinə qalxan adamların da hələ də əcnəbi kəşfiyyat şəbəkəsinin ucuz aləti olaraq qaldıqlarını deməyə əsas verir. Söykəndikləri arqumentlərin də heç birinin sağlam əsası yoxdur”. 

Deputat qeyd edib ki, ittihamların fonunda Fuad Qəhrəmanlı tərəfindən səsləndirilən açıqlamalar inandırıcı görünmür: 

“Belə bir xəyanət fonunda Fuad Qəhrəmanlı açıqlama verir ki, guya zorlanma təhdidi və ona vurulan naməlum iynənin təsiri altında, guya namusunu qorumaq üçün ifadə verib. Adama sual verərlər ki, sən o videodakı pulları da zorlanma təhdidi altında almısan? 

Görüntülərdən aydın görünür ki, paket-paket pul qorunan yox, satılan namusun haqqı olub. Yaxud, el arasında “üç palma” ləqəbi ilə məşhur olan Qənimət Zayid indi guya vəziyyətdən çıxmağa çalışır, amma DTX-nin materiallarından da görünür, adam açıq formada Əli Kərimovun təlimatı ilə hakimiyyət gəlmək naminə istənilən xarici dairə ilə bütün şərtlərdə əməkdaşlıq etməyə və marionetə çevrilməyə razı olduğunu deyir. Görürsünüz, dəyişən heç nə yoxdur, eyni təfəkkürdür, bu gün də elə, torpaq, müstəqillik, suverenlik, namus, iffət fərq etməz, hər şeyi satmağa hazırdılar ki, yenidən iqtidarı zəbt etsinlər”. 

Bəhruz Məhərrəmov əlavə edib ki, sosial xarakterli problemlər müəyyən dairələr tərəfindən gənclərə təsir vasitəsinə çevrilə bilir: 

“Xatırlayırıq ki, cənab Prezident dəfələrlə deyib ki, bizə ölkə daxilindən heç bir təhdid yoxdur, cari situasiya isə göstərir ki, artıq heç xaricdən də mümkün təhdidlərin güc və imkanlarımız qarşısında heç bir şansı yoxdur. 

Azərbaycan xalq bu reallıqların fərqindədir, çox arzu edirik ki, özünü cəbhəçi sayan siyasi romantikanın ağuşundakı gənclər də düşünsünlər. Aydındır ki, bu gəncliyin beyni ölkədə sosial xarakterli müəyyən problemlərin kölgəsində yuyulub. 

Amma o gənclərdən soruşuram, Mehdiyev və Kərimli kimi öz iradəsi öz əlində olmayan xəyanətkar marionetlərin ölkənin hansı problemini həll edə bilər? Mövcud iqtidar isə Azərbaycan və bölgə tarixinin ən mürəkkəb problemlərini həll edib, yeni dövr başladıb”. 

Seçilən
145
cebheinfo.az

1Mənbələr