"Azərbaycanın 19 nəfərlik vətəndaş cəmiyyəti qrupunun delimitasiya olunmuş quru sərhədindən keçərək qarşı tərəfə səfəri, mənə diplomatik keçiddən daha çox, psixoloji baryerin aşılması kimi gəldi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, "Sülh Körpüsü" təşəbbüsü adı simvolik anlam daşıyır: yəni körpü yalnız iki sahili birləşdirmir, belə deyək, iki travmanı, iki qorxunu, iki ictimai şüuru birləşdirir.
Bəs delimitasiya olunmuş sərhəddən keçid bir "yoxlama"dırmı?
Bəli, bu addım klassik anlamda yoxlama, sınaq xarakteri daşımış ola bilər; amma bu, texniki yoxlama, adi sınaqdan üstün - strateji sınaqdır. Birincisi, təhlükəsizlik sınağı - dövlət mexanizmlərinin koordinasiyası, təhlükəsizlik zəmanətlərinin işləkliyi yoxlanılır; ikincisi, psixoloji sınaq - toplumlar bu görüntünü necə qəbul edir? "Sərhəd" anlayışı qorxu rəmzi olaraq qalır, yoxsa normallaşma mərhələsinə keçir? Üçüncüsü, siyasi iradə sınağı - siyasi rəhbərlik və ictimai institutlar bu cür təşəbbüslərə arxa dururmu? Göründüyü kimi, ritorik də olsa, birbaşa da olsa, suallar mövcuddur.
Bəli, mülki şəxslərin keçidi insidentsiz və konstruktiv nəticə ilə yadda qalarsa, bu, gələcəkdə quru sərhədlərinin mərhələli açılması üçün presedent yarada bilər. Yəni bu addım - diplomatik laboratoriyada aparılan bir sınaqdır.
"Azərbaycanın sülh gündəliyi yaxud ötən ilin avqustundan bəri şəkillənmə ilə Vaşinqton gündəliyi və regional təhlükəsizlik mövzusu bu yerdə önplana çıxır. Vaşinqton Zirvə görüşünün yalnız simvolik çərçivə olmadığı bəllidir. O sülh anlaşmasının tamamlanması,
regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq perspektivləri baxımından yeni mərhələnin ideoloji xəritəsidir.
Bölgə artıq "qarşıdurma coğrafiyası" olmaqdan çıxıb "enerji və logistik dəhliz" coğrafiyasına çevrilmək potensialı daşıyır. Sülh burada yalnız etik dəyər kimi qavranılmamalıdır; o, iqtisadi zərurətdir.
İndi isə radikal qruplar və içəridəki dirəniş məsələsinə toxunaq.
Biz qalib ölkəyik; qarşı tərəfdə isə radikal qruplar üçün sülh - siyasi kapitalın azalması deməkdir. Necə deyərlər, onlar üçün konflikt mobilizasiya alətidir.
Radikal narrativlərin əsas arqumentləri nədir? Sıralamağa çalışaq: "erkəndir", "güzəştdir", "tarixi ədalət pozulur" və s. Amma burada önəmli məqam vardır: sülh prosesi nə qədər ictimai əsaslı və şəffaf olarsa, radikal təsir dairəsi bir o qədər daralar", - deyə araşdırmaçı-yazar əlavə edib.
Bu proses nəyi dəyişə bilər?
Güvənin institusional əsasını yarada bilər;"Düşmən obrazı"nın monolitliyini sındıra bilər; İqtisadi qarşılıqlı asılılıq modelinə keçidi sürətləndirə bilər. Yəni sərhəddən mülki keçid normaya çevrilərsə, bu, gələcəkdə humanitar alış-verişə, akademik və mədəni təmaslara, iqtisadi əməkdaşlığa yol aça bilər. Doğrudur, bu addım hələ sülh anlaşması deyil amma sülhün məşqi sayıla bilər. Sərhəd açılmadan öncə, heç olmazsa, onunla birgə düşüncə açılmalıdır. Toplumlar buna hazırdırmı? Əgər ictimai diplomatiya dövlət diplomatiyasını uğurla tamamlayarsa, proses geridönməz xarakter ala bilər. Gərək keçmiş işğalçının radikal ritorikası hər bir addımı sabotaj edə bilməsin.
Beləliklə, "Sülh Körpüsü" təşəbbüsü coğrafi xəttin üzərindən keçməkdən daha irəli, tarixi psixologiyanın üzərindən keçmək cəhdidir.
Bu, sanki gələcəyin sınaq keçidi səciyyəsindədir. Davamlılıq təmin olunarsa, bu yoxlama, belə bir sınaq uğurlu presedentə çevrilə bilər. Əgər emosional ritorika üstünlük qazanarsa, proses öz kövrəkliyində qalacaq.
Tarix indi tribunadan boylanmır, budur, o, sərhəd keçid məntəqəsində dayanıb. Və gələcəyin vicdanına səslənir...
Dövlətimiz zaval görməsin.
Lamiyə Cəbrayılova