AZ

Nəcməddin Sadıkovun müavininə qarşı iddia üzrə məhkəmə başladı

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini - Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı qaldırılan mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Daha sonra iddiaçı sabiq hakim, hazırda vəkil kimi fəaliyyət göstərən Rafiq Abbasov məhkəməyə bildirib ki, təqaüdə çıxdıqdan sonra bağ evi almaq üçün vasitəçilərlə əlaqə saxlayıb:

“Ev alqı-satqısı ilə bağlı saytlara baxdım. Novxanıda bir ev çıxdı, əlaqə saxladım. Görüşdük, evə baxmağa getdik. Biz evə çatanda işıq söndü, evə telefon fənərinin işığında baxdıq. Həyətdəki hovuza, yay mətbəxinə, quyuya da baxdıq. Həyətdəki tikililər təmirsiz idi. Sonra hovuzla da bağlı problemlər ortaya çıxdı. Quyu qonşu ilə ortaq idi. Bunlar mənə deyilməmişdi. Ayaz Həsənov evdə olan çatışmazlıqları aradan qaldıracağına söz verdi. Aramızda danışıq oldu. Usta gəlib baxdı. Mən bu barədə Ayaz Həsənova məlumat verdikdə isə o, mənə “Mən qurtarmışam”, yəni məni narahat etmə dedi”.

Daha sonra cavabdeh Ayaz Həsənov iddialara cavab verib. Bildirib ki, pula ehtiyacı olduğu üçün Novxanıda olan bağ evini satmaq qərarına gəlib:

“Bunun üçün bir neçə əmlakçıya müraciət etdim, həmçinin alqı-satqı saytlarına yerləşdirdim. Sonra əmlakçı müştəri olduğunu dedi. İcazə verdim, gedib evə baxdılar. Bir neçə saat sonra əmlakçı zəng edib dedi ki, ev xoşlarına gəlib, sadəcə, məbləğ çoxdur. Mənsə ucuz qiymətə razılaşmadım”.

Cavabdeh bildirib ki, ötən il iyunun 13-də evə baxış keçiriblər:

“Bir neçə saat sonra əmlakçı mənə zəng edib dedi ki, Rafiq müəllim dam örtüyünə də baxmaq istəyir. Dedim gedib baxsın. Gedib baxmışdı. Səhəri görüşdük, söhbətləşdik, razılaşdıq. Beh verdi və biz notariusda müqavilə imzaladıq. Evdən çıxmaq üçün bir ay vaxt verildi.

Bir az keçəndən sonra Rafiq müəllim ev üçün yeni mebellər aldığını, əşyaların çıxarılmasının lazım olduğunu dedi. Mən də əşyaları müvəqqəti mühafizə otağına qoydum və dəyər-dəyməzinə satdım. Hovuzdakı problemə gəldikdə isə mozaikada problem var idi. Usta çağırdıq. Usta dedi ki, “lak” vurub həll etmək olar. Belə də etdik. Sonra hovuzu da su ilə mən doldurdum”.

İddiaçı isə əlavə edib ki, qarşı tərəf evin təmiri ilə bağlı verdiyi sözü yerinə yetirməyib.

Cavabdeh tərəf prosesə əmlakçı və mühafizəçinin şahid qismində çağırılması barədə vəsatət verib.

İddiaçı tərəf buna etiraz etməyib. Məhkəmə vəsatəti təmin edib. Məhkəmə müqavilə üzrə etibarnamə tələb edib. Tərəflər növbəti prosesdə etibarnaməni təqdim edəcəklərini bildirib.

Məhkəmənin növbəti iclası 18 marta təyin edilib.

Qeyd edək ki, vəkil Rafiq Abbasov sabiq Baş Qərargah rəisinin müavini, general-leytenant Ayaz Həsənovu mülki iddia üzrə məhkəməyə verib. Rafiq Abbasov Ayaz Həsənovun ev alqı-satqısı ilə bağlı verdiyi sözə əməl etmədiyini iddia edir.

Xatırladaq general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib.

O, Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.

"Cebheinfo.az"

Seçilən
15
9
cebheinfo.az

10Mənbələr