Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Dayot Upamekano yeni müqaviləyə imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. 27 yaşlı Fransa millisinin üzvü ilə imzalanan yeni sözləşmə 30 iyun 2030-cu ilədək qüvvədə olacaq.
Upamekano 2021/2022 mövsümündən “Bavariya”nın formasını geyinir. O, bu müddətdə komanda ilə üç Bundesliqa çempionluğu və üç Almaniya Superkuboku qazanıb.
Müdafiəçi cari mövsüm Almaniya çempionatında 17 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Çempionlar Liqasında 7, Almaniya Kubokunda isə 3 matça çıxıb.