AZ

"Azərlotereya"nın gəlirləri hara gedir? - Dünya təcrübəsi və Azərbaycan reallığı - Araşdırma

[center]"Azərlotereya"nın[/center]Dövlət lotereyaları dünyanın bir çox ölkəsində sadəcə şans oyunu deyil. Onlar büdcəyə əlavə gəlir gətirən, sosial layihələri maliyyələşdirən və ictimai proqramları dəstəkləyən mühüm maliyyə mexanizmi kimi fəaliyyət göstərir. Təhsil, səhiyyə, idman infrastrukturu, mədəni irs layihələri və yerli icma təşəbbüsləri bir çox ölkədə məhz lotereya gəlirləri hesabına maliyyələşdirilir.

Lakin bu mexanizmin effektivliyi yalnız gəlirin həcmi ilə ölçülmür. Əsas məsələ şəffaflıq, hesabatlılıq və vəsaitlərin açıq şəkildə bölüşdürülməsidir. Dünya təcrübəsi göstərir ki, dövlət nəzarətində olan lotereya şirkətləri sistemi yalnız o halda ictimai etimad qazana bilir ki, onun maliyyə mexanizmi aydın və ictimaiyyət üçün əlçatan olsun.

Dünya təcrübəsi: açıq hesabat və sosial yönümlülük

Məsələn, Böyük Britaniyada fəaliyyət göstərən The National Lottery dövlət tərəfindən lisenziyalaşdırılır və onun fəaliyyəti UK Gambling Commission tərəfindən nəzarətdə saxlanılır. Burada gəlirin bölgüsü qanunla müəyyən edilir və hər il ictimai hesabat dərc olunur.

Model təxminən belədir - gəlirin yarıdan çoxu uduşlara ayrılır, təxminən dörddə biri isə sosial layihələrə yönəldilir. Həmin vəsait hesabına məktəblər, idman obyektləri, mədəniyyət mərkəzləri, yerli icma layihələri maliyyələşdirilir. Ən vacibi isə budur ki, ayrılan vəsaitlərin məbləği və istiqaməti açıq şəkildə göstərilir.

Son aylar ciddi siyasi və iqtisadi əlaqələr qurdğumuz ABŞ-da isə sistem ştatlar üzrə fəaliyyət göstərir.

Məsələn, North Carolina Education Lottery gəlirlərinin əhəmiyyətli hissəsini təhsil sektoruna yönəldir. Məktəb tikintisi, tələbə təqaüdləri və müəllimlərin maliyyələşdirilməsi bu vəsait hesabına həyata keçirilir. Hər il maliyyə hesabatları ictimaiyyətə təqdim olunur və konkret rəqəmlər açıqlanır.

Yeni Zelandiyada isə New Zealand Lottery Grants Board vasitəsilə lotereya gəlirləri birbaşa icma və sosial rifah layihələrinə yönəldilir. Ayrılan qrantların siyahısı və məbləğlər açıq şəkildə dərc olunur.

Bu ölkələrin təcrübəsi göstərir ki, uğurlu modelin əsas şərtləri bunlardır - qanunla müəyyən edilmiş faiz bölgüsü, illik açıq maliyyə hesabatı, müstəqil audit, sosial istiqamətlərin konkret göstərilməsi və uğur, cəmiyyət üçün əlavə gəlir və şans...

Azərbaycan modeli: məlumat çatışmazlığı

Azərbaycanda rəsmi lotereya operatoru "Azərlotereya" ASCdir. Şirkət dövlət nəzarətində fəaliyyət göstərir və bazarda müxtəlif oyun məhsulları təqdim edir.

Lakin ictimai müstəvidə bir sıra suallar illərdir açıq qalır

İllik ümumi dövriyyə nə qədərdir?Uduş fonduna neçə faiz ayrılır?Dövlət büdcəsinə konkret nə qədər vəsait köçürülür?Sosial layihələrə ayrılan məbləğ ümumi gəlirin neçə faizini təşkil edir?

Mövcud məlumatlar əsasən sponsorluq və sosial məsuliyyət tədbirləri barədə ümumi açıqlamalardan ibarətdir. Lakin sistemli maliyyə bölgüsü, faiz nisbətləri və illik strukturlaşdırılmış hesabat ictimaiyyət üçün açıq formada təqdim edilmir.

Dövlət lotereyası mahiyyət etibarilə ictimai vəsaitin toplanması mexanizmidir. Vətəndaş bileti alarkən yalnız uduş şansı əldə etmir, eyni zamanda sistemə maliyyə dəstəyi göstərir. Bu halda cəmiyyətin əsas gözləntisi həmin vəsaitlərin sosial məqsədlərə xidmət etməsidir. Aydın oldumu söhbət nədən gedir? Yəni hansısa bir vətəndaş lotoreya aldıqda və şansı gətirmədikdə anlamalıdır ki, bu xərclədiyi pul ya ona, ya övladına bu və ya diğər formada xeyir gətirəcək. Yəni onun pulu kiminsə cibinə deyil, dövlətin büdcəsinə və gələcəkdə ona xərclənmək üçün getdi. Əcəba, vətəndaş bunu düşünürmü və ya daha dəqiq desək, vətəndaş bu pulun xeyrini görürmü? Xeyir, birmənalı olaraq, Azərbaycanda vətəndaşlar "Azərlotoreya"nın yaınız onun cibinə girdiyini hiss edir.

Azərlotereya” keçən il lotereya satışından $327.6 mln. gəlir əldə edib[center][/center]Əgər gəlirlərin bölgüsü, sosial payın faizi və dövlət büdcəsinə real töhfə barədə açıq statistika təqdim olunmursa, bu, artıq talama əlamətləridir.

Şəffaf mexanizm tətbiq olunsaydı insanlar təhsil fondlarına stabil maliyyə axınını, regional infrastruktur layihələrini maliyyələşdirilməsini, sosial müdafiə proqramlarının genişləndirilməsini görməli idi. İndiki halda "Azərlotoreya"nın fəaliyyəti yalnız qazanmaq və qazandıqlarlarının hara xərcləndiyi bəlli olmayan bir mezanizmin şahidi oluruq.

Dünya təcrübəsi göstərir ki, dövlət lotereyaları düzgün və şəffaf idarə olunduqda sosial inkişaf alətinə çevrilir. Böyük Britaniya, ABŞ və Yeni Zelandiya modelləri bunun praktiki nümunəsidir.

Azərbaycan modelində isə əsas müzakirə mövzusu lotereyanın mövcudluğu deyil, gəlirlərin bölüşdürülməsi və ictimai hesabatlılıq məsələsidir. Açıq illik maliyyə hesabatları yoxdur, faiz bölgüsünün dəqiq göstərilməsi yoxdur, sosial layihələrin konkret siyahısının təqdim edilməsi yoxdur...

Bizimesr.az

Seçilən
5
1
yenisoz.az

2Mənbələr